Koronavirusun yeni, ingilis ştammı Avropanı lərzəyə gətirir, dünya şokda...

25 Yanvar 2021 15:23 (UTC+04:00)

Koronavirusla bağlı son vəziyyət bəşəriyyətin hələ yaxın tezlikdə bu problemdən yaxa qurtarmayacağını göstərir. Elə bu səbəbdəndir ki, əksər dünya ölkələrində virusa qarşı sərt karantin rejiminin tətbiqi aktuallığını qoruyur. Məsələn, Böyük Britaniyada mutasiya edən virusun qəfildən yayılması Norveç hakimiyyətini qəti tədbirlər görməyə vadar edib.

Məlumata görə, Norveçin paytaxtı Oslo şəhərində mutasiya edən koronavirus epidemiyasının ardınca sərt məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar qəbul edilib. Koronavirusun yeni Böyük Britaniya ştammı Oslo paytaxtı yaxınlığında Nordre Follo Norveç bələdiyyəsində yayılmağa başlayıb. Yerli hakimiyyət virusun bölgəyə necə düşdüyünü bilmədiyindən, xüsusilə narahatdır. Təcili olaraq səlahiyyətli şəxslər Nordre Follo bələdiyyəsində ilk növbədə və indi də Osloda sərt məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul ediblər. Bütün bunlardan başqa, hökumətin qərarı ilə zəruri ehtiyaclar siyahısına daxil olmayan bütün mağazalar bağlanıb, insanların həm evdə, həm də açıq havada toplanması qadağan edilib. Qeyd edək ki, yeni tədbirlər pandemiyanın başlanmasından bəri Osloda ən sərt olaraq xarakterizə edilir.

Digər Avropa ölkəsi olan Avstriyada isə sakinlər mağazalarda və ya ictimai nəqliyyatda adi maskalar əvəzinə FFP2 respiratorlardan istifadə etməlidirlər. Ölkənin səhiyyə naziri Rudolf Anşober respiratorun daha etibarlı şəkildə qoruduğunu deyib. O, respirator maskanın qiymətinin adi maskadan daha yüksək olduğunu bildirib. Yoxsul insanlara qoruyucu vasitələr pulsuz veriləcək. Fransa Elmi Şurasının prezidenti Jan-Fransua Delfresi də ölkəsində durumun ağır olduğunu bildirir. O, ölkədə koronavirusla bağlı çətin vəziyyət gözlənilməsi ilə bağlı fransızları xəbərdar edib: “Belə davam etsək, martın ortalarında çətin vəziyyətdə qalacağıq. İndiki durum ürəkaçan deyil. Qonşu ölkələrdəki, xüsusilə də İrlandiya və Böyük Britaniyadakı vəziyyətə diqqət edərək, onlardan nümunə götürməyi vacib sayırıq”. Jan-Fransua Delfresi qeyd edib ki, yeni təcridolma rejimi ehtimal olunur. O, virusun yeni ştammlarının vəziyyəti gərginləşdirəcəyini vurğulayıb və bunun ikinci pandemiyanın ekvivalenti olduğunu deyib: “Virusun yeni ingilis ştammının yayılmasının qarşısını almaq mümkün deyil”.

Digər dünya ölkələri, xüsusən ABŞ, Latın Amerikası, Hindistan, Rusiya və başqalarında da durum ürəkaçan deyil. İş o yerə çatıb ki, Yaponiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün qaydalara riayət etməyənlərə qarşı cəzaları sərtləşdirir. Dəyişikliklərə əsasən, iş vaxtının azaldılmasını rədd edən restoranlar külli miqdarda cərimələnəcək. Həmçinin koronavirus diaqnozu qoyulduqdan sonra xəstəxanada yatmaqdan imtina edən vətəndaşlar cinayət məsuliyyətinə cəlb olunacaq. Qeyd edilir ki, ölkədə epidemioloji vəziyyət keçən ilin noyabrından bəri kəskin şəkildə pisləşməyə başlayıb. Dekabr ayından etibarən isə koronavirusa yoluxma hallarında və ölüm hadisələrində antirekordlar mütəmadi olaraq yenilənir. Bəzi Avropa ölkələrində koronavirus xəstələrinin karantin rejimini pozaraq cəmiyyət arasında infeksiyanın yayılmasına şərait yaratması narahatlığa səbəb olur. Bununla mübarizə fonunda bəzi ölkələrdə son günlərdə koronavirus xəstələrinin karantin qaydalarını pozmasının qarşısını almaq məqsədilə yeni texnoloji vasitələrdən istifadə edilir. Belə ki, Belçikada, Cənubi Koreyada və bir sıra digər ölkələrdə koronavirus xəstələrinə nəzarət etmək məqsədilə elektron qolbaqlardan istifadə edilir. Bu, yoluxma sayının azalması ilə yanaşı, pandemiya dövründə əsas yükü öz üzərinə götürən tibb işçilərinin və polislərin də yükünün azalması deməkdir. Amma vəziyyətdən əsaslı çıxış yolu kimi ekspertlər təhlükısizlik qaydalarına, yəni sosial məsafənin gözlənilməsi, maska taxılması, gigiyenik vasitələrdən istifadəni vacib hesab edir. Bu halda virusa qarşı peyvəndləmə də müsbət effekt verə bilər.

Nyu York ştatının tanınmış tibb mərkəzlərindən biri olan “The Mount Sinai Hospital” xəstəxanasının həkimi Abdo Balıkçıoğlu bu xüsusda bildirir: “Hər kəs peyvənd olunmayanadək pandemiya bitməyəcək. Əhali 70-75 faiz vaksinasiya olunarsa, immunitet formalaşa bilər və virus tədricən zəifləyərək sıradan çıxar. Eyni zamanda, koronavirusa qarşı preparatların hazırlanması üçün işlər aparılır. Hazırda 300-dən artıq dərman sınaqdan keçirilir və onların içərisində, heç şübhəsiz, effektiv olanları müəyyənləşdiriləcək. Bu da bir qədər zaman ala bilər. Dərmanların hazırlanması və vaksinasiya eyni zamanda aparılarsa, nəticənin daha ürəkaçan olacağını düşünürük”.

Xatırladaq ki, ölkəmizdə Nazirlər Kabinetinin müvafiq  sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na uyğun olaraq əhalinin vaksinasiyasının birinci mərhələsinə artıq başlanılıb. Azərbaycanda hazırda virusla mübarizə dünya səviyyəsində yüksək qiymətləndirilir və bu problemin öhdəsindən ən tez gələcək ölkələr sırasında Azərbaycanın da adı çəkilir.

Samirə SƏFƏROVA