Vaksin ədalətsizliyi hələ də dünyanın gündəmində...

3 Mart 2021 15:17 (UTC+04:00)

Aparılan son hesablamalar dünya miqyasında koronaviris pandemiyasına yoluxanların sayının artmaqda davam etdiyini göstərir. Artıq 116 milyona yaxın insan bu virusa yoluxub. Üstəlik, onun yeni ştammlarının yayılması da vəziyyəti ağırlaşdırır.

Bu arada virusun “Nigeriya ştammı"nın da yarandığı bəlli olub. İtaliyada aşkarlanan bu mutasiyaya qarşı koronavirus vaksinlərinin effektsiz olduğu da aşkar edilib. İtaliyanın Virusoloqlar Cəmiyyətinin prezidenti və Mikrobioloji Laboratoriyasının direktoru Arnaldo Karuzo bu xüsusda bildirib: “İtaliyada ilk dəfə vaksinlərin effektsiz ola biləcəyi mutasiyalı ştammını müəyyənləşdirdik". Virusla bağlı daha bir problem ədalətsiz vaksin bölgüsünün davam etməsidir. Araşdırmalar göstərir ki, dünya miqyasında indiyə qədər 230 milyondan çox insan koronavirusa qarşı peyvənd edilib. Onların 70 faizə yaxını dünyanın iqtisadi cəhətdən güclü olan 10 ölkəsinin vətəndaşlarıdır. Qeyd edilən rəqəmlər koronavirusa qarşı vaksinlərin bölüşdürülməsində hələ də ədalətsilzliyin hökm sürməsinin növbəti real təsdiqidir. Varlı ölkələr cari il ərzində özlərinə lazım olandan 2-3, bəzi hallarda 4-5 dəfə çox vaksin dozası alıblar. Məsələn, Kanada əhalisinin 400 faizi, Böyük Britaniya əhalisinin 295 faizi, Avstraliya əhalisinin isə 269 faizi üçün vaksin ehtiyatı alıb. İnkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil etdiyi halda, dünya vaksinlərinin 53 faizini sifariş ediblər. ABŞ istehsalı olan “Moderna” vaksininin 98 faizini, Avropa vaksini “Pfizer”in isə 96 faizini zəngin ölkələr sifariş edib. Bu, vaksinlərin bölgüsündə millətçilik prinsiplərinin yenə ön plana çıxdığını göstərir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreyesus bütün bunları təhlükəli hal kimi qiymətləndirir: “COVID-19 pandemiyası hələ də tüğyan edir. Son yeddi həftə ərzində virusa yoluxmaların sayı ilk dəfə olaraq yenidən artıb. Yoluxmaların artımı dünyanın altı regionundan dördündə - Amerika, Avropa, Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizi ölkələrində müşahidə edilib. Bu ümidsizlik yaratsa da, təəccüblü deyil”.

ÜST rəhbəri hesab edir ki, yoluxmaların sayının artması qismən ictimai səhiyyə tədbirlərinin zəifləməsi, yeni ştammların dövr etməsi və insanların ayıq-sayıqlıqlarını itirmələri ilə bağlıdır: “Vaksinlər insanların həyatını xilas etməyə kömək olur, lakin ölkələr yalnız vaksinlərə ümid edirsə, o halda onlar səhvə yol verir. Biz çox şadıq ki, aşağı gəlirə malik ölkələrdə səhiyyə sahəsinin işçiləri peyvəndlənir. Lakin bunun yalnız indi, dünyanın bəzi zəngin ölkələrində vaksinləmə kampaniyasına başlanandan 3 ay sonra baş verməsi təəssüf doğurur. Zəngin ölkələrdə artıq daha gənc və sağlam insanların peyvəndlənməsi prosesi gedir, yoxsul ölkələrdə isə tibbi heyət və yaşlı insanlar üçün vaksin hələ də əlçatan deyil”. Yeri gəlmişkən qeyd edək ki, bəzi ölkələr ödəniş etsələr belə, hələ də COVAX platforması üzərindən vaksin ala bilmir. Əsas səbəb həmin vaksinlərin daha zəngin və yüksək ödəniş edən ölkələr tərəfindən alınmasıdır. Məsələn, qonşu Gürcüstan bu səbəbdən hələ də vaksin ala bilmir. Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya bu xüsusda bildirir: “COVAX platforması vasitəsilə Gürcüstana koronavirusa qarşı peyvəndin çatdırılması 2-3 həftə gecikir”. Onun sözlərinə görə, Gürcüstan, Ukrayna, Moldova və Bosniya və Herseqovina “Pfizer” vaksinini fevral ayının sonunadək əldə etməli idi: “Çatdırılma tarixi bu dörd ölkə üçün təxirə salındı. Biz COVAX-la əməkdaşlığı davam etdiririk və ləngimənin ən qısa vaxt ərzində aradan qaldırılacağını gözləyirik”.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze öz növbəsində bildirib ki, COVAX təsisatına 575 min ABŞ dolları köçürülüb. Xatırladaq ki, keçmiş baş nazir Giorgi Qaxariya peyvənd prosesinin fevral ayının ortalarında başlayacağını elan etmişdi, lakin bugünə qədər peyvənd tətbiq edilməyib. Səbəb peyvəndin hələ də Gürcüstana çatdırılmamasıdır. Onu da qeyd edək ki, ədalətsiz bölgü yoxsul ölkələrin vaksinə əlçatanlılığını azaldan başlıca faktorlardan biridir. Azərbaycan bu ədalətsiz bölgüyə qarşı mübarizə aparanlar sırasında daim ilk sıralarda olub. Xatırladaq ki, Prezident İlham Əliyev yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirdiyi mətbuat konfransında yenidən bu məsələyə toxunaraq vaksinlərin bölüşdürülməsi ilə bağlı ədalətsizliyə qarşı çıxıb. Bundan əvvəl İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi sözügedən məsələni qlobal səviyyədə qaldırıb. Dövlət başçısı ötən ilin dekabrında BMT Baş Assambleyasının  COVID-19-a həsr edilən xüsusi sessiyasında peyvəndlərin ədalətli bölgüsünün vacibliyini diqqətə çatdırıb, zəngin ölkələrin kasıb dövlətlərin vətəndaşları üçün peyvəndlər almasını təklif edib. Ölkəmizin vaksinasiya mövzusunda təklif etdiyi humanist ideyalara baxmayaraq, bir çox inkişaf etmiş ölkələr tamamilə əks mövqe sərgiləyir. Elə Prezident İlham Əliyevin mətbuat konfransında qeyd etdiyi kimi, onlar sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayırlar. İnkişaf etmiş bəzi ölkələrin vaksinlərin bölgüsü ilə bağlı addımları bərabərlik, insan haqları, demokratiya kimi prinsiplərlə bir araya sığmır. Bunlar fonunda Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələrini vaksin istehsalçıları ilə ikitərəfli müqavilələr bağlamamağa çağırıb: “Vaksin olmasa, pulun əhəmiyyəti yoxdur. Hətta əlimizdə vəsait olduğu şəraitdə zəngin dövlətlər istehsalçılarla ikitərəfli müqavilələr bağlamaqdan çəkinsələr, biz yalnız bu halda vaksinləri yoxsul ölkələrə çatdıra bilərik”. ÜST-nin baş elmi işçisi doktor Sumi Svaminatan dünya ölkələrinə və şirkətlərinə müraciət edərək, COVID-19-un yayılmasına qarşı mübarizə aparmağa kömək edən biliklər və texnologiyalar barədə məlumatı bölüşməyə çağırıb.

Tahir TAĞIYEV