“Azərsun”un ərzaq məhsullarında qiymət artımı "iri addımlarla irəliləyir" - zeytun, günəbaxan, qarğıdalı yağı ilə şirkət bu ölkəni hara aparır...

12 Aprel 2021 18:37 (UTC+04:00)

Son zamanlar ərzaq məhsullarının satış qiymətində artım müşahidə edilir. Xüsusən də “Azərsun” məhsullarında satış qiymətinin artması ticarətçilərin narazılığına səbəb olur. Qiymət artımı istehlakçılarla yanaşı, satışla məşğul olan ticarətçilərin narazılığına səbəb olur. Əsasən də pərakəndə satışla məşğul olan ticarətçilər qiymət artımından narazılıq edirlər.

O da bəllidir ki, son günlər bitki yağlarının satış qiymətində də artım yaşanır.

Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Qubad İbadoğlu bildirdi ki, əsas ərzaq məhsullarının qiymətləri sürətlə bahalaşır: “Bu vəziyyətdən tək yaşam şərtləri pisləşən istehlakçılar deyil, həmçinin, pərakəndə satışla məşğul olan ticarətçilərdir. Birincilər ailə xərclərinin artımından, ikincilər də əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə görə satışlarının azalmasından narazılıq edirlər. Qiymət artımı daha çox “Azərsun” məhsullarında müşahidə edilir. “Azərsun” bitki yağlarının qiymətinin qalxmasının müəyyən səbəbləri var. Belə ki, əvvəlki qiyməti 3,20 manat olan 1 litr "Evim" günəbaxan yağı hazırda 3,58 manata, 3,16 manat olan 1 litr "Final" günəbaxan yağı hazırda 3,51 manata, 4,02 manat olan 1 litr "Möcüzə" günəbaxan yağı 4,47 manata qalxıb. Hər 3 məhsulda son bahalaşma səviyyəsi 11 faizdir. Bu, "Azərsun"un qiymətləridir. Ümumiyyətlə, bu proses əksər qida məhsulunda yaşanır”.

İqtisadçı-ekspert Kamran Məmmədli qeyd etdi ki, baş verən qiymət artımları əhalinin aztəminatlı təbəqəsinin dolanışığına mənfi təsir göstərir: “Qiymət artımı bir sıra məhsullarda özünü göstərir. Eyni zamanda, “Azərsun” məhsullarında da müşahidə edilir. Yaxşı olar ki, yerli istehsal məhsullarında qiymət artımı yaşanmasın. Qiymət artımı idxal olunan məhsullarda olarsa, bunu başa düşmək olar. Ancaq yerli istehsalda qiymət artımı düzgün deyil”.

Günel CƏLİLOVA