Torpaqlarımızda erməni vəhşilikləri barədə dünyada vahid türk-islam platforması yaranır - diplomatiyamızın yeni uğur çərçivəsi...

12 Aprel 2021 18:50 (UTC+04:00)

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi saysız müharibə cinayətinin beynəlxalq aləmdə tanıdılması və ifşa edilməsi istiqamətində fəaliyyətimiz daha aktiv fazaya keçib.

Bildiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) bu yöndə Azərbaycana yaxından dəstək göstərirlər. Bir neçə gün əvvəl İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri işğaldan azad edilmiş ərazilərimizə səfər ediblər. İƏT nümayəndələrinin ardınca isə Türk Şurasının təmsilçiləri işğaldan azad edilmis Ağdama səfər ediblər. Türk Şurası təmsilçiləri, eyni zamanda, Gəncədə də olublar və ermənilərin bu şəhərdə törətdikləri dağıntıların şahidi olublar.

Ümumiyyətlə, bu faktın özü göstərir ki, islam və türk həmrəyliyi beynəlxalq aləmdə Ermənistanın müharibə cinayətini ifşa etmək üçün eyni platformada birləşərək vahid gücə çevrilə bilər, bilmək əzmindədirlər.

“Türk Dünyası İnfo” İctimai Birliyinin rəhbəri, Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlı “Bakı-Xəbər”ə bildirdi ki, bu gün türk və islam birliyi dünyaya vahid bir platformada çıxmağı bacarır. “Dünyada türk həmrəyliyi fikirdə, düşüncədə həmişə olub və biz bunun birlik ideyasının möhkəmlənməsinə, reallaşmasına təsirlərini hiss etmişik. Səbəblərdən əsası da budur ki, türk dövlət və topluluqları həmişə siyasiləşdirilən tarixi məsələlərdə müəyyən dərəcədə ədalətsizlik görüblər. Türkiyəyə qarşı “erməni soyqırımı”, Şimali Kipr, Dağlıq Qarabağ  və digər məsələlər buna misal ola bilər. Bu gün türk xalqlarının birlik ideyası artıq vacib ideoloji faktora, məqsədə çevrilib.

Azərbaycanın öz torpaqlarını erməni işğalından qısa müddətdə azad etməsində Türkiyənin böyük mənəvi dəstəyi həm də bütün Türk dünyasında ortaq türk mövqeyinin sərgilənməsinə təkan verdi. İslam Əməkdaşlıq Təşkilatının, sonra isə Türk Şurasının və TÜRKSOY-un Ermənistan tərəfindən tamamilə dağıdılmış Ağdama, eləcə də müharibə zamanı düşmənin raket hücumlarına məruz qalmış Gəncə şəhərinə səfərləri Azərbaycanın haqlı davasının müdafiəsi baxımından mühüm addımlardır.  Ermənipərəst qüvvələrin, eləcə də Ermənistanın işğalçılıq fəaliyyətindən fayda güdən bəzi dövlətlərin Qarabağ məsələsində ikili standartlarına qarşı hazırda Türk dünyasının gerçək bir demokratizm, ədalətli yanaşma göstərməsi artıq dünyada türk birliyi adlı yeni nüfuz dairəsinin müəyyənləşməsidir. Bu baxımdan, Türk Şurasının ictimai-siyasi arenada böyük aktivlik nümayiş etdirməsi beynəlxalq aləmdə türk dövlətlərinin üzləşdikləri haqsızlıqların, eyni zamanda, Ermənistanın ölkəmizdə törətdiyi dağıntı və vandalizmin qiymətləndirilməsində mühüm faktor olması göz önündədir”.

D.Osmanlının sözlərinə görə, müharibə zamanı Azərbaycanın qələbəsini istəməyən, ictimai rəydə çaşqınlıq yaratmaq istəyən qüvvələr, təşkilat və ölkələr bəlli oldu. “Onlar müharibə bitdikdən sonra da bölgəyə gəlib erməni vəhşiliyini görmək istəmədilər. Bu münasibət təkcə Azərbaycana deyil, bütün Türk dünyasına qarşı üzdə olan münasibətdir. Belə məqamda, yəni xoş olmayan münasibətlər müqabilində türk birliyi bir zərurət olaraq öz sözünü deməli idi. Artıq türk birliyi dünyada tanınan və öz hüquqlarını bütün vasitələrlə qorumağı bacaran bir gücə, nüfuza çevrilmək prosesindədir.

Düşünürəm ki, Azərbaycana səfər edib, əyani şəkildə gördüklərini dünyaya çatdıran Türk Şurası kimi beynəlxalq təşkilatların fəaliyyəti digərlərinə də örnək olacaq.

İşğaldan azad olunmuş bölgələrimizə bu cür səfərlərin daha da intensivləşməsi erməni təcavüzünün fəsadları barədə əsl həqiqətlərin beynəlxalq müstəvidə, dünya mediasında təqdimatı baxımından kifayət qədər əhəmiyyətlidir. Əlbəttə, bu sahədə qazanılan hər bir uğur müharibədən sonrakı qələbəmizə töhfədir” - deyə D.Osmanlı qeyd etdi.

İradə SARIYEVA