Fransa Vəkillər Kollegiyasının üzvlərindən Ermənistanın təcavüz siyasətinə zərbə...

7 Aprel 2021 18:44 (UTC+04:00)

44 günlük Vətən müharibəsi zamanı Fransa mətbuatında reallığı təhrif edən, böhtan xarakterli yazılar yer alsa da, erməni lobbisi istəyinə nail ola bilmədi. Belə ki, Fransadan ermənilərə gözlənilməz zərbə vurulub.

Bir qrup fransız vəkilin Azərbaycan reallıqları ilə bağlı Fransa hökumətinə ünvanladığı petisiya da məhz erməni lobbisinin bu istiqamətdə fəaliyyətinin iflasa uğradığını göstərir.

Fransa vəkillərinin bir qrupu petisiya imzalayaraq hökumətə müraciət edib. Müraciətdə Paris və Marsel şəhərlərinin vəkillər kollegiyalarının bir qrup üzvü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əvvəlki illərdə BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələri sadalayaraq, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha xatırladıblar. Fransanın özünün dəfələrlə səs verdiyi, beynəlxalq hüququn norma və prinsipləri əsasında tərtib edilmiş bu qətnamələrə riayət olunmasının vacibliyini diqqətə çatdırıblar. Fransız vəkillər hökuməti beynəlxalq hüquqa riayət etməyə çağıraraq, Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və inkişafın qorunub saxlanmasında məhz beynəlxalq hüquqa hörmət olunmasının vacibliyini bildiriblər. Bəzi fransız deputat, mer və siyasətçilərin Azərbaycana və xalqımıza qarşı qanunsuz, təcavüzkar və məsuliyyətsiz hücumlar etməklə Fransanın nüfuzuna və etibarlılığına, eləcə də Cənubi Qafqaz regionunda davamlı sülh və inkişafa xələl gətirdiklərini qeyd ediblər. Petisiyada dövlətlərin suverenliyi, ərazi bütövlüyü, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət edilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, Ermənistan və Azərbaycana qarşı balanslı münasibəti təmin etmək məqsədilə münaqişə zamanı zərər çəkmiş azərbaycanlı məcburi köçkünlərə və mülki qurbanlara da humanitar yardım göndərilməsi tələb olunub. Sənəd Paris və Marsel şəhərlərinin vəkillər kollegiyalarının 22 üzvü tərəfindən imzalanıb.

Fransa vəkillərinin məlum addımını ekspertlər necə dəyərləndirirlər?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, vəkillərin qərarı mütərəqqi addımdır: “Fransanın vəkilləri tərəfindən belə bir mütərəqqi addımın atılması göstərir ki, bu ölkədə obyektiv və beynəlxalq hüququ rəhbər tutan qurumlar da var. Hesab edirəm ki, məhz hüquqşünaslardan ibarət olan bir qurumun bəyanatı siyasi və hüquqi cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Məhz bu onu göstərir ki, Fransanın bəzi parlamentariləri və hökuməti hüququn yanında deyil. Onlar, faktiki olaraq, işğal və separatizmin yanında olublar. Belə bir qərarın davamlı olacağını və artıq Fransa hakimiyyətinin beynəlxalq hüquqa üstünlük verəcəyini gözləmək olar. Bir ölkənin hüquqşünasları bununla bağlı tövsiyə edirsə, onların bu yanaşması ölkənin indiyə qədər Qarabağla bağlı səhv siyasət apardığını göstərir. Bu qərar alqışlanmalı və bundan sonrakı proseslərdə analoji davamın olacağını gözləmək olar. Azərbaycan qalib və hüquqi cəhətdən haqlı tərəfdir. Fikrimcə, sözügedən yanaşmanın ortaya qoyulması Fransanın milli və xarici maraqlarına uyğundur. Fransa prezidenti Emmanuel Makron erməni lobbisinin təsirində olsa da, bu ölkədə sağlam düşünən mərkəzlər də var”.

Politoloq hesab edir ki, Fransada bu kimi müsbət addımlar erməni yalanlarının ifşa olunmasında müsbət rol oynaya bilər.

Vidadi ORDAHALLI