Qaydaları dəfələrlə pozan sürücülərin məcburi psixoloji müayinəsi - Azərbaycanda zəruri addım…

22 Fevral 2021 18:17 (UTC+04:00)

Bir çox ölkədə yol hərəkəti qaydalarını dəfələrlə pozan sürücülər yol polisi tərəfindən aşkar edildikdə məcburi psixoloji müayinə mərkəzinə göndərilirlər. Həmin ölkələrdə yol polisi hesab edir ki, eyni qaydanı dəfələrlə pozan şəxsin psixoloji problemi var. Bu səbəbdən də həmin sürücülər məcburi şəkildə psixoloji müayinə mərkəzinə göndərilirlər. Analoji qaydanın ölkəmizdə də tətbiq olunması müzakirə olunur.

Məlumat üçün bildirək ki, ötən il ölkəmizdə yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3 milyon 631 min olub. Xətaların böyük əksəriyyəti sürət həddinin aşılması, dayanma-durma qaydalarının pozulması, işıqforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi və təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması ilə bağlıdır.

Açıqlanan statistik rəqəmlərdə də qeyd olunur ki, yol hərəkəti qaydalarını pozan sürücülərin bir qismi eyni əməli bir neçə dəfə təkrar edib. Bu səbəbdən də eyni qaydanı dəfələrlə pozan sürücünün psixoloji yardım alması təklif olunur.

Ekspertlər də bildirirlər ki, hansısa sürücü dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozursa, bu, ciddi narahatlıq doğuran bir məsələdir. Ümumiyyətlə, sükan arxasında telefonla danışmaq, sərxoş vəziyyətdə avtomobili idarə edərək təhlükəli vəziyyətlər yaratmağın özü insanlarda psixoloji vəziyyətin nə qədər ağır olmasından xəbər verir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, Avropadakı təcrübəni Azərbaycanda da tətbiq etmək olar. Bu qaydanı tətbiq etməzdən öncə maarifləndirici iş aparmaq lazımdır: “Zənnimcə, sükan arxasında əyləşən şəxslərin  psixoloji mərkəzlərdə müayinə edilməsi təcrübəsi Avropada qəzaların sayının azalmasına səbəb olursa, bu qaydanı ölkəmizdə də tətbiq etmək olar. Belə bir qayda bizdə də tətbiq olunarsa, yol hərəkəti qaydalarının pozulması hallarının sayı azalar”.

Günel CƏLİLOVA