Pandemiya dövründə Azərbaycanın dünya ölkələrindən növbəti üstünlüyü - xarici investisiya cəmi 1.4 faiz azalıb

26 Yanvar 2021 18:53 (UTC+04:00)

Pandemiya ilə əlaqədar ötən il əksər dünya ölkəsində xarici investisiyaların həcmi kəskin azalıb. Bu isə həmin ölkələrdə iqtisadi fəallığın aşağı düşməsinə, iş yerlərinin azalmasına, vergi yığımında müəyyən problemlərin yaranmasına və digər bu kimi problemlərə səbəb olub.

 

Ancaq maraqlıdır ki, həmin ölkələrdən fərqli olaraq, Azərbaycanda bu sahədə vəziyyət elə də kritik deyil. Məsələ ondadır ki, 2020-ci ildə Azərbaycana xarici investisiya qoyuluşu cüzi azalıb. Ötən il xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 5 milyard 117 milyon manat vəsait yönəldilib. Bu isə 2019-cu illə müqayisədə 1,4 faiz azdır. O da məlum olub ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 4 milyard 364,1 milyon manatı (85,2 %-i) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Malayziya, Norveç, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Bütün bunların fonunda ötən il Azərbaycana xarici investisiya qoyuluşunun cüzi azalmasını ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov bunu onunla əsaslandırdı ki, Azərbaycana xarici investisiya qoyuluşları əsasən uzunmüddətli anlaşmalarla tənzimlənir: “Bununla belə, yeni layihələrin həyata keçirilməsi xarici sərmayələrin cəlb edilməsinə şərait yaradır. Xarici sərmayələrin bir qismi neft, digər qismi isə qeyri-neft sektoruna cəlb edilir. Neft sektoruna cəlb edilən sərmayələr uzunmüddətli anlaşmalarla tənzimlənir. Bütün bunların nəticəsidir ki, 2020-ci ildə Azərbaycanda xarici sərmayə qoyuluşu cüzi azalıb. Praktiki olaraq bu sahədə ciddi problem yaranmayıb. Eyni zamanda, qeyri-neft sektoru da xarici sərmayənin cəlb edilməsi baxımından prioritet olub. Pandemiyanın təsirlərini nəzərə alsaq, ötən il ölkəyə qoyulan xarici sərmayələrin həcmini, səviyyəsini məqbul hesab etmək olar. Bütün bunlar 2021-ci ildə və növbəti illərdə iqtisadi inkişafın bərpa edilməsi üçün bir zəmin formalaşdırır. Həm də daha dayanıqlı inkişaf üçün bir baza formalaşdırır. O baxımdan əvvəlki illərdə aparılan islahatlar, uzunmüddətli imzalanan sazişlər, eyni zamanda, qeyri-neft sektorunun prioritet seçilməsi Azərbaycanın xarici sərmayə cəlb edilməsi baxımından məqbul nəticə əldə etməsi üçün imkan yaradıb”.

Millət vəkili hesab edir ki, bütün bunlar iqtisadi artımı təmin etmək üçün xüsusi zəmin yaradır.

Vidadi ORDAHALLI