Avropa və Türkmənistan üçün Azərbaycanın əhəmiyyəti artır...

21 Yanvar 2021 16:31 (UTC+04:00)

Xəzərdə Azərbaycan və Türkmənistan arasında əldə edilən növbəti mühüm tarixi razılaşma dünya miqyasında, xüsusən də Qərbdə böyük məmnunluqla qarşılanır. Hesab edilir ki, iki ölkənin irəliyə doğru atdığı addım qarşıdakı dövrdə Orta Asiyanın enerji resurslarının Azərbaycan üzərindən Qərbə daşınmasına etibarlı zəmin yaradır.

Bu barədə danışmazdan öncə xatırladaq ki, yanvarın 21-də Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Bununla Xəzərdə hər iki ölkənin yeni müstəqillik tarixindən bəri özünü göstərən mühüm bir problem həll edilib. Uzun illərdər Türkmənistanla Azərbaycan arasında mübahisə predmeti olan “Kəpəz” (türkmən versiyasına görə “Sərdar”) yatağının karbohidrogen ehtiyatlarının birgə istismarı həyata keçiriləcək. Tərəflər daha əvvəl aparılmış danışıqlarda yatağı iki ölkənin dostluğunun və getdikcə dərinləşən tərəfdaşlığının rəmzi olaraq “Dostluq” adlandırıb. ABŞ Beynəlxalq İnkişaf Agentliyi baş verənləri yüksək qiymətləndirir. Belə hesab edilir ki, “Cənub Qaz Dəhlizi”nin istismara verilməsi fonunda baş verənlər böyük nailiyyətdir. Qeyd edilir ki, bu hal “Transxəzər” interkonnektorunun çəkilişini də tezləşdirə bilər: “Bu, bölgənin enerji təhlükəsizliyini artırmağa, müstəqilliyi və suverenliyi möhkəmləndirməyə, enerji bazarlarında daha bərabər mövqedə olmağa, Qafqaz və Orta Asiyanın qovşağına çevrilməyə və bölgələrarası əməkdaşlığı inkişaf etdirməyə kömək edəcək. Xəzərin statusu haqqında Konvensiyanın imzalanmasından sonra artıq “Cənub Qaz Dəhlizi” tamamilə fəaliyyətə başlayıb və Xəzərin karbohidrogen ehtiyatlarının Avropa İttifaqı ölkələrinə daşınmasına heç bir əngəl yoxdur". Bütün bunlar fonunda Azərbaycan və Türkmənistan arasında tarixi razılaşma böyük məmnunluqla qarşılanır. Yuxarıda qeyd olunduğu kimi,  “Dostluq” adlandırılan Xəzərdəki bu iri karbohidrogen yatağı 4 kilometr dərinlikdə yerləşən layda aşkar edilib və 1989-cu ildə azərbaycanlı neftçilər tərəfindən orada ilk kəşfiyyat quyusu qazılıb. Yataq iki ölkənin dəniz sərhədində yerləşir və Bakı yatağın SSRİ dövründə Azərbaycan geoloqları tərəfindən kəşf olunduğunu əsas gətirərək ona öz iddiasını ortaya qoyub. Lakin türkmən tərəfi də yatağın Xəzərin Türkmənistan sektoruna daha yaxın olduğunu əsas gətirərək onu özününkü hesab edirdi. Nəticədə hər iki ölkənin müstəqilliyini əldə etməsindən sonra yataq Azərbaycanla Türkmənistan arasında başlıca mübahisə predmetinə çevrilmişdi. Amma indi mübahisələrə son qoyulub.

Yatağın neft-qaz ehtiyatları 100 milyon ton həcmində qiymətləndirilir və mütəxəssislərin hesablamalarına görə, həmin ehtiyatların ən azı 50 milyon tonu hasil edilə bilər. Lakin yataq ətrafında davam edən mübahisələr üzündən onun işlənməsi uzun illər mümkün olmayıb. Bununla belə, Qurbanqulu Berdıməhəmmədovun hakimiyyətə gəlişindən sonra hər şey dəyişib. Bundan sonra Azərbaycanla Türkmənistan arasında ikitərəfli münasibətlərin inkişafının yeni mərhələsi başlayıb. Dövlət başçıları arasında intensiv təmaslar, qarşılıqlı səfərlər iki qonşu və dost ölkə arasında bütün məsələlərin, o cümlədən mübahisəli neft-qaz yatağı mövzusunun hər iki tərəfin maraqlarını qane edəcək formada həlli üçün zəmin formalaşdırdı. Bundan irəli gəlir ki, tərəflər hər iki ölkənin maraqlarına, Xəzər regionundakı mövqelərinin gücləndirilməsinə xidmət edən tarixi anlaşmanı əldə etdilər. Ölkələr arasında yataqla bağlı memorandumun imzalanması tarixi hadisə olmaqla, Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Çünki söhbət kifayət qədər böyük ehtiyatlara malik yataqdan gedir, nəticədə Azərbaycan hələ uzun müddət Xəzərin iri karbohidrogen hasilatçılarından biri kimi öz mühüm geosiyasi mövqeyini qoruyub saxlaya biləcək. Digər tərəfdən, yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Bu da neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Bunun ardınca tərəflərin “Transxəzər” layihəsini də həyata keçirməsi tamamilə gözlənilən hesab edilir. Ekspertlər tərəflərin indiki halda enerji məsələsinə xüsusi diqqət yetirməsini səbəbsiz saymır. Belə görünür ki, qarşıdakı dövr ərzində bu sahədə əməkdaşlıq əhəmiyyətli dərəcədə dərinləşəcək. Burada onu da bir daha xatırlamaq yerinə düşərdi ki, ötən ilin sonunda Azərbaycan qazının Avropaya çatdırılması reallaşıb. Bu isə həm Türkmənistanın, həm də Avropanın özünün diqqətini cəlb edir. Belə ki, türkmən tərəfi üçün Azəbaycan üzərindən öz qazını Avropaya çatdırmaq indi daha cazibədardır. Avropa da Azərbaycan üzərindən daha çox qaz almaq isətyir və belə mənbə qismində də məhz Türkmənistan çıxış edir. Bu mənada, məşhur “Transxəzər” kəmərinə maraq daha da artır. Aydındır ki, “Transxəzər” kəməri çəkilsə, Avropa üçün Xəzər daha maraqlı olacaq. O da faktdır ki, “Transxəzər” qaz kəməri Türkmənistan mavi yanacağının Xəzər dənizindən nəql edilməsinin iqtisadi baxımdan yeganə məqsədəuyğun üsuludur, çünki maye qazın belə qısa məsafədə dəniz yolu ilə nəql edilməsi sadəcə sərfəli deyil. Eləcə də “Cənub Qaz Dəhlizi”nin layihə gücünün 31 milyard kubmetrə bərabər olduğunu nəzərə alsaq, “Transxəzər” qaz kəmərindən qaz nəqlini daha da artırmaq mümkün olacaq.

Samirə SƏFƏROVA