Ermənilərdən mina xəritələrini alandan sonra başqa problem çıxacaq - erməni xəritələrinə inanaqmı...

12 Aprel 2021 17:10 (UTC+04:00)

44 günlük müharibənin başa çatmasından aylar keçməsinə baxmayaraq, Ermənistan müharibə qanunları pozmaqda davam edərək, hələ də Azərbaycanın minalanmış ərazilərinin xəritəsini vermək istəmir. Ermənistanın bu xəritəni Azərbaycana verməsi üçün beynəlxalq aləmdən bu ölkəyə qarşı təzyiqlər göstərilməkdədir və Ermənistan təzyiqlərə davam gətirməyib, gec-tez, bu xəritəni ölkəmizə verəcək.

Ermənistan bu xəritələri Azərbaycana verəndən sonra nə dərəcədə inanmaq olar ki, onlar doğrudan da minalanmış ərazilərimizi tam olaraq əhatə edən xəritədir, bütün minaların dislokasiyası o xəritədə var? Ermənistanın bizə təqdim edə biləcəyi xəritəyə nə dərəcədə etimad göstərmək olar? Dünya birliyinin Ermənistandan daha etibarlı, daha dəqiq xəritə alması üçün nə etmək lazımdır?

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritəsini verməməsi məsələsi artıq beynəlxalq müstəviyə çıxıb. “Azərbaycan tərəfindən bu məsələ həm Xarici İşlər Nazirliyi səviyyəsində, həm də ictimai təşkilatların, medianın xətti ilə davamlı şəkildə beynəlxalq təşkilatların qarşısında qaldırıldı və bu, beynəlxalq müstəviyə çıxarıldı. Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməklə bir daha özünü ifşa etdi ki, bu ölkədə bir dənə də olsun normal dövlət qurumu yoxdur, hökumətin səviyyəsi nədir. Ermənistan beynəlxalq aləmə sübut etdi ki, o, müharibənin heç bir qaydasına əməl etmədi. Bu ölkədə ordu yoxdur və paşıpozuq silahlı dəstələr var, nizam-intizam onlara yaddır və orduya rəhbərlik sıfırdır. Nizam-intizam olsaydı, minalanmış ərazilərin xəritələri dəqiq çəkilməli və həmin xəritələr də Azərbaycana təqdim olunmalı idi. Müharibənin qaydası budur. Dünyada qəbul olunmuş normativlərə görə, o xəritələr Azərbaycana verilməli idi ki, Azərbaycan öz ərazilərini minalardan təmizləsin. Ona görə də biz bu məsələdə davamlı şəkildə təkid etməliyik ki, beynəlxalq təşkilatlar Ermənistandan daha dəqiq xəritə tələb etsinlər. Doğru qeyd edirsiniz, Ermənistan beynəlxalq təşkilatların təzyiqi altında bizə hansısa xəritələri verəcək, amma, böyük ehtimalla, Ermənistanın bizə verəcəyi xəritələr çox nizamsız şəkildədir. Yəni onlar ya bizə xəritəni tam verməyəcəklər, ya da verdikləri xəritələrdə kifayət qədər qeyri-dəqiqlik olacaq. Bizim yanaşmamız belə olmalıdır ki, biz Ermənistanın bizə verəcəyi xəritələrə inanmamalıyıq və onun beynəlxalq ekspertlər tərəfindən yoxlanılmasını tələb etməliyik. Ümumiyyətlə, indi minaların təmizlənməsi ilə bağlı müxtəlif cihazlar, texniki vasitələr var”.

A.Nağı hesab edir ki, onsuz da Ermənistan bu xəritələri bizə verəcək, amma Azərbaycan tərəf xəritələrin yoxlanılmasında beynəlxalq təcrübədən yaxından istifadə etməli, minalı sahələrin müəyyən edilməsi prosesinə xarici mütəxəssislər də dəvət edilməlidir. “Bu gün PUA-lardan hər yerdə geniş istifadə olunur, o cümlədən də güman edirəm ki, PUA-larda da müəyyən qurğuları quraşdırıb minalanmış sahələrin müəyyənləşdirilməsində istifadə etmək olar. Amma minalanmış ərazilərin xəritələrini beynəlxalq təzyiq altında Ermənistan bizə verərkən biz o xəritələrin dəqiqliyinə inanmamalıyıq və onların verəcəyi xəritələr dəqiqliklə yoxlanılmalıdır. Eyni zamanda, o xəritələrlə yanaşı, Ermənistanın cinayətlərinin nümayiş etdirilməsi, təqdim olunması davam etdirilməlidir. Ermənilər bizə xəritələri verəndən sonra iddia edəcəklər ki, bütün ərazilərin xəritəsini veriblər. Amma ehtimal ki, bununla da minalanmış sahələrin cüzi bir hissəsini əhatə etdiyi  məlum olacaq. Biz beynəlxalq təşkilatların diqqətini daha çox Ermənistanın ərazilərimizi qaydalara uyğun olmayaraq, nizamsız şəkildə minaladığına və onların təqdim edəcəyi xəritənin qeyri-dəqiq ola biləcəyinə cəlb etməliyik. Onlar xəritələri verdikdən sonra beynəlxalq təşkilatlara göstərmək lazım gələcək ki, bu onların verdikləri xəritələr, amma xəritələrdə göstərilməyən nə qədər yerdə, yaşayış, təsərrüfat üçün nəzərdə tutulan ərazilərdə minaları basdırıblar. Yəni biz bundan da Ermənistanın hərbi cinayətlərinin göstəricisi kimi istifadə etməliyik.

Hesab edirəm ki, Azərbaycan tərəf bütün addımları atacaq və xəritələr verildikdən sonra Ermənistanın cinayətləri, minaların qaydasız şəkildə, dinc əhali arasında tələfatların törədilməsi məqsədilə  basdırılması ilə bağlı faktlar beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara yenidən təqdim edilməlidir” - deyə A.Nağı vurğuladı.

İradə SARIYEVA