Tvitter Azərbaycana qarşı qaydasız döyüş addımlarına görə Ermənistan, İran və Rusiyanın xeyli hesablarını blokladı…

24 Fevral 2021 15:17 (UTC+04:00)

Tvitter sosial şəbəkəsi manipulyasiya siyasətini pozduğu üçün Rusiya, Ermənistan və İranla əlaqəli olan ümumən 373 hesabı bloklayıb. Şirkət İranla əlaqəli 238 hesabı və Rusiya ilə əlaqəli 100 hesabı blokladığını açıqlayıb. Həmçinin, fəaliyyətləri Azərbaycana qarşı yönəlmiş Ermənistanla əlaqəli olan 35 hesab şirkət tərəfindən bloklanıb:

“Siyasətimiz çərçivəsində Ermənistan hökuməti ilə əlaqəli 35 hesabı araşdırdıq və blokladıq. Bu hesablar Azərbaycana yönəlmiş və geostrateji cəhətdən Ermənistan hökumətinə faydalı olan xəbərləri təbliğ etmək üçün yaradılıb. Bəzi hallarda saxta hesablar Azərbaycanın dövlət və siyasi xadimləri, habelə Azərbaycanda fəaliyyət göstərdiklərini iddia edən xəbər agentliklərinə mənsub kimi təqdim edilib”.

 “Bu istiqamətdə işlərimizi lazımi səviyyədə qursaq, həm öz hesablarımızı qoruyarıq, həm də bizə qarşı qərəzli təbliğat aparan hesabların bağlanmasına nail olarıq”

Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Tvitterin bu addımı atması olduqca təqdirəlayiqdir: “Bilirsiniz ki, Azərbaycan uzun illər qlobal sosial medianın qərəzli, ədalətsiz yanaşmasından əziyyət çəkib. Biz hər zaman dünyaya çatdırmağa çalışmışıq ki,  Azərbaycana qarşı bu cür platformalardan sui-istifadə olunur. Təəssüflər olsun ki, çox vaxt bunu düzgün dəyərləndirməyiblər. Hətta Azərbaycanın ən fəal insanlarının belə sosial şəbəkə hesabları bloklanıb. Mənim özüm də əngəllənməyə məruz qalmışam. Sonradan mübahisələndirib, fəaliyyətimi bərpa etmişəm. 44 günlük müharibə zamanı hətta Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun belə hesabını Tvitter bağlamışdı. Bütün bunların qarşısı alındı. İndi isə Tvitter rəsmən bəyan edib ki, Ermənistan hökuməti onun imkanlarından Azərbaycana qarşı istifadə edir. Eyni zamanda İran və Rusiyanın da eyni fəaliyyətlə məşğul olduğu bəlli olub. Ədalərli yanaşmadır. Sosial şəbəkə öz prinsiplərinə sadiqlik nümayiş etdirib. Biz bu istiqamətdə işlərimizi davam etdirməliyik. Çünki doğru-dürüst olmayan fəaliyyətin qarşısını hər zaman almaq mümkündür”.

Ekspertin sözlərinə görə, Tvitterin atdığı bu addım bir daha sübut edir ki, bu istiqamətdə işlərimizi lazımi səviyyədə qursaq, həm öz hesablarımızı qoruyarıq, həm də bizə qarşı qərəzli təbliğat aparan hesabların bağlanmasına nail olarıq.

Məhəmmədəli QƏRİBLİ