Pandemiya dövrü üçün Azərbaycanın daha bir üstünlüyü - kənd təsərrüfatı istehsalı bir ildə 2 faiz artıb

25 Yanvar 2021 17:15 (UTC+04:00)

Bu gün bəşəriyyəti çətin sınaq qarşısında qoyan qlobal pandemiya insan sağlamlığı ilə yanaşı, dövlətlərin iqtisadiyyatına da ciddi mənfi təsirini göstərməkdədir. Belə ki, işsiz əhalinin maddi durumunun yaxşılaşdırılması, aztəminatlı ailələrə yardımların edilməsi, sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstərilməsi dövlətin iqtisadi imkanlarını xeyli məhdudlaşdırır.

Lakin hər bir böhranın sonu, adətən, yeni iqtisadi sıçrayışlarla müşahidə olunur. Yəni böhran yeni iqtisadi ideyaları həyata keçirmək üçün münbit şərait deməkdir. İstənilən böyük dövlətdə inkişafın davamlılığını təmin edən başlıca amillərdən biri məhz strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir.

Dünyada geoiqtisadi risqlərin yüksəlməsi və problemlərin dərinləşməsi, neftin qiymətindəki qeyri-sabitlik fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlıq nümayiş etdirməsi bir daha göstərir ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir.

Pandemiya dövrü olmasına baxmayaraq, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı artıb. Açıqlanan statistik rəqəmlərə əsasən, 2020-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8 milyard 428,9 milyon manat təşkil edib ki, onun da 4 milyard 400,5 milyon manatı heyvandarlıq, 4 milyard 28,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. 2019-cu illə müqayisədə kənd təsərrüfatının istehsalı 2 faiz, o cümlədən, heyvandarlıq məhsulları üzrə 3,1 faiz, bitkiçilik məhsulları üzrə isə 0,8 faiz artıb.

Pandemiya dönəmində ölkənin aqrar sektorunda qeydə alınan inkişafla bağlı danışan aqrar sahə üzrə ekspert Hüseyn Əliyev qeyd etdi ki, Azərbaycanda yaranmış yeni iqtisadi şərait, səslənən çağırışlar fonunda kənd təsərrüfatında ciddi artım müşahidə edilir: “Artıq Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının rəqabətqabiliyyətliliyi artır, onların ixrac imkanları genişlənir. Dövlətin birbaşa və dolaylı yolla dəstəyilə aqrar sektorun əksər sahəsində istehsal həcmi artmaqdadır. Meyvə-tərəvəz, o cümlədən, pomidor, eləcə də pambıq istehsalında nəzərəçarpacaq artım görmək mümkündür. Həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahədə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, koronavirus infeksiyası ilə bağlı olaraq əksər xarici ölkədə iqtisadi vəziyyət eniş dövrünü yaşayır: “Ancaq ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalında inkişaf qeydə alınır”.

Günel CƏLİLOVA