Mərkəzi Bankın proqram təminatında havaya sovrulmuş milyonlar iddiası...

3 Mart 2021 19:39 (UTC+04:00)

Sosial şəbəkələrdə Mərkəzi Bankın elan etdiyi bir tenderlə bağlı ciddi müzakirələr aparılır. İddia olunur ki, bəzi xidmətləri almaq üçün ayırılan xərclər ağlabatan və məntiqli görsənmir.  Bank istismarda olan elektron sənəd dövriyyəsi sisteminin təkmilləşdirilməsi üçün ötən il SİNAM şirkətinə 849895 manat vəsait ayırıb.

Bu qurum həmin il eyni vaxtda istismarda olan bu sistemin proqram təminatının dəstəklənməsi üçün əlavə olaraq 299956 manatı da yenə həmin SİNAM şirkətinə ödəyib. Cəmi 1 il müddətinə təkmilləşmə və dəstəklə bağlı adi, mövcud bir sənəd dövriyyəsi sisteminə milyondan çox vəsait ayırmaq olduqca maraqlı görünür.

SİNAM şirkəti ilə bağlı internet üzrə apardığımız araşdırma zamanı maraqlı məlumatlar əldə etmək olur. "Vikipediya"-da yerləşdirilən məlumata görə, şirkətin əsası 1994-cü ildə Bakıda qoyulub. Adı ingilis dilində olan sözlərin abbreviaturasından ibarətdir (SİNAM – Software development, Integration service, Network solutions, Automation and Control, Maintenance and support).

2005-ci ildə SİNAM şirkəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə Mingəçevir şəhərində elektron məhsulları istehsal edən "KÜR" zavodunu təsis edib.

Ötən ilin 6 ayı ərzində SİNAM MMC dövlət büdcəsindən qidalanan qurumlarla 2 milyon 624.28 min manatlıq tender üzrə müqavilələr imzalayıb. Ən böyük müqavilə isə Azərbaycan Mərkəzi Bankı ilə baş tutub. AMB istismarda olan Elektron Sənəd Dövriyyəsi Sisteminin təkmilləşdirilməsinə görə bu İT şirkətinə 849,9 min manat vəsait ödəyib.

İT sahəsi üçün ayrılan vəsaitin məbləğini yetərli saymaq olarmı?

İKT üzrə ekspert Nicat Qasımlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sözügedən şirkət üzərindən aparılan araşdırmalar ona dövlət qurumlarının daha çox etibar etdiyi mənzərəsini ortaya qoyur: “Hansısa bir tenderin nəticələri ilə bağlı fikir yürütmək üçün onun bütün sənədləri ilə tanış olmalısan. Çünki görülən işlər və xərclərin əsaslandırılması ilə bağlı daha müfəssəl məlumat ordadır. Ancaq maraqlı olan budur ki, bir sıra dövlət müəssisələrinin tenderlərini udan şirkətlərlə bağlı araşdırma apardıqda, sanki onlara rəqib tapılmadığı  qənaətinə gəlirsən. Bu da hansısa bir sövdələşmə ilə bağlı şübhələri meydana çıxarır. Sırf İT sahəsinə aid məsələ olduğu üçün deyə bilərəm ki, sözügedən işləri Mərkəzi Bank üçün qat-qat ucuz qiymətə görmək olar. Hesab edirəm ki, kifayət qədər israfa yol verilib. Görülən işlər üçün heç də milyonluq büdcə lazım deyil”.

Məhəmmədəli QƏRİBLİ