Pandemiya şəraitində qazancsız qalmış şou-müğənni TƏBİB-i hədəf seçdi, özü də hədəf oldu - Tünzalə Ağayeva...

26 Yanvar 2021 17:58 (UTC+04:00)

Koronavirus pandemiyasının ilk dövründə ciddi cəhdlə “Evdə qal” kampaniyasına qoşulan, vətəndaşlara evdə qalmaq çağırışları edən şou-biznesçilərin əksəriyyəti öz mövqeyindən 180 dərəcə geri dönərək, əks kampaniyalara başlayıb.

Onlardan biri də Xalq artisti Tünzalə Ağayevadır ki, o  da TƏBİB-ə müraciət edib. Müğənni bu barədə özünün “Facebook” səhifəsində yazıb: “Hörmətli TƏBİB, pandemiya boyu bütün qaydalara riayət edən və “Evdə qal” kampaniyasının təbliğatçılarından olan Xalq artisti kimi sizə müraciət edirəm. Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa fəaliyyətlərini görürük. Nə vaxta qədər bizdə mədəniyyət, incəsənət sahəsinə qarşı qadağalar davam edəcək?! Nəzərinizə çatdırım ki, təəssüf ki, əksər Azərbaycan musiqiçilərinin, eləcə də mənim müəllif hüquqlarımızın qorunması və hər hansı bir gəlir əldə edilməsi mövzusu yox dərəcəsindədir”.

Xalq artisti həmkarlarının acınacaqlı vəziyyətindən danışıb: “Belə reallıqda, maddi gəlir və alternativ fəaliyyət şəraiti olmayan vəziyyətdə imkan yaradın ki, biz də digər təcrübədə olduğu kimi, bəlli sayda auditoriyalı konsertlər, tədbirlər edə bilək və bilirsiniz ki, bu təqdirdə minlərlə insan ağır vəziyyətdən çıxa bilər. Minlərlə musiqiçi, sadəcə, gündəlik qazancla yaşayır, onlardan artıq dünyasını dəyişənlər də oldu, çox yazıq, digərləri də paramparça vəziyyətdədirlər. Bununla musiqi mədəniyyəti çox qiymətli sənətçiləri itirə-itirə gedir”.

Müğənni, həmçinin, qeyd edib ki, Azərbaycan tanınmışları haqqında əksər insan tərəfindən olduqca yanlış bir təsəvvür var: “Baxın, başqa ölkələrdə musiqiçi, artist kimi məşhurlaşmaq çox yaxşı qazanmaq deməkdir. Albom, konsert satışı, internetdə rəqəmsal ticarət, müəllif hüquqlarından gələn gəlir həmin məşhurun qazancıdır. Bizim reallıqda sadaladıqlarımın heç biri işləmir, bunun obyektiv və subyektiv səbəbləri var. Alternativ fəaliyyət imkanları da yoxdur hələlik, təəssüf. Bizdə məşhur musiqiçi və artist olmaq iş adamı demək deyil. O, Allahın verdiyi səs telləri, istedadı, sadəcə, sənət bacarığı sayəsində fəaliyyət göstərir və 1 ildir tamamən, 100% durğunluq içindədir. Bu vəziyyət musiqi mədəniyyətinə töhfələr verə bilən istedadlı peşəkarların itkisinə aparır”.

T.Ağayevanın öz müraciəti ilə TƏBİB-i hədəfə alması onun özünün ictimaiyyətin, media mənsublarının, sosail şəbəkə istifadəçilərinin qınağına tuş gəlməsinə səbəb olub. Pandemiyaya qədər toy tutub, tutduğu toylarla da camaatın, toy sahiblərinin cibinə toy tutan müğənnilərdən olan T.Ağayevanın TƏBİB-ə müraciətini şərh edənlər qeyd edirlər ki, T.Ağayeva və həmkarlarının pandemiya dövründə “ac” qalmasının səbəbi onların sənətlərinin yalnız toy üzərində qurulması ilə bağlı olduğunu göstərir. Bu o deməkdir ki, “sənətkaram” deyən müğənnilərimizin əksəriyyətinin toy olmasa, sənəti heç nəyə qadir deyil.      

T.Ağayevanın TƏBİB-ə müraciətinə reaksiya verənlərdən biri “Unikal” Media Qrupunun baş redaktoru Zaur Əhməddir. Z.Əhməd özünün rəsmi “Facebook” səhifəsində Xalq artistinin müraciətinə belə şərh verib: “Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkədə TƏBİB-ə müraciət edərək işsizlikdən şikayətlənib. Sual edib ki, nə vaxta qədər mədəniyyət sahəsinə qarşı qadağalar davam edəcək?!

Sual və narahatlığı normal qəbul edirəm, amma ünvan yanlışdır. TƏBİB qadağa tətbiq etməyib ki? Xanım müğənni “musiqiçilər paramparçadır, imkan verin işləyək” - deyir. Kimdir, sizə qadağa qoyan? Birincisi, qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Məncə, sitəm edəndə ölçüb-biçib sitəm etmək lazımdır...

Pandemiyanın şou-biznes və mədəniyyət adamlarına ciddi təsir etdiyini bölüşürəm. Amma digər ölkələrdə, uzağa getməyək, Türkiyədə sənət adamları karantin dönəmində də öz sahələrinə uyğun fəaliyyət göstərə bilirlər. Çünki yaradıcıdırlar, istedadları təkcə Allahın verdiyi səs deyil, özlərindən də nələrsə qatıllar. Təbii ki, Türkiyədəki şərait də bizimki kimi deyil. Amma sizi inandırım ki, onlarda Xalq artisti səviyyəsində olan sənətçi bir ildə otutub toy gözləmir ki, gedib pul qazanacaq.

Odur ki, bir az savadlanmaq, dünyagörüşü genişləndirmək, fərqli yanaşma, sponsor cəlb etmək barədə də düşünmək olar. Bununla bağlı nümunə də var. Müğənni Nura Suri şou-biznesdə durğunluq yaranan kimi fərqli bir sahədə özünü sınadı. Məncə, pis alınmayıb. Başqaları da başqa varianta əl ata bilər.

Nəzərə almaq lazımdır ki, bu sahədə çalışan insanların “dünyanın düz vaxtında” qazancları yaxşı olub. Yeni layihələr, hansısa fərqli qazanc yerləri barədə düşünə bilərlər. Yaxşı bəs, gündəlik çörək pulu qazanan və pandemiya dönəmində 190 manat belə ala bilməyənlər nə etsinlər?

Sözümün canı odur ki, bir az kreativ olmaq lazımdır. Təbii ki, ölkəmizdəki şərtlərin ağır olduğunu nəzərə alıram, amma çıxış yolu hər zaman var...”

Ümumiyyətlə, şərhçilər hesab edirlər ki, bizim şou-biznesçilər “toy yoxdur” deyib əllərinə dəsmal götürüb “ağlamaqdansa”, daha uyğun sahələrdə özlərini sınamalıdırlar. Bununla yanaşı da internet resurslarından istifadə etməklə başa ölkələrin sənətçiləri kimi öz sənətləri vasitəsilə gəlir əldə etməlidirlər.

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli hesab edir ki, şou-biznes nümayəndələrini hər şeydən əvvəl öz şəxsi gəlirləri maraqlandırır, bu üzdən də onları dövlətin pandemiya ilə mübarizəsi maraqlandırmır. Q.Məhərrəmlinin sözlərinə görə, T.Ağayeva və digər şou-biznesçilərin əsas gəlir yeri toylar olub, toylar isə pandemiyaya görə hələlik təxirə salınıb. “Adam şou-biznesçilərin bu kimi müraciətlərini eşidəndə çox təəccüblənir ki, bu adamların məgər toydan başqa gəlir yeri olmayıb? Bildiyim qədər, onların bəzilərinin şəxsi biznesi də var. Əslində, müğənninin sənəti o qədər  yüksək olmalıdır ki, o, ən ağır şəraitdə belə çıxılmaz vəziyyətə düşməsin. Pandemiya bir sınaq oldu, kimin kim olduğunu üzə çıxardı. Tünzalə Ağayeva niyə “üsyan edir”, anlaya bilmirəm, yaxşı müğənnidir, istəsə, başqa ölkələrin müğənniləri kimi o da sənəti ilə pul qazana bilər. Bunun üçün kifayət qədər imkan var. Sosial şəbəkələr, internet resursları üzərindən konsertlər də təşkil edə bilərlər. Biz deyəndə ki, bizim şou-biznesçilərin sənəti “Biləcəridən o yanda” tanınmır, onlar bizimlə razılaşmırdılar, amma pandemiya bunu təsdiqlədi. TƏBİB, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargah toy qadağalarını camaatın, bizim hər birimizin sağlamlığı üçün tətbiq edib ki, daha çox insan pandemiyaya yoluxmasın. İndiki vəziyyətdə toylar bərpa edilərsə, görün biz necə dəhşətli fəlakətlərlə üzləşə bilərik. “Nə vaxta qədər bizdə mədəniyyət, incəsənət sahəsinə qarşı qadağalar davam edəcək?!” sualını ünvanlayan müğənni bilmir ki, heç kəs müğənnilərin fəaliyyətinin qarşısına çəpər çəkməyib, onlar başqa vasitələrdən istifadə edərək öz sənətləri ilə pul qazana bilərlər. Hərəsi yanında 2-3 prodüsser gəzdirir, məgər o prodüsserlərin hər hansı bir kreativ ideyası yoxdur ki, müğənnilər üçün şəraitə uyğun fəaliyyət qursun. Türkiyədə, Rusiyada, ABŞ-da və dünyanın digər ölkələrindəki müğənnilər pandemiya şəraitində necə işləyirlər? Bunu öyrənsinlər, yeni iş üsulları tapsınlar. Xarici müğənnilərin əsas gəlir yerləri toylar deyil ki. Bizim şou-biznesçilərin sənətləri isə əsasən toylara hesablanıb. Belə olmalı deyil. Bəs bu müğənnilər albom, disk buraxmırlar?

Hesab edirəm ki, TƏBİB-ə “üsyan” edən bu adam öz sənətini beynəlxalq səviyyədə təkmilləşdirib toylardan kənar pul qazanmaq yollarını düşünsün. Bu daha yaxşı olar, nəinki belə müraciətlər.

Bu gün müğənnilər özləri haqqında düşünür, amma evinə bir parça çörək aparmaq üçün min bir əziyyətə qatlaşan insanlar haqqında düşünmürlər. Vaxtilə alimlərə lağla yanaşan şou-biznesçilərdən biri efirdə demişdi ki, gedin professorun da soyuducusuna baxın, mənim də, mənim soyuducum doludur, professorun soyuducusu isə boşdur. Bu nə demək idi? Bu alimə, elm adamına həqarət idi. İndi həmin müğənnilər “ağlaşma” qurublar. Tünzalə xanım da, digər şou-biznesçilər də yersiz “üsyan” etməkdənsə, karantin qaydalarına uyğun fəaliyyət qursunlar. Karantindən cəmiyyətimizin bir çox sahəsi əziyyət çəkir. Dözməliyik. Ellə gələn toy-bayramdır” - deyə alim vurğuladı.

İradə SARIYEVA