Qarabağda davam edən erməni cinayəti - minalanmış ərazilərin xəritələri hələ də verilmir...

24 Fevral 2021 14:56 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində hazırda fəal şəkildə iş gedir. Amma proses bir sıra obyektiv səbəblər üzündən müəyyən hallarda ləngiyir. Buna əsas səbəb erməni tərəfinin atdığı addımlardır. Söhbət ermənilərin hələ də minalanmış ərazilərin xəritəsinin Azərbaycan tərəfinə verilməsindən imtina etməsindən gedir.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə üzrə əməliyyat meneceri Mədət Məmmədov da erməni tərəfinin bu addımının prosesə əngəl yaratdığını bildirir. O, BBC-yə açıqlamasında bildirib ki, avtomobil, dəmir yolları, elektrik, qaz xətlərinin çəkilişi kimi işlər üçün əraziləri minadan təmizləyirlər. Onun sözlərinə görə, Ermənistan 27 illik işğal dövründə ərazilərə xeyli mina döşəyib, ən çox da keçmiş təmas xətti küllü miqdarda minalanıb: "Ərazinin bu dərəcədə minalanması kommunikasiya xəttinin keçidini mürəkkəbləşdirir. Bizə uzun müddət lazım gəlir ki, müəyyən keçidləri açaq və buna da xeyli qüvvə sərf edirik. Minalanmış sahələrdən keçidləri texnikalardan və canlı qüvvələrdən istifadə etməklə açırıq". Əraziləri təmizləmə işlərinin nə qədər müddət çəkəcəyinə gəldikdə isə, Mədət Məmmədova görə, əvvəlcə minalanma faizi müəyyənləşdirilməlidir: "Ərazilərin minalanma faizləri dəqiqləşdirilməlidir və biz bilməliyik ki, neçə faiz ərazi minalanmış sahədir, nə qədər ərazi sursatlarla çirklənmiş sahədir. Hazırda minatəmizləmə ilə bağlı xaricdən qüvvələr gətirilir. Bütün ərazilərin minalardan təmizlənməsi müddəti Azərbaycana gələcək qüvvələrdən və o qüvvələrin nə qədərinin işə cəlb olunacağından asılıdır. Ondan sonra bilmək olar ki, ərazi nə qədər müddətə təmizlənib qurtara bilər". Onun sözlərinə görə, işğal altında olmuş yaşayış məntəqələrinin, məsələn Ağdamın da, Füzulinin də minalanma, təhlükəlilik dərəcələri demək olar eyni olsa da, müxtəlif yerlərin təmizlənməsi fərqli müddətə başa gəlir: "Yaşayış məntəqələri, kolluq, dağlıq ərazilər fərqli metodlarla müxtəlif müddətlərə təmizlənir. Minalar qarışıq döşənib. Tank əleyhinə minalarla, piyada əleyhinə minalarla, sonra sürpriz qurulmuş minalarla qarşılaşırıq. Təkcə o demək deyil ki, ön xətt, təmas xətti minalanıb. Xeyr, bu ərazilərdə 1992-ci ildən başlayaraq ta bugünkü günə kimi döyüşlər gedib və o ərazilər də vaxtında minalanmış ərazilərdir. Ermənistan tərəfindən bizə minalanmış ərazilərin xəritəsi verilməyib. Xəritələrin bizə verilməməsi bizim işimizi həddindən artıq çətinləşdirir və mürəkkəbləşdirir”.

Onun sözlərinə görə, Ermənistan briqadaları Azərbaycan qoşunları ilə yerini dəyişdikdə həmin əraziləri yenidən minalayıb. Ona görə də ön xətdə çox kiçik bir sahə təmizləndikdə belə oradan minlərlə mina tapılır: "30 metr enində bir dənə mina xəttinə rast gələndə ordan ən azı 100-150 mina tapıb çıxara bilirik". Ön xətdə minalanmış sahədə 7-8 mina xətti ilə rastlaşdıqlarını dilə gətirən mütəxəssis deyir ki, minalanma 27-30 il ərzində aparılıb: "Hazırda üzərində işlədiyimiz, gələcəkdə magistral yol olacaq 200 metr sahədə təmizləmə aparırıq. Təxminən 200 metr enində sahədə 7-8 mina xətti var ki, orda minlərlə mina var. Hələ də çıxarmağa davam edirik". Onu da qeyd edək ki, Azərbaycan ərazilərini işğal altında saxladığı  dövrdə Ermənistan ordusu hətta hərbi təyinatı olmayan əraziləri də minalayıb. Bunda əsas məqsəd mümkün qədər çoxlu sayda mülki şəxsin həlak olmasıdır. Yuxarıda qeyd olunduğu kimi, azad edilmiş ərazilərin əksər hissəsinin dağlıq, bəzi yerlərin isə sərt iqlim şəraitinə malik olması mina və partlamamış hərbi sursatın basdırıldığı ərazilərdə axtarış prosesini çətinləşdirir. Ərazilərin minalardan təmizlənməsi prosesi Ermənistanın müvafiq xəritələri təqdim etməməsi səbəbindən əlavə vaxt tələb edir. Azərbaycanın dəfələrlə tələb etməsinə rəğmən, Ermənistan hələ də minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir. Bununla Ermənistan növbəti hərbi cinayətə yol verir. İndiki halda Ermənistan “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. Bundan başqa, BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Sözügedən konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürürlər. Lakin Ermənistan bu öhdəliyini pozmaqda davam edir.

Hazırda Azərbaycan dövləti minalanmış ərazilərin təmizlənməsi sahəsində bütün imkanlardan istifadə edir. Bununla əlaqədar lazımi təhlükəsizlik tədbirləri də görülür. Azərbaycan Müdafiə Nazirliyinin mühəndis-istehkam taborları, eləcə də Türkiyədən Azərbaycana gəlmiş mütəxəssislər minatəmizləmə prosesinə qoşulublar. Həmçinin Türkiyədən 20 ədəd müasir mexaniki minatəmizləmə texnikası Azərbaycana gətirilib. Həmin texnikalar azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatından təmizlənməsi işinə cəlb edilib. Azad edilmiş ərazilərdə bərpa işləri aparmaq üçün yollar hazırlanır. Həmçinin minaların təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində fəaliyyətin genişləndirilməsi məqsədilə ANAMA yenidən təşkil edilib. Dövlət tərəfindən beynəlxalq qurumlara müraciətlər olunub. Bu fonda ərazilərin minalardan təmizlənməsi prosesi də davam edir. Sadəcə, Ermənistanın müvafiq xəritələri təqdim etməməsi səbəbindən proses uzanır.

Nahid SALAYEV