Qarabağda döyüşmüş fransız vətəndaşlara qarşı cinayət təqibi beynəlxalq media müzakirələrində...

1 Mart 2021 18:27 (UTC+04:00)

Populyar “General de Europe” jurnalı Qarabağda döyüşən Fransa vətəndaşları və onların barəsində istintaqın başladılması ilə bağlı maraqlı yazı dərc edib.

“Dağlıq Qarabağ: Fransa tərəfindən açılan ilkin istintaq” adlı məqalənin müəllifi, Yaxın Şərq üzrə mütəxəssis, siyasi elmlər doktoru Sebastyan Bussua bildirir ki, ötən il sentyabrın 27-də Azərbaycan Dağlıq Qarabağ üzərində öz hüquqlarını bərpa etmək üçün hərbi əməliyatlara başlayıb. Savaş Minsk Qrupu və beynəlxalq hüququn himayəsi altında otuz illik nəticəsiz danışıqlardan sonra qaçılmaz olub. Rəsmi Bakı beynəlxalq ictimaiyyəti hərbi əməliyyatların gedişi ilə bağlı daim məlumatlandırıb.

S.Bussua təəssüf hissi ilə qeyd edir ki, erməni işğalçı ordusunun müdafiəsinə kömək etmək üçün onlarla fransız müharibə ərazisinə yollanıb. Halbuki, onların bu hərəkəti tamamilə qanunsuzdur.

Ekspertin sözlərinə görə, Qarabağdakı separatçı rejimi müdafiə etmək və işğalçı orduya dəstək olmaq üçün yola çıxan fransızlar əvvəlcə Ermənistan paytaxtında qəbul edilib, daha sonra isə müharibə əməliyyatlarının getdiyi ərazilərə çatdırılıb. Əslində isə erməni tərəfi onları geri qaytarmalı və döyüş bölgəsinə buraxmamalı idi. Çünki həmin şəxslərin əksəriyyəti erməni əsilli olsa da, Fransa vətəndaşıdır. Lakin onlar bunun əksini ediblər. Məqalədə bildirilir ki, bu yaxınlarda Azərbaycanın Fransadakı səfirliyi Dağlıq Qarabağ bölgəsində döyüşməyə gedən erməni əsilli Fransa vətəndaşlarının törətdiyi müharibə cinayətləri barədə istintaqın başlanmasına təkan vermək məqsədilə həmin şəxslər haqqında dəlilləri toplayıb Fransa Prokurorluğuna müraciət edib. Məhz Azərbaycanın səyi nəticəsində Fransaya qayıtdıqdan sonra potensial təhlükə mənbəyi olan vətəndaşlar barəsində istintaq işləri başlanıb.

Hazırda Fransa sərhəd polisi Yerevandan gələn bütün sərnişinləri yoxlamadan keçirir və onları bölgədə qalma səbəbləri ilə əlaqədar sorğu-sual edir.

Ermənistanın müharibədə muzdlulardan istifadə etdiyinə dair beynəlxalq medianın ictimailəşdirdiyi bu faktla bağlı hansı gözləntilər ola bilər?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu faktın ictimailəşməsi çox ciddi mətləblərdən xəbər verir: “Məsələyə bir neçə aspektdən yanaşmaq olar. Müharibənin gedişi zamanı və ondan sonrakı dönəmdə erməni təbliğat maşını güya bizim tərəfdə muzduların döyüşdüyünə dair dünyaya yalan məlumatlar ötürdü. Ancaq ortaya bir dənə də olsun konkret fakt tapıb qoya bilmədilər. Hazırda ictimailəşən məsələ muzdlulardan Ermənistanın istifadə etdiyinə bir təsdiqdir. Digər maraqlı detal bundan ibarətdir ki, bu addımı atan münaqişənin tənzimlənməsində üzərinə bitərəf mandatı götürən, vasitəçilik missiyasını icra edən Fransadır. Bu ölkə diplomatik müstəvidə açıq ermənipərəst olduğunu bəyan edir. Ancaq Ermənistana hətta terroristlər vasitəsilə dəstək verdiyinə dair fakt yenicə ictimailəşir. Bu bir daha Fransanın hansı səviyyədə ermənilərə dəstək ifadə etdiyinə bir sübutdur. Fransa kimi Avropa ölkəsində belə halların yaşanması onun beynəlxalq imicinə ciddi təsir edəcək. Çünki  bu addım birbaşa terroru dəstəkləmək anlamına gəlir. Bizim media, eləcə də həmin ölkədə olan diplomatik nümayəndəliyimiz məsələni ciddi nəzarətdə saxlamalıdır. Prosesin gedişi ilə bağlı beynəlxalq ictimiayyət daima məlumatlandırılmalıdır ki, həmin muzdlu Fransa vətəndaşları ilə bağlı proses obyektiv araşdırılsın”.

Ekspertin sözlərinə görə, bu məsələnin məntiqi hüquqi sonluqla yekunlaşması bizim əlimizə ciddi əsaslar vermiş olacaq: “Ermənistanın müharibədə xarici ölkə vətəndaşları olan muzdlulardan istifadə etdiyi və Fransanın hansı səviyyədə qərəzli olmasına faktlarla işıq salınmış olacaq”.

Məhəmmədəli QƏRİBLİ