Hündürdən yıxılıb ölən fəhlələr - nə əmək müqaviləsi, nə sığorta...

23 Fevral 2021 16:24 (UTC+04:00)

Son bir həftə ərzində bir neçə fəhlə hündürlükdən yıxılaraq faciəvi şəkildə həyatını itirib. 19 fevral tarixində Nərimanov rayonunda qeydə alınan ilk ölüm hadisəsi eynilə fevralın 22-də "Sədərək" TM-də baş verən hadisənin oxşarıdır. Tikinti işləri aparan fəhlə hündürlükdən yıxılaraq hadisə yerində vəfat edib. Təəsüsflər olsun ki, baş verən hadisə nə birincidir, nə də sonuncu.

Onu da qeyd edək ki, fəhlələrin nəinki sığortası, heç əmək müqaviləsi də yoxdur. Şirkətlər isə asanca belə ölüm hallarından yaxa qurtarırlar. Ancaq tikinti işlərindən məsul olan şəxs işə götürdüyü şəxsin  təhlükəsizlik qaydalarını, həyat sığortalarını təmin etmək məcburiyyətindədir.

Əksər xarici ölkədə tikinti şirkətləri mütləq təhlükəsizlik qaydalarına dair treninqdən keçirir. Yalnız sertifikat verildikdən sonra fəhlə tikinti işində çalışa bilər. Adi daş daşıyan fəhlə belə təhlükəsizlik qaydalarını bilməlidir.

Ancaq bizdə isə işə ehtiyacı olan şəxslər əmək müqaviləsi və sığorta olmadan cüzi məvaciblə tikinti şirkətində fəhlə işləməyə razıdırlar. Bədbəxt hadisə baş verən zaman tikinti şirkətləri canpulu verməkdən belə yayınırlar.

Hüquqşünas Rəşad Əliyev bildirdi ki, Əmək Məcəlləsinə əsasən, işəgötürən əməyin təhlükəsizliyi qaydalarına riayət etməli, təhlükəsiz əmək şəraiti yaradılmalıdır: "Bu zaman işçilərin hər biri əməyin təhlükəsizlik qaydaları ilə tanış olmalıdır. Onlar işə götürüləndə bu barədə məlumat verilir. İşçi həmin qaydalarla tanış edilməli və imza atmalıdır. İstər fəhlə, istər sürücü, istər qaynaqçı - onların hər biri işəgötürən tərəfindən tərtib və təsdiq edilən əmək təhlükəsizliyi qaydaları ilə tanış olmalıdır. Bundan başqa, təhlükəli şəraitdə çalışan işçilərə fərdi mühafizə vasitələri verilməlidir. Bədbəxt hadisə baş verdiyi zaman fakt üzrə cinayət işi qaldırılır və bu istiqamətdə istintaq aparılır. Aydın olur ki, işəgötürən qəzada həyatını itirən fəhlənin əməyinin təhlükəsizliyi üçün hansı səviyyədə tədbir görüb. Fəhlənin təhlükəsizlik qaydalarını kobud şəkildə pozduğu, yoxsa onun əməyinin təhlükəsizliyinin təmin olunmadığı üzə çıxarılır. İstintaq zaman məlum olur ki təhlükəsizlik kəməri fəhləyə verilibmi? Çünki bu kəmərlər hər gün aktla verilir. Fərdi mühafizə vasitələrinin alınmasına dair hər gün sənədə imza atılmalıdır. Fəhlənin imza atması sübüt olunsa, burada fəhlənin səhlənkarlığı var, bu zaman işəgötürənin məsuliyyəti istisna edilə bilər. Yox, sübut olunsa ki, günah fəhlədə deyil, işəgötürəndədir, Cinayət Məcəlləsinə əsasən, tədbirlər görülməlidir. Qanunvericilikdə qeyd edilir ki, tikinti, mədən və s. işlərin təhlükəsizlik qaydalarının pozulmasına görə şərti maliyyə məbləğinin 100 mislindən 500 mislinədək cərimə, iki ilədək islah işləri, həmçinin, 3 ilədək müəyyən vəzifə və fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etməklə 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Əgər zərərçəkən şəxs ölərsə, o zaman 3 ildən 8 ilədək müddətə təqsirkar şəxsi azadlıqdan məhrumetmə cəzası gözləyir”.

Günel CƏLİLOVA