Azərbaycanda digər növ cinayətlər azalır, rüşvət alma və rüşvət vermə niyə artır...

19 Fevral 2021 18:54 (UTC+04:00)

Dövlət Statistika Komitəsindən mətbuata verilən məlumata görə, ötən il korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin ümumi sayı 14,1 faiz azalsa da, rüşvət alma və rüşvət vermə cinayətləri 1,6 dəfə artıb.

Ölkəmizdə rüşvət alma və rüşvət vermə cinayətlərinin artmasının səbəbi nədir?

 “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, tanınmış hüquqşünas Şəmsəddin Əliyev hesab edir ki, bunun əsas səbəblərindən biri rüşvətə rəvac verən məmurların hələ də vəzifələrdə təmsil olunması ilə bağlıdır. “Ümumiyyətlə, rüşvət alma və rüşvət vermə vəzifə cinayətləridir, bunun da artmasına imkan verən məsələlər var. Bu halın artmasının səbəbi məmurların onlara etibar edilmiş vəzifələrindən sui-istifadə etmə hallarına daha çox yol verməsi ilə bağlıdır. Məmurlar, dövlət qulluqçuları arasında onlara göstərilən etimadı doğrultmayanlar da var. Təbii ki, hansı məmur böyük iradəyə malikdi, nəfsinə qalib gəlməyi bacarır, onu ələ almaq olmur və o, bu kimi neqativ hallara yol vermir. Bir məsələni də deyim ki, məmurlar, vəzifəli şəxslər öz vəzifələrini icra etməzdən əvvəl Vətənə sədaqət andı içirlər. Əslinə qalanda, bu andın mətni kifayət qədər ciddidir, bu andı içən və qəlbində, düşüncəsində vətənə həqiqi məhəbbət, sədaqət olan dövlət məmuru, vəzifəli şəxslər heç vaxt öz vəzifəsindən sui-istifadə etmir.

Rüşvət vermə və rüşvət alma faizinin artması faktı ölkə başçısının bəzi dövlət məmurlarına, dövlət qulluqçularına barmaq silkələməsindən sonra üzə çıxmağa başladı. Yəni dövlət qurumlarında yoxlamalar baş verdi, araşdırmalar aparıldı, səlahiyyətli qurumlar bu istiqamətdə əməliyyat-axtarış tədbirləri həyata keçirdilər və bu proseslər zamanı rüşvət almanın və rüşvət vermənin dinamikada sayının artması üzə çıxarıldı. Amma bu problemin qarşısını almaq olar. Hesab edirəm ki, bizim bu istiqamətdə görməli olduğumuz xeyli işlər var. Vətəndaş cəmiyyəti, KİV və ictimaiyyət olaraq belə məsələlərdə seyrçi mövqedə dayanmamalıyıq, ictimai nəzarəti həyata keçirməliyik. İstənilən vətəndaş rüşvət vermə və rüşvət alma halları ilə qarşılaşırsa, bunun şahidi, yaxud iştirakçısı olursa dərhal aidiyyəti qurumlara xəbər verməlidir. Düşünürəm ki, korrupsiya cinayətkarlarına qarşı həyata keçirilən tədbirlər nəticəsində məmurların həbs edilməsi rüşvətə rəvac verən digər məmurlara “dayan, dur” mesajıdır. Burada həm də maarifləndirici, profilaktik məlumatlandırma eyhamı var. Düşünürəm ki, bu da vəzifə sahiblərinə, dövlət qulluqçularına görk olmursa, onda gərək biz daha ağır mübarizə üsullara üstünlük verək. Hesab edirəm ki, Azərbaycan dövlətinin inkişafı birmənalı olaraq məmurların və dövlət qulluqçularının ədalətli olmasından keçir...”- deyə bildirən Ş.Əliyev hesab edir ki, bütün xalqımız ölkə başçısının siyasi kursu ətrafında sıx birləşməli və Prezidentə dayaq, dəstək olmalıdır.

İradə SARIYEVA