10 noyabr Qarabağ razılaşmasına Rusiya deputatının qəsdi - hakim partiya öz üzvünün işinə siyasi qiymət verməlidirmi...

26 Yanvar 2021 16:55 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya Dövlət Dumasının üzvü Milonovun erməni kanalına müsahibəsini şərh edib. XIN  bildirib ki, Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Vitaliy Milonovun erməni KİV-nə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsi qəti şəkildə pislənilir:

“Məlum olduğu kimi, Dövlət Dumasının üzvü Vitaliy Milonov Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq ölkəmizin işğaldan azad olunmuş ərazisinə qanunsuz səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib.

Rusiya Dövlət Dumasının üzvü Vitaliy Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addım Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir.

Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz və Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlməyən davranışı ölkələrimiz arasında münasibətlərə kölgə salmaq cəhdidir. Onun bu çıxışı, həmçinin, Rusiya da daxil olmaqla bölgə ölkələrinin uzun illərdir davam edən düşmənçiliyə son qoyulması və xalqlar arasında sülh, əminamanlıq və əməkdaşlığın təmin olunması istiqamətində atdığı addımlara xələl gətirir. Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir. Dövlət Dumasının üzvü statusundan istifadə edərək bu münasibətlərə xələl gətirmək cəhdləri qəbuledilməzdir və uğursuzluğa düçardır".

Qeyd edək ki, Milonovun açıqlamaları onun təmsil etdiyi partiyanın mövqeyilə qəti üst-üstə düşmür. Bu, eyni zamanda, Rusiya dövlətinin mövqeyilə ziddiyyət təşkil edir və Rusiyanın üzərinə götürdüyü 10 noyabr razılaşmasına tam uyğunsuzdur. Belə avantürist mövqe həm də iki ölkə arasındakı münasibətlərə xələl gətirə bilər. Bu baxımdan Rusiyada hakim partiya olan “Vahid Rusiya” Milonovun  davranışlarına siyasi qiymət verməlidirmi?

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri  Rauf Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan XİN-in Rusiya Dövlət Dumasının deputatı Vitaliy Milonovu Azərbaycanda arzu olunmayan rəsmilər sırasına salmasını tamamilə düzgün hesab edir: “Rusiya hakim partiyasının nümayəndəsinin Ermənistan televiziya kanalına verdiyi müsahibədə Azərbaycan xalqına və dövlətinə qarşı qərəzli və ədalətsiz mövqeyi Azərbaycan siyasi elitası və ictimaiyyəti tərəfindən kəskin pislənməli və belə şəxslərə qarşı adekvat tədbirlər görülməlidir. Deputat statusundan istifadə edərək erməni lobbisinin təsiri ilə Azərbaycan və Rusiya Federasiyası arasında dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirmək istəyən bu qəbildən olan insanların hər hansı çəhtlərinin nəticəsi sıfıra bərabərdir. V.Milonov Rusiyada təkcə anti-Azərbaycan yox, həm də öz antikommunist mövqeyinə görə çox məhşurdur. K.Zatulun, V.Milonov kimi erməni diasporasının əlində  oyuncaq bir alətə çevrilmiş əqidəsiz, öz şəxsi mənafelərini ümumi dövlət manefeyndən üstün tutan bəzi rəsmilərin, politoloqların, jurnalistlərin apardığı siyasət uğursuzluğa dücar olacaq. Azərbaycan və Rusiya dövlət başçıları aralarında şəxsi dostluq və qarşılıqlı etimad münasibətinin olması xalqlarımız arasında  möhkəm iqtisadi-siyasi və mədənin əlaqələrin möhkəmləndirilməsinin qarantıdır”.

Partiya sədrinin sözlərinə görə, onun bu cür davranışı mütləq mənada “Vahid Rusiya” partiyasında müzakirə edilməli, onunla bağlı ciddi ölçü götürülməlidir: ”Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, V.Milonov xislətdə olan, iki mehriban və dost qonşu dövlət arasında münasibətləri korlamağa cəhd göstərən siyasətçilər Azərbaycanda da movcuddur”. Məhəmmədəli QƏRİBLİ