Bakıya tramvay qayıdır - vaxtilə tramvay xətlərini sökdürən icra məmurları məsuliyyətə cəlb olunmayacaq?

1 Mart 2021 16:18 (UTC+04:00)

“Çox istərdik ki, paytaxtda tramvaylardan da istifadə olunsun. Bu istiqamətdə işlər gedir”.  Bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzTV-nin efirində yayımlanan "Evimizdə" proqramında deyib.

Qeyd edək ki, Bakıda  tramvay yollarının bərpası çoxdan müzakirə mövzusudur.

Məlumat üçün bildirək ki, Bakıda tramvay xətləri intensiv şəkildə zamanla azaldıldı. 1990-cı ildə tramvay yollarının uzunluğu 46,6 km, 1999-cu ildə 35,9 km, 2003-cü ildə isə 22,0 km olub. Həmin vaxt tramvay ən ucuz nəqliyyat vasitəsi idi və hazırkı məzənnə ilə gediş haqqı 5 qəpik idi.

Tramvayın iqtisadi faydaları ilə yanaşı, ekoloji faydaları da var.

Tramvaydan istifadənin üstünlükləri hədsizdir. Əvvəla tramvay sisteminin yaradılması üçün tələb olunan xərclər metro tikintisinə sərf olunan vəsaitin məbləğindən dəfələrlə azdır. İkincisi, tramvayın istismarı avtobusun istismarından xeyli ucuz başa gəlir. Üçüncüsü, əgər orta ölçülü şəhərdə avtobus saatda 4 mindən artıq sərnişin daşıyırsa, tramvay 7 min sərnişini daşımaq iqtidarındadır. Bundan əlavə, pik saatlarında tramvaya əlavə vaqonlar qoşmaq mümkündür. Dördüncüsü, tramvayın istismar müddəti daha uzundur.  Beşincisi və ən başlıcası, tramvaylar havanı çirkləndirmir, ətraf mühitə mənfi təsir göstərmir. Bu baxımdan qeyd olunan nəqliyyat vasitəsinin yenidən paytaxt küçələrində hərəkət etməsi arzuolunandır.

Qeyd etdiyimiz kimi, bir zamanlar Bakı küçələrində tramvay olub. Ancaq müəyyən səbəblərdən tramvay xətləri söküldü. Maraqlıdır, həmin xətlərin sökülməsinə niyə hüquqi qiymət verilmir? Nəzərə almaq lazımdır ki, bir vaxtlar Bakı küçələrində tramvay xətti olub. Yenidən o xəttin bərpası isə, təbii ki, vəsait tələb edir. Bu səbəbdən də tramvay xətlərinin sökülməsində iştirak edənlərə cinayət işi açıla bilərmi?

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev qəzetimizə açıqlamasında qeyd etdi ki, tramvay, trolleybus şəhər mədəniyyətinin əsas atributu sayılır: “Xüsusilə də paytaxt şəhərlərində qeyd olunan nəqliyyat vasitələri şəhər mədəniyyətinin əsas elementi sayılır. Təəssüf ki, 90-cı illərdə tramvay xətti dağıdıldı. Onu da qeyd edim ki, tramvay xəttində istifadə olunan polad olduqca keyfiyyətlidir. Xətt söküləndən sonra bəzi işbazlar həmin poladı müxtəlif qiymətə aldılar. Bütün infrastruktur tamamilə ləğv edildi. Tramvay parkının yerində evlər tikildi. Tramvay xətti dağıdıldıqdan sonra əhalinin nəqliyyatla təmini ancaq metro və avtobusla mümkün olur. Ancaq bu yetərincə deyil. Koronavirus infeksiyası göstərdi ki, şəhərdə ictimai nəqliyyatın bütün növlərindən istifadə olunmalıdır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, tramvay xəttini dağıtmaqla yanaşı, onun parkını da məhv ediblər. Bu işi görən şəxslər məsuliyyətə cəlb edilə bilərlər: “Ümid etmək istərdim ki, bununla bağlı aidiyyəti şəxslər tərəfindən tamamlanmış cavab olacaq”.

Günel CƏLİLOVA