DİN Neftçalada 16 yaşlı əqli zəif qızla bağlı yayılan ittihamlara cavab verdi

12 Aprel 2021 17:03 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-in sorğusuna cavabında bildirib ki, bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib: "Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülüməsi təmin ediləcəkdir. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra halkimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir.

Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu müzakirə olunmayan gerçəklikdir".

Xatırladaq ki, sosial şəbəkədə Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı məlumatlar yayılıb. Məlumata görə, həmin qız 30-a yaxın kənd sakini tərəfindən cinsi istismara məruz qalıb. Məlumatda o da qeyd edilib ki, guya həmin qızın yaşadığı evə polis tərəfindən kameralar quraşdırılıb.