Prezident İlham Əliyev: "BMT dünyanın aparıcı qurumu kimi postmünaqişə dövründə də fəal olmalıdır"

9 Aprel 2021 11:58 (UTC+04:00)

BMT dünyanın aparıcı qurumu kimi postmünaqişə dövründə də fəal olmalıdır. Bunu Prezident İlham Əliyev aprelin 9-da BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "BMT qurumları ilə bizim ənənəvi sıx əlaqələrimiz olubdur və bu əlaqələr davam edir. Müharibədən sonrakı dövr ərzində təmaslar daha fəal olub və bu təmaslar davam etdiriləcək və əlbəttə ki, bundan sonra BMT dünyanın aparıcı qurumu kimi postmünaqişə dövründə də fəal olmalıdır. Mən dəfələrlə bildirmişdim ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bunu həll edib və 30 ilə yaxın kağız üzərində olan qətnamələri yerinə yetirib və artıq münaqişə tarixdə qalıbdır. İndi isə yeni dövr başlayıb - quruculuq dövrü, bərpa dövrü. Artıq buna da start verilmişdir və BMT-nin bütün qurumları ilə, o cümlədən biz artıq UNESCO ilə sıx təmasdayıq. UNESCO ilə gedən müzakirələr əsnasında missiyanın göndərilməsi nəzərdə tutulur. Əslində biz münaqişə dövründə dəfələrlə UNESCO-ya müraciət etmişdik ki, faktaraşdırıcı missiyanı işğal edilmiş bölgələrə göndərsin. Çünki bizdə olan məlumata görə, orada bizim tarixi, dini, mədəni abidələrimiz ermənilər tərəfindən dağıdılmışdır və biz istəyirdik ki, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə bilavasitə məşğul olan UNESCO gəlsin və bunu təsdiq etsin. Əfsuslar olsun münaqişə dövründə bu təklifimiz cavabsız qalmışdır, ancaq münaqişədən sonra indi missiyanın göndərilməsi gözlənilir. Biz bunu alqışlayırıq. Çünki azad edilmiş torpaqlarda erməni vəhşiliyi, vandallığı göz qabağındadır. Nə qədər çox beynəlxalq təşkilatlar bunu öz gözləri ilə görsələr, münaqişə ilə bağlı, Ermənistanın işğalı ilə bağlı dünya birliyində təsəvvür o qədər də daha geniş olar".