Minsk Qrupunun ləğvi aktuallaşır... Prezident Əliyevin TDƏŞ zirvəsində 28 illik fəaliyyətsizliyə konkret iradları…

7 Aprel 2021 14:21 (UTC+04:00)

Qarabağ münaqişəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdıqdan sonra ATƏT-in Minsk Qrupunun bundan sonra fəaliyyətinin hansi istiqamətdə olacağı indi xüsusi maraq doğurur. Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, artıq Minsk Qrupunun fəlaiyyətinə ehtiyac yoxdur, çünki münaqişə həllini tapıb. Ermənistan isə Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsində maraqlı olduğunu bu gün də ən yüksək səviyyədə təkrarlamaqda davam edir.

Minsk Qrupunun 28 illik fəaliyyəti sıfıra bərabər olub

 Qarabağ münaqişəsi ilə bağlı ötən zamanın təhlili bir daha sübut edir ki, Minsk Qrupunun fəaliyyəti bu konfliktin dinc müstəvidə çözümündə hansısa ciddi rol oynamayıb. Yeri gəlmişkən qeyd edək ki, elə Prezident İlham Əliyev də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal zirvə görüşündə çıxışında yenidən bu məsələyə toxunaraq, Minsk Qrupunun nəticəsiz fəaliyyətini sərt şəkildə tənqid etdi: “Münaqişənin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk Qrupu 28 il ərzində fəaliyyət göstərsə də, nəticə sıfıra bərabər olub. Halbuki, Minsk Qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı dövlətləridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi. Əfsuslar olsun ki, bu baş vermədi. Əksinə, məsələnin dondurulması istiqamətində addımlar atılmışdır”.

Həqiqətən də Minsk Qrupunun həmsədrləri Ermənistanın illərdir Azərbaycan torpaqlarını işğal altında saxlamasına görə məsuliyyət daşıyan tərəflər sırasında yer alır. Ən azı o baxımdan ki, fəaliyyətləri dövründə işğalçıya qarşı sərt tədbirlər görməyiblər, sanksiyalar tətbiq etməyiblər. Elə bu da işğal siyasətinin davam etməsinə rəvac verib. Bu mənada tamamilə təbiidir ki, Azərbaycan cəmiyyətində Minsk Qrupunun həmsədrlərinə qarşı daim inamsızlıq hökm sürüb. Çünki vasitəçilərin əsas işi ildə bir neçə dəfə bölgəyə səfərə gəlmək, iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etmək, sonda da hansısa şablon bəyanat verməkdən o tərəfə keçməyib. Təsadüfi deyil ki, Azərbaycanda əksəriyyət həmsədrlərin bu səfərlərinə turist gəzintisi kimi baxırdı. Bu qrupun Qarabağ münaiqşəsini həll edə bilməyəcəyi dəqiqləşdikdən sonra Azərbaycan konflikti güc yolu ilə çözdü. Deməli, bununla Minsk Qrupunun fəaliyyətinə də ehtiyac qalmayıb. Əslində, ötən ilin dekabrında Prezident İlham Əliyev Minsk Qrupunun həmsədrlərini qəbul edərkən bu xüsusda konkret mesajlar da verib: “Buraya gəlmək sizin ideyanız idi. Mən Minsk Qrupunu səfərə dəvət etməmişəm. Mənə məlumat verəndə ki, Minsk Qrupu gəlmək istəyir, dedim ki, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm”. Amma həmin vaxt həmsədrlər hansısa söz deyə bilmədi. Elə bu da qrupun fəaliyyətinə artıq ehtiyac olmadığını bir daha təsdiq etdi. Əslində, Minsk Qrupunun daimi yarıtmaz fəaliyyəti keçmiş amerikalı həmsədr Riçard Hoqland tərəfindən də açıq etiraf edilir.

Xatırladaq ki, Riçard Hoqland Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin saytında bu günlərdə dərc olunmuş məqaləsində Minsk Qrupunun faktiki heç bir işlə məşğul olmadığını etiraf edib.

Ermənistanın və Azərbaycanın Minsk Qrupuna yanaşması haçalanır

Yuxarıda qeyd olunduğu kimi, münaqişənin dinc yolla həlli üçün yaradılan ATƏT-in Minsk Qrupu heç bir iş görmədi. Nəticədə Azərbaycan 44 günlük Vətən müharibəsi ilə Ermənistanın yaratdığı təhdidləri, işğalı aradan qaldırdı. Riçard Hoqland da etiraf edir ki, Azərbaycan və Ermənistan arasında 2020-ci il müharibəsindən sonra ATƏT-in Dağlıq Qarabağ tənzimləməsində hər hansı rolu qalmır. O bildirir ki, ATƏT-in Minsk Qrupunun işinin davam etdirilməsi İrəvana Dağlıq Qarabağın yekun statusunun həlli üçün lazımdır. Amma Bakı bunun tamamilə əksini düşünür və bidlirir ki, Dağlıq Qarabağ onun tərkib hissəsidir və bu həmişə belə olacaq: “Minsk Qrupuna Azərbaycan və Ermənistandan başqa Belarus, Finlandiya, Almaniya, İtaliya, İsveç və Türkiyə daxil olsa da, “gündəlik üzbəüz işi” Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər aparır. Minsk Qrupunun həmsədri vəzifəsi karyera etmək yox, gözləmə vəzifəsidir. Yəni diplomatlar bu vəzifədə adətən daha yüksək vəzifəyə gedənədək vaxt keçirirlər. Müəyyən mənada həmsədrlərin işi diplomatın adi insanların təsəvvüründə olduğu kimi idi. Biz beşulduzlu otellərdə, ayrıca yemək otağı, içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk Qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam, çox-çox az iş başa çatdırılırdı”. Hoqland yazır ki, uzun illər ərzində ATƏT “Madrid prinsipləri”ni – Dağlıq Qarabağ münaqişəsinin yekun həlli və Dağlıq Qarabağ əhalisinə öz müqəddəratını təyinetmə hüququ verəcək yol xəritəsini formalaşdırmışdı: “Mənim həmsədr olduğum dövrdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin həlli üçün öz planını açıqlamışdı. Dərhal “Lavrov planı” adını qazanan bu təklif mövcud “Madrid prinsipləri”nə xeyli oxşar idi. Amma bizə xəbərdarlıq edilmişdi ki, bunu sadəcə olaraq “masa üstündəki plan” adlandıraq. “Lavrov planı” adlanan plan təqdim olunanda, mən hörmətli həmkarım, rusiyalı həmsədr Popovdan soruşdum ki, İrəvan və Bakı birdən bu planı qəbul etsə, Kreml onu doğrudan da həyata keçirəcəkmi? Bilirsinizmi onun səmini cavabı nə oldu? “Əlbəttə ki yox!” Hər şeydən artıq bu mənə bəlli etdi ki, Dağlıq Qarabağ təkcə Ermənistan və Azərbaycan arasında olan ikitərəfli problem deyil. Reallıqda bu, Rusiyanın əsas və yəqin ki, həlledici rol oynadığı üçtərəfli məsələdir”. Amerikalı diplomat yazır ki, həmsədrlərin İrəvan və Bakıya səfərləri zamanı tərəflərin öz mövqelərindən bir addım da geriyə çəkilmək niyyətində olmadıqlarını görürdü: “Mən şəxsən belə bir qənaətə gəlmişdim ki, Dağlıq Qarabağ problemini yalnız müharibə həll edə bilər. Hərçənd, bu qənaətimi heç vaxt açıq bildirmədim”.

Hoqland qeyd edir ki, 2020-ci il müharibəsi zamanı Minsk Qrupu həmsədrlərinin paytaxtları bir neçə dəfə atəşkəsə çağırsalar da, bu atəşkəslər bir neçə saat da davam etmədi: “Moskva indiki vəziyyəti yalnız o vaxt yaratdı ki, Azərbaycanın bütün ərazisini geri alacağı görünürdü”. Hoqland ümid edir ki, ATƏT-in Minsk Qrupu bəlkə də yeni yanaşma və düşüncə ilə öz rolunu saxlaya bilər. Onun fikrincə, hazırda keçmiş münaqişə zonasında infrastrukturun bərpasından, yeni yollardan, kommunikasiyaların açılmasından söhbət gedir. Hoqland düşünür ki, Minsk Qrupu bu işlər üçün Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan, Avropa Yenidənqurma və İnkişaf Bankından vəsait alınmasında rol oynaya bilər. Bildirir ki, Minsk Qrupu öz missiyasını yenidən müəyyənləşdirə bilməsə, çox təəssüf, beynəlxalq diplomatiyadan kənarda qalacaq. Bu etiraflardan da açıq görünür ki, Minsk Qrupunun Qarabağ məsələsinin çözümündə fəaliyyəti artıq sona çatıb. Yalnız Azərbaycanın razılığı olduğu halda Minsk Qrupu işğaldan azad edilən ərazilərin bərpasında iştirak edə bilər.

Azərbaycan-Ermənistan sərhədi Minsk Qrupunun mandatı xaricindədir...

Hazırda Minsk Qrupunun fəaliyyətini bundan sonra davam etdirə biləcəyi ciddi sual altındadır. Çünki Qarabağ münaqişəsi çözülüb və Azərbaycan da bunu yüksək səviyyədə bəyan edir. Əslində, Ermənistanda da Minsk Qrupunun uğursuz fəlaiyyəti açıq etiraf edilir. Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bu xüsusda bildirir: “Müharibə ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin uğursuzluğunu göstərdi. Sentyabrın 27-si sübut etdi ki, onlar öz mandatlarının bu hissəsi çərçivəsində iflasa uğrayıblar”. Bununla belə, İrəvan Minsk Qrupunun fəaliyyətinin yenə davam etdirilməsini istəyir. Ara Ayvazyan bu xüsusda bildirir: “Bizə cari şəraiti təsbit edən deyil, prosesə başçılıq edən güclü həmsədrlik lazımdır”.

O da reallıqdır ki, Minsk Qrupu Azərbaycan ərazisində Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün mandat almışdı. Lakin bu münaqişə də çözülüb. Ermənistan-Azərbaycan sərhədi isə Minsk Qrupunun mandatı xaricindədir. Bu da Minsk Qrupunun fəaliyyətinə artıq heç bir lüzum qalmadığını təsdiq edir. Ən əsası da, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyi üçün Minsk Qrupuna hazırkı formatda ehtiyac qalmır. Hesab edilir ki, Minsk Qrupunun başlıca vəzifəsi yeni gerçəklərə uyğunlaşmaq olsa, bu istiqamətdə fəaliyyət göstərsə, müəyyən müddət fəaliyyətini davam etdirə bilər. Məlumdur ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan ermənilər ölkəmizin tamhüquqlu vətəndaşlarıdır və Azərbaycan qanunlarının, onun Konstitusiyasının aliliyini qəbul etməyə borcludurlar. Minsk Qrupu da bu istiqamətdə fəaliyyət göstərsə, işini davam etdirə bilər. Bu mənada, ekspertlərin fikrincə, Minsk Qrupu Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimadı bərqərar edib artırmaqla Qarabağla bağlı məsələnin tam yekunlaşmasına müsbət töhfə verə bilər. Əks halda onun işini davam etdirməsinə zərurət olmadığı ortadadır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.