Sülhməramlı general Rüstəm Muradov Ermənistana qarşı…

10 Aprel 2021 17:18 (UTC+04:00)

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general Rüstəm Muradov Ermənistan hakimiyyətini “yalançı və təxribatçı” adlandırıb. General “əsirlərin dəyişdirilməsi” barədə guya əldə edilmiş razılaşmanın pozulması barədə Ermənistan rəsmilərinin açıqlamalarına cavab olaraq belə deyib.

Xatırladaq ki, Ermənistan hökumətinin nümayəndələri, o cümlədən, baş nazirin müavini Tiqran Avinyan İrəvanla Bakı arasında Rusiyanın vasitəçiliyi ilə “əsirlərin qaytarılması” haqda razılaşmanın əldə olunduğunu bildiriblər. Nəticədə həmin erməni silahlılarının yaxınları Bakıdan İrəvana uçan təyyarəni gözləməyə başlayıblar. Təyyarə “Erebuni” hava limanına enib, ancaq məlum olub ki, orada təkcə general Rüstəm Muradov var.  Beləliklə, Ermənistan rəsmiləri “əsirlərin qaytarılması” haqda razılaşmanın Azərbaycan tərəfdən pozulduğunu iddia etməyə başlayıblar.

Erməni jurnalistin “nəyə görə dünən Ermənistanın vəzifəli şəxsləri əsirlərin qaytarılacağı haqda bəyanatlar verirdilər” sualına R.Muradov belə cavab verib: “Bu, yalan və təxribatdır. Səbəbini onlardan soruşun. Onlar əhalini çaşdırırlar”. Əlavə edib ki, heç bir bu cür tədbir (əsirlərin qaytarılması) planlaşdırılmamışdı, onun İrəvana gəlişi “adi işgüzar səfərdir”.

Göründüyü kimi, R.Muradov Ermənistan rəhbərliyini yalan danışmaq və təxribat törətməkdə günahlandırıb. Onun bu mövqeyə gəlməsi nəyi deməyə əsas verir?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  R.Muradovun bu qiyməti çox obyektivdir: “Söhbət hansısa hərbi əsirdən getmir. Ermənilər təxribat törədərək, bunun adını belə qoyurlar. Hazırda Azərbaycanın əlində olanlar terrorçulardır. Onlar 10 noyabr razılaşmasından, hərbi əməliyyatlar dayanandan sonra silahlı müqavimət göstərməyə cəhd ediblər. İstər ermənilər, istərsə də digərləri, birmənalı şəkildə, bilməlidirlər ki, biz tərəfdə olan ermənilər hərbi əməliyyatlar bitdikdən sonra, yəni 10 noyabr bəyanatından sonra ələ keçiriliblər. Erməni tərəfi keçən ilin dekabr ayının ortalarında antiterror əməliyyatı çərçivəsində Çaylaqqalada həbs edilən 62 nəfər terrorçunu və cinayətkarı istəyir. İstər Rusiya, istərsə də digərləri bilirlər ki, onlar hərbi əsirlər deyillər və hədəfləri terror aktları törətmək olub. Bir sözlə, onlarla bağlı cinayət işləri qaldırılıb və istintaq gedir. Onların istər əfvi, istərsə də ekstradisiyası Azərbaycan qanunlarına uyğun şəkildə həll oluna bilər və danışıqlar predmeti deyil. Bu baxımdan da R.Muradovun Ermənistan hakimiyyətilə bağlı mövqeyini tam haqlı saymaq olar”.

Məhəmmədəli QƏRİBLİ