QHT Şurasında yoxlamalar nə ilə bağlıdır... Pozuntular barədə ilkin məlumatlar var...

1 Mart 2021 17:52 (UTC+04:00)

Mətbuatda yayılan məlumata görə, Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında həyata keçirdiyi yoxlamaları yekunlaşdırıb. “Trend”in məlumatına görə, qurum öz rəyini Milli Məclisə göndərib. Bildirilir ki, aparılan yoxlamalar nəticəsində bəzi pozuntular aşkarlanıb.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.

QHT Şurasında yoxlama nə ilə bağlı ola bilər?

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycanda ictimai sektoru və QHT cameəsini birləşdirən, dövlət və ictimai sektor arasındakı münasibətləri tənzimləyən rəsmi qurumdur: “Bu qurum yaranandan bu günə qədər Azərbaycanın daxilində və xaricində çoxsaylı layihəni həyata keçirən QHT-ləri dəstəkləyib. Söz yox ki, iş olan yerdə müəyyən çatışmazlıq da, tənqid ediləsi nöqsanlar da olur. Amma onu da bildirim ki, şura dövlətin yaratmış olduğu bir qurum olaraq ictimai palata rolunu oynayır və məhz QHT sektorunda olan ictimai fəalların dövlətçilik mövqeyinə gətirilməsində çox böyük fəaliyyəti var. Bu baxımdan, istər Azərbaycanda, istərsə də xaricdə olan ictimai fəallar QHT Şurasının bu və ya digər maliyyə yardımlarına və maliyyə-qrant müsabiqələrinə qatılaraq, Azərbaycan həqiqətlərini dünyaya yaymaqda və informasiya savaşında, eyni zamanda, ölkəmizə qarayaxmalar ediləndə şuranın dəstəyilə ictimai qurumlar çox böyük işlər görüblər. Bu baxımdan, Azərbaycanın ən işlək qurumlarından birinə çevrilən şura, sözsüz ki, layihə, müsabiqə çərçivəsində minlərlə QHT ilə işləyir və bu QHT-lərin özündə bəzən problemlər, axsamalar olur. Bu axsamalar da ona gətirib çıxarır ki, bunların çoxu maliyyə hesabatlarını vaxtında verə bilmir, bir çoxu müəyyən mənada onlara şamil edilən və müqavilədə göstərilən fəaliyyətləri, bütövlükdə, həyata keçirə bilmir. Fikrimcə, bunları da birbaşa şuranın ayağına yazmaq düzgün deyil”

A.X.Əbilov hesab edir ki, şurada müəyyən bir yoxlama aparılıbsa, buna ehtiyatla yanaşılmalıdır, onsuz da QHT Şurasının elə də böyük maliyyə imkanları yoxdur: “Hər bir QHT-yə il ərzində 5-6 min pul ayrılır, amma QHT-lərdən çox şey tələb olunur. 44 günlük müharibə də göstərdi ki, QHT-lərimiz öz imkanlarından da qat-qat çox ölkəmiz üçün işlər görürlər”.

Siyasi şərhçi Azər Həsrətin fikrincə, burada narahatlıq doğuracaq bir məsələ yoxdur və şura da dövlət qurumlarından biridir və orada hər hansı bir yoxlamanın aparılması, nöqsanların üzə çıxarılması təbiidir. “Bu informasiyanı mən də oxudum. Əlbəttə, dövlətin bir qurumu öz funksiyası çərçivəsində dövlətin digər bir qurumunda yoxlamalar apara bilər, aparmalıdır da. Amma pozuntu, ciddi narahatlıq doğuran hallar varsa, bunlar da aşkarlanmalı və həll edilə biləcək hallar aradan qaldırılmalı, yaxud məsuliyyətsizlik və sair məsələlər varsa, onlarla bağlı tədbirlər görülməlidir. Yəni bunun qeyri-adi bir hadisə olduğunu düşünmürəm, çünki Hesablama Palatası təkcə QHT Şurasında deyil, ümumiyyətlə, digər təşkilatlarda da mütəmadi olaraq yoxlamalar aparır, onlardan uyğun sənədləri də, işlərini qanunun tələblərinə uyğun qurmağı da tələb edir. Bizim istəyimiz ondan ibarətdir ki, bütün hallarda, dövlət qurumları da, qeyri-dövlət qurumları da şəffaflıq, hesabatlılıq məsələsində “sinifdə qalmasın”lar. Mümkün qədər qanunlar çərçivəsində fəaliyyət göstərsinlər. Belə fəaliyyətlərdə qüsura yol verilirsə, onda da uyğun cəza tədbirləri görülsün” - deyə A.Həsrət qeyd etdi.

İradə SARIYEVA