Balakəndə narkotik istixanası aşkarlandı - FOTO

12 Aprel 2021 12:53 (UTC+04:00)

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş rayonun Qullar kənd sakini Ələsgər Alqayev saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı istixanada əkilib-becərilməsi qadağan edilən 44 ədəd çətənə bitkisinin şitilləri və həmin narkotik vasitənin toxumları aşkar edilərək götürülüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.