Qarabağ erməniləri “valı dəyişir” - aralarında bircə rusa yer verməyən ermənilər rus dilini yekə-yekə dövlət dili bəyan edirlər...

18 Fevral 2021 17:29 (UTC+04:00)

Ermənilər elə bir toplumdur ki, onlar özlərindən başqa heç kəsi xoşlamırlar. Başqa xalqlara qarşı patoloji nifrəti olan ermənilər yalnız işləri düşəndə, təmənnaları olanda hansısa bir xalqa yarınırlar. Ermənilər Rusiyaya yarınmaqda, ona xoş görünməkdə davam edirlər. Qarabağ iddiasından əl çəkmək istəməyən seperatçı qüvvələr yeni təxribatla gündəmə gəliblər. Separatçılar rus dilini öz “rəsmi dilləri elan ediblər.

 

RİA “Novosti”nin yazdığına görə, Qarabağdakı separatçılar rus dilini “rəsmi dil” elan etmək niyyətindədirlər. Separatçıların lideri Araik Arutyunyan tanınmamış “respublika”nın “parlament”inin təqdim etdiyi "Dil haqqında" qanun layihəsini imzalayıb. Layihədə vurğulanır ki, "Dağlıq Qarabağ respublikası”nın “rəsmi dil”ləri ədəbi erməni və rus dilləridir. Yəni "dövlət orqanları", "hüquqi şəxslər", müəssisələr və təşkilatlar iş icraatlarını erməni və lazım gələrsə, rus dilində aparmalıdırlar. Həmçinin, çap materiallarının da - kitabların, dərsliklərin, məlumat kitabçalarının, elmi-metodiki və elmi-populyar ədəbiyyatın da iki dildə olması təşviq ediləcək. 

Ermənilər layihəni "Qarabağla Rusiya arasında mədəni, hərbi, iqtisadi münasibətlərin, tarixi yaddaşın və bir çox qarabağlı üçün rus dilinin ikinci ünsiyyət dili olmasının nəzərə alınması gərəyi" ilə əsaslandırıblar. Onlar belə qənaətə gəliblər ki, "Rusiya sülhməramlılarının bölgədə uzunmüddətli mövcudluğu, sosial, kommunikativ, tikinti, səhiyyə, təhsil və elm sahəsində əməkdaşlıq rus dilinin roluna yenidən baxılmasını tələb edir".

Məsələ burasındadır ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin arasında nəinki bir rus, hətta qeyri-xalqın bir nəfər də olsun nümayəndəsi yoxdur. Separatçı A.Arutyunyanın və onun təxribatçı dəstəsinin “rus dili” oyunu böyük bir təxribatdır. Guya öz aləmlərində separatçı rejimi “dirildir”lər və rus dilini “rəsmi dövlət dili” elan edirlər.

Ekspertlər deyirlər ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və burada Azərbaycan qanunları, Azərbaycanın dövlət atributları, dövlət dili hökm sürəcək. Separatçıların “rus dili” kartından istifadə etməsi isə onların özlərinin zərərinə olan bir məsələdir. Separatçıların bu niyyətlərinin məkrli bir oyun olduğunu deyən ekspertlərin fikrincə, onlar bununla özlərinə “toxunulmazılıq statusu” əldə etmək istəyirlər, amma bunun heç bir faydası olmayacaq. Bəzi eksperlərin fikrincə isə Rusiya özü bu məsələyə müdaxilə etməli və separatçıları yerində oturtmalıdır ki, Qarabağ Azərbaycan ərazisidir və burada rəsmi dil də Azərbaycan dili olmalıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, hələlik Qarabağın Azərbaycanın tam nəzarətində olmayan hissəsində baş verənlər, şübhəsiz, qəbuledilməzdir. “Özünü separatçıların başçısı elan edən A.Arutyunyanın və onun ətrafındakıların zaman-zaman bəzi təxribatçı açıqlamalar verməsi təsadüfi deyil. Bunu daha çox havadarlarına arxalanaraq edirlər. Bilirik ki, istər Ermənistanın, istərsə də separatçıların arxasında duran xarici dövlətlərin məqsədləri burada da özünü göstərir, həmin qrupların Ermənistanın daxilindəki bəzi qüvvələrin Azərbaycana qarşı müharibə çağırışlarının arxasında dayandığı da gizlin deyil, onlar erməniləri buna sövq edirlər. Hesab edirəm ki, Azərbaycanın rəsmi dairələri də bu barədə kifayət qədər məlumatlıdır. Hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizdəki separatçıların başçısının rus dilinin bu bölgədə “ikinci rəsmi dil olacaq” fikrini səsləndirməsi həm çox gülüncdür, həm də bunun onların deyil, havadarlarının məqsədi olduğu, diqtəsi ilə deyildiyi açıq-aşkar ortadadır. Necə ola bilər ki, heç bir statusu olmayan, heç bir dövlət, hətta separatçıları birbaşa dəstəkləyən və onları Azərbaycan ərazisinə göndərən Ermənistanın özü tərəfindən tanınmayan separatçı rejimin başçısı rus dili haqqında hər hansı bəyanat verir? Məlumdur ki, separatçı rejimin hazırda mövcud olduğu ərazidə etnik rus əhali yoxdur, burada ruslar yaşamırlar. Bilirik ki, 10 noyabr bəyanatından sonra Rusiya Federasiyasının sülhməramlıları Qarabağ bölgəsinə gəlib, onların gəlişi bu bəyanatla bağlıdır. Belə olduğu təqdirdə rus dili məsələsi hansı əsasla ortaya çıxa bilər? Ümumiyyətlə, separatçı bir rejimin özü tanınmırsa və onun “elan etdiyi dil” Azərbaycanda tanınmırsa, qəbul olunmursa, qondarma rejim hansı əsasla, üstəlik də rus dilini ortaya atır və onunla bağlı bəyanat verir? Bunun heç bir əsası yoxdur. Şübhəsiz ki, separatçıların rus dilini “rəsmi dil” elan etməsi niyyətinin arxasında onların havadarları durur və separatçıları buna onlar təhrik edirlər. Məqsəd də Azərbaycanı mümkün olduğu qədər təxribatlara çəkmək və daha çox “müharibə tərəfdarı” kimi qələmə verməkdir. Şübhəsiz ki, bu kimi təhrikedici addımlar Azərbaycan tərəfindən qətiyyən qəbul edilə bilməz, nə rəsmi Bakı, nə də Azərbayan xalqı bunu qəbul edər. Onlar yaxşı bilirlər ki, həm Azərbaycan dövləti, həm də Azərbaycan xalqı bu kimi təxribatlara sərt şəkildə cavab verəcək. Bu anlamda, yenidən bu məkrli qüvvələr Azərbaycanı dünyanın gözündə “müharibə tərəfdarı”, “müharibəni yenidən başlayacaq tərəf” kimi göstərməyə cəhd göstərirlər. Bunun üçün də bu kimi təxribatçı addımlar atırlar”.

F.Ələkbərlinin qeyd etdiyinə görə, artıq Fransa və digər Qərb dövlətləri, eləcə də Rusiyanın bəzi dairələri Ermənistanda müharibə tərəfdarları olan qüvvələrin hakimiyyətə gətirilməsinə çalışırlar. “Bu ərəfədə, əslində, rus dili məsələsinin də ortaya atılması artıq yenidən bir müharibə başlamaq ehtimalını gücləndirir” - deyən F.Ələkbərlinin bildirdiyinə görə, Azərbaycanın da bir səbri var. Onun qeyd etdiyinə görə, biz 1994-cü ilin atəşkəs razılaşmasından aprel döyüşlərinə qədər səbr etdik, bu döyüşlərdə müəyyən qədər uğur qazandıq, 2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində qələbə əldə etdik. “Şübhəsiz ki, Azərbaycanın səbri daşarsa, bu məsələdə öz iradəsini ortaya qoyacaq. Heç bir halda, separatçıların dili, hansısa başqa bir başqa dillə bağlı Azərbaycan Konstitusiyasına, Azərbaycanın suverenliyinə zidd addımların atılması mümkün deyil. Azərbaycan yenə də belə addım atanlara layiqli cavab verəcək. Hesab edirəm ki, A.Arutyunyan kimi separatçıların başçılarının bu kimi fikirlər səsləndirməsi onun öz beyninin məhsulu deyil, havadarlarının beyninin məhsuludur. Ancaq Azərbaycan da, əlbəttə, səbrli və təmkinli davranmaqla yanaşı, o məsələdə öz mövqeyini sərt şəkildə ortaya qoymalıdır, nə olursa-olsun, separatçıların öz həddini aşmasına imkan verilməməli və eyni zamanda, separatçıları Azərbaycan ərazisindən təmizləməlidir. Başqa bir yolumuz yoxdur. Laçın dəhlizi də, Xankəndi və ermənilərin yaşadıqları digər yerlər də Azərbaycanın nəzarəti altında olmalıdır” - deyə F.Ələkbərli vurğuladı.

İradə SARIYEVA