AMEA alimlərin öz pulu ilə Xızıda alınmış torpaqları sahibinə qaytarmaq istəmir?

1 Mart 2021 17:41 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş verən istənilən hadisə, həyata keçirilən proses, bu qurumun adının keçdiyi məsələlər hər zaman diqqət mərkəzindədir, ictimaiyyət bu qurumla bağlı olanlara diqqətsiz deyil. Odur ki, baş verən, baş verdiyi iddia edilən hər bir məsələ izlənir, yaxşı və pis olmasından asılı olmayaraq.

Mətbuatda yayılan məlumatlara görə, AMEA Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarına əsasən, “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin istifadəsində olan torpaq sahəsindən müvəqqəti istifadə üçün AMEA-nın 500-dən artıq əməkdaşına 10 sot bağ sahəsi ayrılsa da, bağ sahələri AMEA-nın işçilərinə verilmir. Məlumatlara görə, alimlərə bağ sahələri AMEA-nın keçmiş prezidenti Akif Əlizadənin dövründə ayrılıb və bunun üçün də alimlər hər ay pul ödəyiblər.

Mətbuat yazır ki, AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsi institutlara məktub göndərərək onlara 2018-ci ildə verilmiş bağ sahələrinin ləğv edildiyini və müqavilələrin qanunsuz olduğunu bildirib.

Qeyd edək ki, AMEA-a institutlarındakı mənbələrdən əldə etdiyimiz məlumata görə, artıq alimlərə torpaqların onlara verilməyəcəyi barədə məlumat verilib. Bunun da AMEA institutlarında ciddi narahatlıq və narazılıq doğurduğunu deyən mənbənin sözlərinə görə, bağ sahəsi alan hər bir alimin əlində ciddi sənədlər, pulun ödəniş kağızları var. Mənbənin sözlərinə görə, hətta bəzi alimlər onlara məxsus sahələrin ətrafını çəpərləyib və meyvə tinkləri də əkiblər...

AMEA-nın Mətbuat və informasiya şöbəsinin əməkdaşı Gülnar Hacıyeva isə mətbuata bildirib ki, deyilənlərdən xəbərsizdir. “Bunları hardan tapıb yazırlar? Nə qədər qeyri-peşəkar insanlardır. Belə bir şey ola bilməz. O nə qərardır? Belə bir sənəd yoxdur axı. Elə bir şey ola bilər? 500 əməkdaşın əlindən bağ sahəsini almaq nə deməkdir? Bunlar hamısı yalandır” - deyə G.Hacıyeva mətbuata bildirib.

Bununla belə, hələ də AMEA səsləndirilən fikirlərə rəsmən cavab verməyib.

AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov bildirir ki, Akademiyanın müxtəlif institutlarının əməkdaşlarının orada torpağı var.  

“500 (yaxud 312) alimin 10 sotluq bağ evi müəmması tənəzzülün total xarakterindən xəbər verir. Mülk sahiblərinin və qərarı ləğv edənlərin şübhəli davranışları bir çox mülahizəyə yol açır. Qanun yox, “dəymə mənə, dəyməyim sənə!” prinsipi hökm sürür. Akademiya adlı qurumun bu şəkildə davam etməsinin hər günü bir geriləmədir. Qurtulmaq lazımdır!”.

İ.Abbasovun qeyd etdiyinə görə, torpaqları əllərindən çıxdığı iddia olunan alimlərin heç birinin açıqlama verməməsi onu göstərir ki, burada müəyyən şübhəli məqamlar var: “Burada bəzi şübhəli məsələlər diqqəti çəkir. Ola bilsin, o torpaqlar doğrudan da qanunsuzdur. Nəyə görə torpağı əlindən çıxdığı deyilən 500 nəfər səsini çıxarmır, mətbuata danışmır, adlarının çəkilməsini istəmir? Demək, gözü kölgəlidirlər, burada nəsə var. Şübhə var ki, orada hanısısa qanunsuzluqlar baş verib. Bu, əvvəlki rəhbərliyin dövründə olub. Fərqi yoxdur nə zaman olub. Əgər torpağın verilməsi qanunidirsə, niyə danışmırlar? Bilirsiniz, AMEA-da dövlət maraqlarına, milli mənafeyimizə ziyan hadisələr baş verir, amma heç kəs səsini çıxarmır. Belə çıxır ki, burada şəxsi maraqlar üstündür. Torpaq alıblar, bilmirəm o torpaq hansı yolla verilib? AMEA-dan açıqlama verilib ki, bu torpaq 2 illik müqavilə əsasında verilib, deyəsən o müqavilənin də vaxtı bitib və sair. Həmin torpaqları alanlar sırasında AMEA-ya aidiyyəti olmayanlar da olub. Burada qanunsuzluq olub ki, AMEA-da işləməyənlərə də torpaq verilib. Alimlərin davranışları da onu göstərir ki, özləri nə isə qanunsuzluq ediblər. Yoxsa, onlar haqlı olsaydılar, üsyan qoparardılar, səs-küy yoxdur. Mətbuata informasiya verirlər, amma deyirlər adımızı çəkməyin. Faktiki olaraq, AMEA əməkdaşlarına bağ sahəsi verilib, amma bunun qanuni və qanunsuz olduğu müəyyən edilməlidir. Hər şey ola bilər. Bu barədə yekdil açıqlama yoxdur, hərə bir cür açıqlama verir. Torpaq verilib, amma qarşı tərəf də deyir ki, qanunsuz olub, ona görə də müqavilə ləğv olunub” - deyə İ.Abbasov qeyd etdi.  

İ.Abbasov hesab edir ki, bu məsələnin hərtərəfli araşdırılmasına və aydınlaşdırılmasına ehtiyac var.  

Professor Rövşən Bəndəliyev isə “Bakı-Xəbər”ə bildirdi ki, AMEA xətti ilə torpaq sahəsi alanlardan biri də odur. R.Bəndəliyevin sözlərinə görə, AMEA rəhbərliyi tərəfindən onlara göndərilən məktubda anlaşılmazlıq olub, sonra isə hər şey aydınlaşıb: “Əslində, burada bir anlaşılmazlıq baş verib. Torpaq sahəsi alanların 312 nəfəri Milli Elmlər Akademiyasının əməkdaşları olub, 188 nəfər isə bu quruma aidiyyəti olmayan əməkdaşlar olub. Akademiya rəhbərliyinin göndərdiyi məktubdan Akademiyanın əməkdaşları belə başa düşüblər ki, bu, AMEA-nın bütün əməkdaşlarına şamil olunur, ancaq sonradan məlum oldu ki, bu, AMEA-nın 312 əməkdaşına yox, 188 nəfərə şamil olunan məsələdir. O 188 nəfər isə AMEA-nın tam ştatlı əməkdaşları deyil. Burada anlaşılmazlıq baş verib. AMEA-nın rəhbər şəxsləri bildiriblər ki, burada AMEA-nın əməkdaşlarına aid olan hissəyə toxunulmur”.

Torpağın 188 nəfərə hansı yolla verildiyinə gəlincə, R.Bəndəliyev buna hər hansı bir münasibət bildirmək istəmədiyini qeyd etdi. O qeyd etdi ki, bu, 2018-ci ildə baş verən hadisədir. “Sizə bir fakt deyim, AMEA-nın tam ştatda olan əməkdaşları ilə yanaşı, yarımştat əməkdaşları da var. Müəyyən institutlarda işləyən belə işçilər də var. Görünür, o zaman onlara torpaq veriləndə özləri də başa düşməyib ki, tam ştatda olmayanlara torpaq vermək olmaz. Belə düşünürəm.  Bunun nəticəsində də ortada böyük anlaşılmazlıq yaranıb”.

Bu torpaq sahəsinə görə aylıq pul ödədiklərini deyən R.Bəndəliyevin sözlərinə görə, amma son üç ayda heç bir ödəniş edilməyib. “Biz əvvəllər pul ödəmişik, amma təxminən üç aydır ki, ödənişin qəbulu dayandırılıb. Biz hər ay 15 manat pul ödəyirdik. Yəqin ki, ödəniş bərpa olunacaq. Belə məlum oldu ki, bizim problem həll olunub, AMEA-nın 312 nəfər əməkdaşı ilə bağlı məsələ öz qaydasındadır” - deyə R.Bəndəliyev bildirdi.

İradə SARIYEVA