Ermənistan getdikcə Azərbaycandan daha çox asılı vəziyyətə düşür...

12 Aprel 2021 13:28 (UTC+04:00)

Bu gün Cənubi Qafqazda davamlı sülhün mövcudluğu, nəinki region ölkələri, ümumiyyətlə bütün dünya üçün müstəsna əhəmiyyət kəsb edir. Elə bu fonda Azərbaycan xarici siyasətində prioritet məsələlərdən biri regionda bütün ölkələrin maraqlarına cavab verən əməkdaşlıq platformasının yaranması, ölkələr arasında müxtəlif sferaları əhatə edən əlaqələrin genişlənməsidir. Ölkəmizin tarixi zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün yeni şərait formalaşıb. Bu kontekstdə Azərbaycan yeni əməkdaşlıq üçün “3+3” formatını irəli sürüb. Xatırladaq ki, Prezident İlham Əliyevin təklif etdiyi “3+3” formatı dövlətlər arasında daha sıx inteqrasiyanı və genişmiqyaslı əlaqələri özündə ehtiva edir. Bu platforma regionda davamlı sülhə nail olmaq üçün müsbət zəmin formalaşdıracaq yeni mühüm formatdır.

Ermənistanın xilası tarixdə heç olmadığı qədər Azərbaycan-Türkiyə tandemindən asılıdır

Azərbaycanın təklif etdiyi formatın reallığa çevrilməsi bu gün bütün iştirakçı ölkələr üçün müstəsna əhəmiyyətə malikdir. Sözügedən əməkdaşlıq platformasının formalaşmasında hələlik Ermənistan maneəyaradacı faktor qismində çıxış edir. Ermənistan Azərbaycan və Türkiyə amilini qabardaraq, qeyd edilən formatda əməkdaşlığı indilikdə mümkünsüz hesab edir. Halbuki, Cənubi Qafqazda yeni geosiyasi, geoiqtisadi reallıqların əsas mərkəzi qüvvəsi məhz Azərbaycan-Türkiyə tandemidir. Bu iki ölkə ilə normal münasibətlərə malik olmadan Ermənistanın hansısa inkişafından danışmaq mümkün deyil. 1990-cı illərin əvvəllərindən indiyə qədər olan dövr də bunu əyani surətdə təsdiq edir. Hazırda mövcud vəziyyət və baş verən bir sıra mühüm hadisələr də Ermənistanın Azərbaycanla normal münasibətlər amilindən nə qədər asılı olduğunu sübut edir. “Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində planlı təmir işləri ilə bağlı olaraq Ermənistana Azərbaycan üzərindən müvəqqəti “mavi yanacaq” ötürülməsi də bunun daha bir real təzahürüdür. Xatırladaq ki, SOCAR və “Qazprom Export” şirkətinin Rusiya qazının nəqli üzrə qısamüddətli müqaviləsinə əsasən Azərbaycan ərazisindən Gürcüstana tranzit nəql edilən və buradan Ermənistana ötürülən Rusiya təbii qazının ümumi həcmi 150 milyon kubmetr təşkil edir. Azərbaycan bu qazın nəqlinə razılıq verməklə regional əməkdaşlıqda və qalıcı sülhün mövcudluğunda maraqlı tərəf olduğunu bir daha əməli olaraq nümayiş etidirir. Eyni zamanda, bu hal fors-major durumlarda Azərbaycanın Ermənistan üçün nə dərəcədə mühüm ölkə olduğunu da aydın şəkildə göstərir.

Digər tərəfdən bəllidir ki, bu gün Ermənistan özünün Rusiya-Gürcüstan sərhədində yerləşən “Yuxarı Lars” keçid məntəqəsinə alternativ axtarır. Təbii şərtlərdən asılı olan bu keçid məntəqəsi vasitəsilə Rusiyadan Ermənistana yüklərin çatdırılmasında əksər hallarda ciddi problemlər yaşanır. Məntəqə fəaliyyətdə olduğu zaman da burada günlərlə davam edən tıxaclar qeydə alınır. Yüklərin “Yuxarı Lars” vasitəsilə fasiləsiz daşınması həyata keçirilmədiyindən, Ermənistan iqtisadiyyatı bundan ciddi zərər görür. “Yuxarı Lars”a alternativ, fəaliyyəti təbii şərtlərdən asılı olmayan yeni keçid məntəqələrini isə bu gün Ermənistana təqdim etmək iqtidarında olan yeganə dövlət Azərbaycandır. Rəsmi Bakı Azərbaycan ərazisindən keçməklə  Rusiyadan Ermənistana dəmir yolu xətti açılmasına imkan yaratmağa hazır olduğunu dəfələrlə bildirib. Bundan başqa, Azərbaycan Zəngəzur dəhlizinin işə düşməsindən sonra Ermənistanın da buradan keçəcək dəmir yolu vasitəsilə İrana çıxış əldə edə biləcəyini bəyan edib. Qeyd edək ki, Zəngəzur dəhlizinin işə düşməsi ilə Azərbaycanın əsas hissəsi və Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsi yaradılacaq. Bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq. Ermənistan bu fonda, İranla yanaşı, Türkiyəyə də dəmir yolu ilə çıxış imkanı qazanacaq. Ermənistan həmin dəmir yolları vasitəsilə fasiləsiz şəkildə yüklərin qəbulu və göndərilməsi imkanı əldə edəcək. Özü də dəmir yolları ilə yükdaşımaları daha ucuz başa gəlir və daha böyük həcmləri əhatə edir. Bu, müasir dövrdə iqtisadi inkişafın səmərəlilik əmsalını yüksəldən əsas faktorlardan biridir. Yalnız Azərbaycanla normal münasibətlər quracağı, ölkəmizin ərazi bütövlüyünü tanıyacağı, Türkiyəyə qarşı əsassız iddialara son qoyacağı təqdirdə Ermənistan sözügedən dəmir yolu xətlərindən, alternativ yük və sərnişindaşıma marşrutlarından istifadə edə, digər regional layihələrə qoşula bilər. Bu iki aparıcı ölkə ilə münasibətlərin mümkün qədər tez normallaşması bu gün Ermənistana hava-su kimi lazımdır. Çünki belə münasibətlər olmadan ötən il 7,5 faiz geriləmə yaşayan Ermənistan iqtisadiyyatı bu il də tənəzzüldən xilas ola bilməyəcək. Ermənistanın xilası və bir dövlət kimi gələcəyi tarixdə heç olmadığı qədər bu gün Azərbaycan-Türkiyə tandemi ilə normal münasibətlərdən bilavasitə asılıdır. Əks mövqe Ermənistanın birbaşa fəlakətlər girdabına sürüklənməsi deməkdir.

Kremldən İrəvana əməkdaşlıq xəbərdarlığı

Ermənistanın region ölkələri, xüsusən də Azərbaycan-Türkiyə tandemi ilə yüksək səviyyədə əlaqələr qurmasının vacibliyi regionda maraqlı və müəyyən təsir gücünə malik ölkələr tərəfindən də xüsusi qabardılır. Buna əyani misal kimi qonşu Rusiyanı göstərmək olar. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin yeni sədri Qriqori Karasin “Kommersant” qəzetinə müsahibəsində bildirir ki, Ermənistanın region ölkələri ilə normal münasibəti Moskvanın da maraq dairəsində xüsusi yer alır. Onun sözlərinə görə, bölgədə kontingenti rusiyalı hərbçilərlə komplektləşdirilmiş sülhməramlı əməliyyat həyata keçirilir: “Bu, artıq əhəmiyyətli nəticədir. İndi əsas məsələlər humanitar problemlərin həlli ilə bağlıdır – hərbi əsirlərin mübadiləsinin başa çatdırılması, meyitlərin qaytarılması, qaçqınların geri dönməsi və onların yaşayışı üçün lazımi şəraitin yaradılması”. Karasin qeyd edib ki, Dağlıq Qarabağ və onun ətrafındakı rayonların minalardan təmizlənməsi məsələsi kəskin problem olaraq qalır: “Əlbəttə ki, tərəflər arasında etimadın qurulmasına nə qədər tez nail olunacağından çox şey asılı olacaq. Konkret addımlar artıq atılıb. Rusiya prezidentinin təşəbbüsü ilə siyasi məsələlərin müzakirəsi və onların həlli yollarının axtarışı davam etdirilir. Baş nazirlərin müavinləri səviyyəsində iqtisadi, nəqliyyat və logistik problemlərin müzakirə olunduğu üçtərəfli komissiya fəal olaraq işləyir”.

Rus ekspert Stanislav Pritçin isə qeyd edir ki, əslində, Ermənistanın əməkdaşlıqdan başqa yolu da yoxdur: “Revanşist qüvvələrin bu əməkdaşlığa qarşı çıxması, hansısa yeni müharibəyə səbəb olmaları mümkünsüzdür. Ümumilikdə, geopolitik güclər, hərbi-strateji, diplomatik, beynəlxalq-hüquqi vəziyyət hərbi əməliyyatların bərpası risqini 99 faiz minimallaşdırır. Ermənistanın mövcud status-kvonu dəyişdirmək üçün resursları, imkanları yoxdur. Azərbaycanın qarşısında iqtisadi fəaliyyət, İrəvanla münasibətləri normallaşdırmaq dayanır. Hazırkı status-kvo Azərbaycanın maraqlarına uyğundur. Vəziyyət nisbətən stabildir. Nə erməni, nə də Azərbaycan analitikləri Qarabağ üzrə razılaşmadan çıxmaqla bağlı neqativ ssenarini nəzərdən keçirir. Qarabağla əlaqədar üçtərəfli bəyanatların əsas  müddəaları yerinə yetirilir, məsələlər tədricən həllini tapır. Optimal ssenari bütün məsələlərin tənzimlənməsi, iqtisadi fəallıq, erməni-Azərbaycan münasibətlərinin normallaşmasıdır. Bəli, bu, bu gün bir az fantastik görünür. Bu, çoxillik işdir, qarşıda bir çox məsələlərin həlli durur, sualtı daşlar və risqlər var”.

  Qarabağda dinc ermənilərin təhlükəsizlyinə Azərbaycan tam zəmanət verir

Yaranmış vəziyyətdə belə hesab edilir ki, regional əməkdaşlıq üçün indi İrəvan ötən il noyabrın 10-da Azərbaycan, Rusiya, Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanatın icrasını tezləşdirməlidir. Xüsusən də postmüharibə dövründə regionda nəqliyyat marşrutlarının nəzərdə tutulan qaydada fəaliyyətə başlaması üçün Zəngəzur dəhlizinin işə düşməsinə Ermənistan tərəfindən müvafiq şərait yaradılmalıdır. Xatırladaq ki, Nikol Paşinyanın son Rusiya səfəri fonunda Moskvanın barəsində bəhs edilən kommunikasiya xətlərinin mümkün qədər tez işə düşməsində xüsusi maraqlı tərəflərdən biri olması növbəti dəfə öz təsdiqini tapdı. Rusiya prezidenti Vladimir Putin bölgədə kommunikasiyalar üzərindən blokadanın götürülməsinin vacibliyini qeyd edərək, bunun Ermənistanın inkişafı üçün də mühüm əhəmiyyət daşıdığını bəyan etdi. Həm Dağlıq Qarabağda, həm də onun ətrafında vəziyyətin normallaşması üçün Moskva Bakının istədiyi kimi Ermənistanın silahlı qüvvələrinin Qarabağdan tam çıxarılmasını vacib sayır. Burada mövcud olan rus sülhməramlı qüvvələri isə ermənilərin təhlükəsizliyini tam təmin edir. Digər tərəfdən, Qarabağda dinc ermənilərin təhklükəsizlyinə Azərbaycan özü də zəmanət verir.  

Bundan başqa xatırladaq ki, tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. Bu fonda iqtisadi və nəqliyyat əlaqələrinin tam bərpa olunacağı gözlənilir. Azərbaycan artıq bu istiqamətlərdə müvafiq addımlar atır. İndi növbə Ermənistanındır. Bunun əksinə atılan addımlar Ermənistanın bir dövlət olaraq məhvini qaçılmaz edir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.