Tender keçiriləndə “Kamiloğlu”nun vergi borcu olmayıb - FHN-dən reaksiya...

4 Mart 2021 16:37 (UTC+04:00)

Martın 3-də “Baki-Xəbər” qəzetində və eyni adlı saytda “Vergi borcu olan şirkətin FHN-in tenderində qalib gəlməsinin ictimai reaksiya doğurmuş məqamları...” başlıqlı yazı dərc olunub.

Yazıda gigər media orqanlarına istinadla qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsi 26 fevralda mobil mühafizə məntəqələri və it yeminin satın alınması tenderlərinə yekun vurub. Ümumi məbləği 422 min manat olan iki tenderin qalibləri “Kamiloğlu” və “Metro İnvest” MMC-lər olub.

O cümlədən, sözügedən məqalədə vurğulanıb ki, “Dövlət Satınalmaları Haqqında” Qanuna görə, vergi borcu olan şirkətlər tenderlərdə iştirak edə bilməz. Ancaq qəribədir ki, “Kamiloğlu” MMC-nin hazırda 2812 manat vergi borcu olduğu halda, həm tenderə qatılıb, həm də qalib olub. Belə şirkətin vergi borcu olduğundan tenderdə iştirakı, faktiki olaraq, “Dövlət Satınalmaları Haqqında” Qanunun tələblərinin pozulması anlamına gəlir.

Sözügedən məsələ ilə bağlı bu gün FHN-in Mətbuat Xidmətindən “Bakı-Xəbər”ə bildirildi ki, nazirlik sözügedən tenderi keçirən vaxt “Kamiloğlu” MMC-nin heç bir vergi borcu olmayıb. Və həmin tender mövcud qanunlara tam uyğun olaraq keçirilib.

Bu gün həmçinin qəzetimizin elektron poctuna “Kamiloğlu” MMC-nin ümumi şöbəsindən icraçı Rafael Vəliyevin imzası ilə məktub da daxil olub. Məktubda tender keçirilən zaman şirkətin heç bir borcu olmadığı bildirilir.

Namiq QULİYEV