Supermarketlərdə yeni fırıldaq - malların piştaxta qiymətləri ilə sistem qiymətləri arasında fərq - antiinhisar hara baxır...

1 Mart 2021 19:29 (UTC+04:00)

İstənilən istehlakçı mağazalardan, supermarketlərdən məhsul alarkən əvvəlcə onun keyfiyyəti, sonra isə qiyməti ilə maraqlanır, hər iki məsələ onu qane edirsə, həmin məhsulları alıb istifadə edir. Söz yox ki, qiymətin ucuz olması da müştəri üçün əsasdır. Amma bir çox halda istehlakçı qiymət məsələsində aldadılır, yəni məhsul bir qiymətə təklif olunur, hesablanma isə tamamilə başqa qiymət əsasında aparılır. 

Son zamanlar vətəndaşların supermarketlərdə, kiçik mağazalarda az qala hər addımbaşı üzləşdikləri problemlərdən biri malların qiymətinin piştaxtadakı qiymətdən fərqli olmasıdır. Belə ki, həmin malların qiyməti piştaxtadakı qiymətdən fərqli olaraq, “sistemdə” daha yüksək göstərilir.

Qeyd etdiyimiz kimi, bu özünü xüsusən də hesablamanın elektron qaydada aparıldığı supermarketlərdə büruzə verir. Yəni supermarketlərdə bu cür hallara daha sıx-sıx rast gəlinir.

Nəzərə alsaq ki, əksər məhsulun qiyməti onsuz da bahalaşıb, bu özbaşına bahalaşdırma isə istehlakçıların, müştərilərin ciddi narazılığına səbəb olub, şikayətlərinin artmasına gətirib çıxarıb.

Artıq bu məsələnin ciddi problem kimi meydanda olması onu göstərir ki, bu sahəyə nəzarət deyildiyi kimi “yüksək” deyil, zəifdir. Antiinhisarla məşğul olan qurumların bu məsələyə mütləq şəkildə nəzarəti lazımdır.

Ekspertlər qeyd edirlər ki, supermarket sahibləri müştərini daha çox soyub talamaq üçün bu addımı atırlar.  

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Bakı-Xəbər”ə bildirdi ki, bu hallara sıx-sıx rast gəlinir, amma buna qarşı aidiyyəti qurumlar tərəfindən hər hansı bir tədbir görülmür. “Uzun illərdir bütün mağazalarda belə hallar var, özü də kütləvidir. Bunun qarşısını almaq üçün isə heç bir orqan tədbir görmür. Konkret olaraq, ticarət sahəsi nəzarətsizdir, bu sahədə tam özbaşınalıqdır və qanun pozuntuları baş alıb gedir. Müştərilər kütləvi şəkildə aldadılır və soyulur. Mağazalar müxtəlif bəhanələr gətirsələr də, onların heç bir məntiqi əsası yoxdur. Məsələn, çox vaxt deyirlər ki, bəs işçilər bilmədən rəfdə məhsulun yerini səhv qoyub və dəyişməyi unudublar. Bəs necə olur ki, istisnasız olaraq, bütün hallarda bu, müştərinin zərərinə, mağazanın xeyrinə olur? Necə olur ki bircə dəfə belə həmin bu səhv nəticəsində qiymətin rəfdə baha, kassada daha ucuz olması halı olmur?

Mağaza rəhbərliyi yaxşı bilir ki, heç də hamı aldığı onlarla məhsulun qiymətini yadda saxlamır və kassada sürətlə vurulan malların hər birinin rəfdəki ilə kassadakı qiymətini müqayisə edə bilmir. Bunu aşkar edən çox az olur, deyək ki, 10 nəfərdən biri, bu halda deyirlər səhvdir və düzəldirlər, amma qalan 9 halda müştəri aldadılır və mağaza artıq pul əldə edir. Qayda və təlimata görə, rəfdəki qiymət əsas götürülür, təbii ki, müştəri bu “səhvi” aşkar etdikdə. Bunun qarşısını almaq üçün şərt qoyulmalıdır ki, belə bir hal aşkar olunduqda müştəri həmin malı pulsuz götürmək hüququna malik olsun. Ümumiyyətlə, mən həmişə təklif edirəm ki, ticarət sahəsi ilə bağlı xüsusi orqan yaradılsın, Ticarət Nazirliyi və yaxud agentliyi. Sovet vaxtında bu var idi və ticarət sahəsinə ciddi nəzarət olunurdu. Hazırda bu sahəyə nəzarət olmadığından, istehlakçı hüquqları tam pozulur, həm də təkcə qiymət məsələsində yox. Köhnə, xarab və keyfiyyətsiz mallar da satılır. Bəzi məlumatlara görə, mağazalarda xüsusi aparatlar var ki, istifadə müddəti bitmiş məhsulun üzərindən vaxtı silib yenidən yazır. Ya da firmaya geri qaytarılan vaxtı keçmiş məhsulu firma yenidən paketləyib mağazalara qaytarır. Açıq satılan məhsulların isə nə istifadə müddəti bilinir, nə istehsalçısı, nə tərkibi. Dediyim kimi, bu sahədə ayrıca dövlət orqanı yaradılmalı, ciddi tənzimlənmələr olmalıdır. Əks halda, problem həll olunmayacaq” - deyə E.Bayramlı qeyd etdi.

İradə SARIYEVA