Yeni torpaqlar naminə yeni müharibədən danışan Tonoyandan acı etiraf - biz 5-ci nəsil səviyyəsində silahlanmış Azərbaycana məğlub olduq...

26 Yanvar 2021 18:20 (UTC+04:00)

“Bu yaxınlarda Qarabağdakı müharibə nəticəsində Ermənistanın məğlub olmasının səbəblərindən biri də ordunun beşinci nəsil silahlardan istifadə edərək “təmassız” müharibəyə hazır olmaması idi”. Bu sözləri Ermənistanın sabiq müdafiə naziri David Tonoyan İkinci Qarabağ savaşı ilə bağlı açıqlamasında deyib.

O, Ermənitanın məğlubiyyətinə haqq qazandırmaq üçün əsasən bu arqumentdən istifadə edib. İddia edib ki, guya Ermənistan sözügedən silahlara sahib olsaydı, məğlubiyyətdən qaçmaq olardı. Bununla belə, Tonoyan qeyd edib ki, Baş nazirlik-Baş Qərargah-Müdafiə Nazirliyi sistemində qeyri-dəqiqlik problemi var idi. O bildirib ki, bunun nəticəsində ərsəyə gələn səfərbərlik, Ermənistan silahlı qüvvələri, əhalinin təxliyyəsi və s. məsələlərdə yaşanan problemləri həll edə bilməyib.

“Müharibə qurtardıqdan sonra Ermənistanda və onun hüdudlarından kənarda məşhur “yeni müharibə – yeni ərazilər” ifadəniz müzakirə olunur. Məsələn, yanvarın 18-də onu Rusiya XİN başçısı da mətbuat konfransında xatırladıb. Bu bəyanata görə peşmansınızmı” sualını Tonoyan belə cavablayıb: “Təxminən ilyarım bundan əvvəl ABŞ-ın erməni icması ilə görüşdə səsləndirilən bu ifadə Azərbaycan hərbi-siyasi rəhbərliyinin Qarabağ problemini hərbi yolla həll etmək niyyətilə bağlı bəyanatlarına cavab idi. Bakının və bəzi erməni siyasi xadimlərin sözlərinə baxmayaraq, bu ifadə danışıqların iflasa uğramasına və müharibənin başlanmasına səbəb ola bilməzdi. Müharibə istənilən gün başlana bilərdi”.

Əvvəla qeyd edək ki, Tonoyan bu ifadəni yalnız ABŞ-da işlətməyib, bu tezis Paşinyan hakimiyyətinin Qarabağ siyasətinin bazisi rolunu oynayıb. 2019-cu ilin martında Azərbaycanla sərhədyanı rayonlara səfər edərkən də bu fikirləri səsləndirib. 2020-ci ilin iyulunda Tovuz istiqamətində erməni təxribatı zamanı və ondan sonrakı günlərdə də Tonoyan fəxrlə bu tezisi səsləndirməkdə idi.

Bütün bunlarla yanaşı, maraqlıdır, Azərbaycan həqiqətən 5-ci nəsil silahlanma səviyyəsində idisə, o zaman bəs Ermənistan neçənci səviyyədə idi?

“Hətta döyüşlərdə ötən əsrin 50-ci illərində istehsal olunan tanklardan istifadə ediblər”

Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, Ermənistan ən müasir REB sistemlərə malik olsaydı belə, onlar məğlubiyyətdən qaça bilməzdilər: “Tonoyan məsuliyyətdən yaxa qurtarmaq üçün belə fikirləri daha çox qabardır. Düzdür, Ermənistanın silah arsenalında müasir PUA-lar, zərbə dronları yox səviyyəsində idi. Eyni zamanda, tankların çoxu köhnə idi. Hətta döyüşlərdə ötən əsrin 50-ci illərində istehsal olunan tanklardan istifadə etmələri barədə məlumatlar var. Bu da təbiidir. Ona görə ki, Ermənistan dilənçi günündə olan bir dövlətdir. Ermənistanın 5-ci nəsil silahları əldə etmək üçün iqtisadi imkanları yox idi. Ancaq Ermənistan ordusu ən müasir REB sistemlərə malik olsaydı belə, yenə də məğlub olacaqdı. Çünki Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti, hazırlığı qarşısında duruş gətirə bilməzdilər. Ermənistanın nə canlı resursları, nə də digər vasitələri bunu qarşılamaq gücündə olmayıb. Digər tərəfdən, biz PUA-lardan ona görə çox istifadə etdik ki, canlı qüvvə itkisi çox olmasın. Elə yerlər var ki, onların azad edilməsində PUA-ların rolu olmayıb. Məsələn, Şuşa şəhərini qəhrəman əsgərlərimiz heç bir hərbi texnikadan istifadə etmədən azad ediblər. Ümumiyyətlə, 44 günlük müharibə başlayanda bütün əlverişli yüksəkliklər Ermənistanın əlində idi. Ordumuz əlverişsiz mövqelərdən hücum edərək torpaqları azad etdi”.

Hərbi ekspert onu da qeyd etdi ki, Azərbaycan Ordusu öz gücünü nəinki Ermənistana, bütün dünyaya göstərdi.

Vidadi ORDAHALLI