Sultan ayda necə davranmalı?

12 Aprel 2021 16:29 (UTC+04:00)

“Çox da ki, çəməni çiçək-çiçəkdir,
Dərib qoxlamaram, gül orucuyam.
Elə odlandırıb, közüm qalmayıb –
Bir ocaq yerində kül orucuyam”... (Ehtiram İlham)

11 ayın sultanı gəlir. İkili hisslər keçirirəm. Ötənilki sultan ayda bir sıra diləklərimizin başında Şuşa, Qarabağ diləklərimiz, alxışlarımız, bir də, azardan-bezardan uzaq günlər dururdu. Bu xəlqi, insani arzulardan gerçəkləşəni də oldu, qismən gerçəkləşəni də, inşallah gerçəkləşəcəyinə inamımız sabit olanlar da... Bir sonrakı sultan ayın daha yeni diləklərə qanadlandıracağına şübhəm yoxdu. Xalqımız şahlanış içindədir.

Bu ilki Ramazana qlobal pandemiya bitmədən giririk. Hər ziyanda bir xeyir, hər xeyirdə iki xeyir var. O iş ki bizdən asılı deyil, nə mümkündür onu edirik; imkanlar qısıtlı olan yerdə də alxış, dua imkanları genişdi. Mən bu sətirləri yazarkən bacım, mənəvi əmim, yaxın dostum modul tipli xəstəxanalrda “COVİD19”dan intensiv müalicə almaqdadır. Keçən günlərdə taclı virusdan çoxsayda tanış, qohum itirdik. Bir nəfərin itkisi belə çoxdur, o da ola qulağın səksəkədə ola: hansı modul tiplidən, klinikadan, kimdən nə xəbər gələcək? deyə...   

Beləliklə, özümüz özümüzə kömək olmalıyıq, özümüz həkimlərimizə kömək olmalıyıq, özümüz xalqımıza, dövlətimizə kömək olmalıyıq. – Bu, elə bəşəriyyətə kömək olmaqdır. Allah ağzımı əyməsin, “Allaha kömək vaxtıdır” (V.Səmədoğlu)..!

***

İnsanı düşünmək insanlığı düşünməklə çiçəkləyir. Qlobal pandemiyanın tüğyan etdiyi bir ortamda qarşıladığımız sultan ayda daha çox insanı qorumaq məqsədi ilə daha uhulət-suhulətli qərarlar, davranış və rəftar gərəkdir. İsa Peyğməbərin məşhur sözünü bu situasiyaya şamil edərək, ufacıq dəyişdirsək: Allahınkını Allaha, insanınkını İnsana! İnsana sağlamlıq gərəkdir! İbadət ruhun sağlamlığıdır, virusdan qorunmaq bədənin! Ruh sağlamlığı ilə bədən sağlamlığının bir-birini tamamlaması nə gözəldir!

Xatırlayıram, ötən ilki Ramazan ayı dövründə rəsmi qapanma tətbiq edildi, bu da, (rəsmi məlumatlarla duyuruldu ki) yoluxmaların sayını önəmli dərəcədə azaltdı. Rəsmi qapanma olacaq-olmayacaq – bunu bilmirəm, bildiyim o ki özümüz özümüzə insan, insanlıq adına məhdudlaşdırma qoymağı bacarsaq, Ramazan ayının dəyərlərinə töhfə olar, savab olar, iradə nümayişi olar.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən bilgiyə görə:  

Azərbaycan Respublikasında sutka ərzində koronavirus infeksiyasına 2414 nəfər yoluxub, 1695 nəfər müalicə olunaraq sağalıb, “COVİD-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.

Nə etməliyik? – Kütləvi tədbirlərdən qaçınmalıyıq; vaksin olunmanı təşviq etməliyik; maska taxmalı, məsafəni gözləməli, şəxsi gigiyenaya fikir verməliyik!

Çətindirmi? Deyil. Çətin olsaydı da Ramazan kəraməti ilə bacarmalıyıq...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI