Ustad aşıq Umbay Axundova AAB-ın yubiley töhfəsi...

10 Fevral 2021 18:35 (UTC+04:00)

Azərbaycan Aşıqlar Birliyi tərəfindən hazırlannmış növbəti audiodisk işıq üzü görüb. Bu barədə “Bakı-Xəbər”ə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, son dövrdə bir sıra aşıqların ifalarından ibarət audiodisklər buraxdıran AAB bu dəfə ustad aşıq, Əməkdar mədəniyyət işçisi Umbay Axundovun yaradıcılığına müraciət edib. Anadan olmasının 80 illik yubileyinə töhfə kimi hazırlanan diskdə ustadın ifasında müxtəlif aşıq havaları yer alıb.

Xatırladaq ki, Umbay Axundov 1940-cı ildə Laçın rayonunun Qarakeçid kəndində anadan olub. Sənətin sirlərini Dədə Şəmşir və Mais Gəncəli kimi ustad aşıqlardan alıb. Azərbaycan aşıqlarının IV, V və VI qurultaylarında iştirak edib, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvüdür. 1987-ci ildə aşıq Ədalət Axundovla birlikdə söylədiyi “Şah İsmayıl və Gülzar” dastanı videolentə alınaraq Azərbaycan Dövlət Televiziyasının Qızıl Fonduna daxil edilib. 1989-cu ildə  Moskvada “Melodiya” firması tərəfindən onun iki qramofon valı buraxılıb.

Bədii yaradıcılıqla da məşğul olan Umbay Axundovun indiyədək “Laçında dillənən saz” (1989) və “Mən hələ yaşadım” (2012) adlı iki şeir  kitabı nəşr olunub.

İradə SARIYEVA