“Baku Bus” sürücülərə 500 manatlıq kostyum geyindirməkdə davam edəcəksə... Qurumun səmərəliliyinə dair yeni təklif...

12 Aprel 2021 18:14 (UTC+04:00)

Bir çox media ekspertləri “Baku Bus” MMC-nin fəaliyyətindən narazılıq edir. Bu istiqamətdə aparılan müzakirələrdə gəlinən qənaət budur ki, problemin aradan qaldırılması üçün idarəetməyə yanaşma dəyişməlidir.

Hesab edilir ki, “Baku Bus” MMC-nin özəlləşdirilməsi daha səmərəli addım olar. Qeyd edək ki, “Baku Bus” MMC əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin, daha sonra Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilmişdi. İndi isə İnvestisiya Holdinqinə verilib. Təbiidir ki, bu qərarların arxasında səmərəli idarəetmənin olmaması dayanır. Bununla bağlı faktlar da var. Məsələn, avtobus sürücüsünə 500 manatdan baha kostyum alınır. Bu qurum belə idarə olunacaqsa, dövlətə ağır yük olacaq. Buna görə də sahibkarlara imkan yaratmaq lazımdır. Ekspertlər təklif edir ki,  “Bakı Bus” üçün ayrılan pullar güzəştli kredit olaraq sahibkarlara verilsin.

 Belə məlumatlar var ki, bu qurum heç cari xərclərini, yəni sürücülərin maaşını, avtobusların təmirini, yanacağını ödəyə bilmir və dövlətdən dotasiya alır. Baxmayaraq ki, bu avtobusları elə dövlətin özü alıb. Həmin pulları faizsiz kredit olaraq sahibkarlara təklif etsələr, çox güman, onlar bu işi daha yaxşı görər. Bu barədə nəqliyyat ekspertləri nə düşünür?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu sahə spesifik yanaşma tələb edir: “ Dediyiniz MMC dövlət tərəfindən yaradılıb. Doğrudan da bir neçə qurumun tabeliyində olub. Bakı Meriyasından başlayaraq, İnvestisiya Holdinqinə kimi yol gəlib. Bu sahə doğrudan da gəlirli sahədir. Düzgün strategiya seçməklə, bunu dövlət üçün faydalı sahəyə çevirə bilərik. MMC niyə rentabelli işləmir? Bu barədə daha geniş müzakirələr apara bilərik. Sadəcə, mən rəqəmlərlə ətraflı tanış deyiləm. Hazırda çoxlu sayda daşıyıcı şirkətlər var. “Baku Bus” bir nümunə ortaya qoyub. Bu MMC-nin aldığı avtobuslar çox bahalıdır. Bundan əlavə, ikinövbəli iş rejimi tətbiq edir. Ancaq biz görürük ki, sahibkar avtobusu verir bir nəfərə və ondan günün sonunda yalnız planı tələb edir. Bunun də nəticəsi o olur ki, sürücü dincəlmək üçün  sükanı hətta narkotik alüdəçisinə belə etibar edir”.

Ekspert inanmaq istəyir ki, İnvestisiya Holdinqi  “Baku Bus”u rentabelli bir yola çıxaracaq: “Bunun üçün düzgün idarəetmə strategiyası müəyyənləşməlidir. Sahibkar, elə avtobus var ki, 20 ildir istismar etmir. “Baku Bus”ın bir avtobusunu satsan 10 elə maşın almaq olar. Xidmətin keyfiyyəti baxımından  “Baku Bus” bir nümunədir. Ancaq bu kifayət etmir. Gərək büdcəyə gəlir də verəsən. Sahibkar bu sahədən gəlir götürürsə, dövlət niyə götürməsin?”

Məhəmmədəli QƏRİBLİ