Xarici diplomların tanınma rüsumunun məbləği barədə hökumətin qərarı narazılıq doğurur… Üstəlik, rüsum da qaytarılmır...

3 Aprel 2021 14:19 (UTC+04:00)

Minimum əmək haqqının 250 manat olduğu ölkəmizdə xarici diplomların tanınması üçün 250 manat xidmət haqqı doğrudurmu? Nazirlər Kabineti xarici dövlətlərin xarici ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizanın keçirilməsi üzrə bir xidmətin haqqını 250 manat müəyyən edib. Tələbələrin müraciətlərinə müsbət və ya mənfi cavab verilməsindən asılı olmayaraq, vətəndaşdan bu məbləğ tutulur. Bu rəqəm aztəminatlı ailələr və onların övladları üçün kifayət qədər böyük məbləğdir və ciddi narazılıqla qarşılanır. Bildirilir ki, xaricdə təhsil alan hansısa vətəndaş bakalavr və magistr diplomlarını təsdiqlətmək üçün 500 manatından keçməlidir. Əvvəllər isə bu məbləğ hər bir diplom üçün 100 manat həddində müəyyənləşmişdi.

 “Azərbaycan gənci gedib əziyyətlə xaricdə təhsil alıb gəlirsə, onun diplomunun tanınması, yeri gəlsə,  ödənişsiz olmalıdır” 

Diplomların tanınması ilə bağlı rüsumun artırılmasının nə dərəcədə doğru addıb olub-olmadığını aydınlaşdırmaq üçün məsələni AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı ilə müzakirə etdik. O, qəzetimizə açıqlamasında bildirdi ki, bir universitet müəllimi kimi təhsillə bağlı problemlərlə yaxından maraqlanıb: “Bəzi taleyüklü məsələlərlə bağlı hətta təhsil nazirinə müraciətlər də ediblər. Məsələn, Azərbaycan tarixi dərslərinin yükünün azalması ilə bağlı. Əvvəl bu 120 saat idisə, indi 60 saata endirilib. 44 günlük qələbədən sonra bu dərslərin sayının artırılmasının zərurliyini bildirmişik. Çox təəssüf ki, bizə mənfi cavab verilib. Bunu universitetlərin öz üzərinə atıblar. Problemlərdən biri diplomların tanınması ilə bağlıdır. Əvvəlki nazirin dövründə problemlər daha çox idi. Nəinki bakalavr və magistr diplomalarının, hətta elmlər namizədi, elmlər doktorlarının diplomlarının tanınmasında da problemlər yaşanır. Başqa neqativ halların mövcudluğu ilə də bağlı iddialar səslənir. Bu sahədə şəffaflıq artırılmalıdır. Diplomun surətini təsdiqləmək üçün notariat kontoru 6 manat istəyir. Bir neçə nüsxəni çıxarmaq üçün xeyli pul ödəmək lazım gəlir. Diplomların tanınması üçün tələb olunan rüsum həddən artıq çoxdur. Nazirliyin işçiləri dövlətdən maliyyələşirsə, niyə bu qədər rüsum alınmalıdır?  Azərbaycan gənci gedib əziyyətlə xaricdə təhsil alıb gəlirsə, onun diplomunun tanınması, yeri gəlsə, ödənişsiz olmalıdır. İndiki çətin dönəmdə gənclərin elmə olan marağını stimullaşdırmaq lazımdır. Belə amillərə görədir ki, ölkədə elmlə məşğul olanların sayı azalıb. Əziyyətlə elmlər doktoru adını qazanan adamın əməkhaqqına cəmi  40 manat əlavə olunur. Rüsumlarla bağlı məsələyə yenidən baxılmalıdır. Xüsusilə də  elmi dərəcələrlə bağlı əmək haqlarına əlavələr artırılmalıdır. Təqaüdə çıxan professorla hansısa dövlət məmurunun aldığı pensiyanı müqayisə etsəniz, arada çox ciddi fərq görəcəksiniz. Elm adamlarına diqqət mütləq artmalıdır”.

Məhəmmədəli QƏRİBLİ