Qarabağa azı 52 min erməninin qaytarılması məlumatı Ermənistan mediasında geniş müzakirə olunur - yeni erməni oyunu?

22 Fevral 2021 17:07 (UTC+04:00)

Erməni tərəfi zaman-zaman Qarabağa qaytarılan ermənilərin sayı barədə müxtəlif rəqəmlər səsləndirir. Onlar hər vasitə ilə belə rəy yaratmağa çalışırlar ki, guya müharibədən əvvəl Dağlıq Qarabağda yaşayan ermənilərin sayı 100 min nəfərdən çox olub. Rusiya Müdafiə Nazirliyinin ən son məlumatına görə, Qarabağa 52 mindən çox erməni qaytarılıb.

Bu arada erməni mediası Qarabağa 52 min erməninin qayıtdığı barədə məlumatları şübhə ilə qarşılayaraq, bu rəqəmin şişirdildiyini iddia edir: “Hadrut və bu rayona aid olan 40-a yaxın kənd Azərbaycanın nəzarətindədir. Şuşa ilə yanaşı, Əsgəran, Ağdərə və Xocalının bir sıra kəndləri Azərbaycanın nəzarətindədir. Üstəlik, yeni təmas xəttinə yaxın olan kəndlərin sakinləri geri qayıtmaq istəmirlər. O zaman bu qədər erməni necə qayıdıb?”

O da məlumdur ki, ermənilər məkrli niyyətlərinə uyğun olaraq özlərinə sərf edən formada məlumatlar yayırlar. Məqsəd bu cür məlumatların arxasında gizlənərək öz mənfur planlarını həyata keçirməkdir. Bu baxımdan erməni mətbuatının Qarabağa 52 min erməninin qayıtmasına tənqidi mövqedən yanaşması bir oyun ola bilərmi? Bəlkə Qarabağa deyildiyindən daha çox erməninin köçürülməsini gizlətməkdən ötrü bu cür aldadıcı fikirlər ortaya atmaqla əsl həqiqəti gizlədirlər? Yəni, bu minvalla, Azərbaycanın başını qatmaq istəyirlər. Bu, ermənilərin növbəti oyunu ola bilərmi?

Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, ermənilərin belə bir oyun oynayaraq çaşqınlıq yaratmaları ehtimalı böyükdür: “Ermənilərdən nə desən gözləmək olar. Məsələ ondadır ki, 30 ilə yaxın işğal dövründə Ermənistan təkcə Dağlıq Qarabağda deyil, ətraf rayonlarda da qanunsuz məskunlaşma siyasəti aparıb. Suriyadan, Livandan ora erməni əsilli əhali köçürülüb. Erməni mənbələrinin məlumatına görə, 27 sentyabrda başlayan müharibəyə qədər ətraf rayonlarda 17 min erməni məskunlaşdırılıb. Sözügedən rəqəmin nə dərəcədə doğru olduğunu demək çətin olsa da, fakt ondan ibarətdir ki, xaridən ermənilər gətirilərək qanunsuz olaraq məskunlaşdırılıb. Rusiya Müdafiə Nazirliyi ara-sıra məlumatlar yayır ki, filan qədər erməni Qarabağa qayıdıb. Kim zəmanət verir ki, qayıdan ermənilərin içərisində Suriyadan gələnlər yoxdur? Bununla bağlı hansısa yoxlama aparılırmı? Ona görə də bu suallara aydınlıq gətirilmədikcə, biz istənilən təhlükəyə hazır olmalıyıq. Separatçıların məqsədi odur ki, nəzarətlərində olan Dağlıq Qarabağa maksimum çox erməni qayıtsın. Nəzərə almalıyıq ki, Ermənistan status məsələsindən əl çəkmək istəmir. Üstəlik, Rusiya da maraqlıdır ki, Dağlıq Qarabağı tərk edən ermənilər geri qayıtsın. Çünki sülhməramlıların orada varlığı ermənilərin geri qayıtması ilə ölçülür. Ermənilər ora qayıtmazsa, o zaman rus sülhməramlılarının orada olmasına ehtiyac olmayacaq. Ona görə də biz son dərəcə diqqətli olmalıyıq. Erməni tərəfinin yaydığı istənilən məlumata inanmamalıyıq”.

Siyasi ekspert hesab edir ki, Dağlıq Qarabağda azərbaycanlıların geri qayıtması prosesi sürətləndirilməlidir.

Vidadi ORDAHALLI