Vaksinləşmə pulsuz, vaksindən əvvəl məcburi test pullu - insanların narazılığının səbəblərindən biri...

19 Yanvar 2021 19:10 (UTC+04:00)

Bildiyimiz kimi, yanvarın 18-dən başlayaraq ölkəmizdə koronavirusa qarşı vaksinasiya prosesinə başlanıb. Artıq ilkin mərhələdə tibb işçilərinin peyvənd edilməsi həyata keçirilir. Onlardan sonra isə xüsusi qruplara daxil olan və ayrı-ayrı xəstəlikləri olan şəxslərin peyvənd ediləcəyi bildirilir. 

Məlumatlara görə, koronavirusa tutulub sağalan adamlara peyvənd vurulmayacaq. Çünki hesab edilir ki, virusa tutulub sağalan şəxslərin orqanizmində artıq antitellər-antivurus cismləri formalaşıb. Qeyd edək ki, onların orqanizmində anticismlərin formalaşıb-formalaşmadığının müəyyən edilməsi üçün ölkəmizdə könüllülük prinsipi əsasında vətəndaşlar arasında seroloji testlər keçirilib.

İndi isə vaksinasiya prosesindən əvvəl digər vətəndaşlar test verməlidirlər. Testin nəticəsindən sonra onlara peyvənd vurulmalıdır. Test isə vətəndaşın öz vəsaiti hesabınadır. Bu gün test əsasən özəl klinikalarda verilir və burada ən ucuz qiymət 50-60 manatdır, təbii, bu klinikalar tərəfindən testlərə 100 manatdan yuxarı da qiymət qoyulub. Faktiki olaraq, ölkəmizdə peyvənd pulsuzdur. Amma peyvənddən əvvəl vətəndaş məcburi olaraq testdən keçməlidir, bu isə pulludur. Nəticə etibarilə, belə çıxır ki, peyvəndləşmə vətəndaşa öz pulu hesabına başa gələcək. Bu da vətəndaşları ciddi şəkildə narahat edir və onlar bildirirlər ki, peyvənddən əvvəl verəcəkləri test də ödənişsiz olsun. Vətəndaşlarımızın bir qisminin ödənişli testdən keçməsinə maddi vəziyyəti imkan vermir. Bu baxımdan, onların vəziyyəti nəzərə alınsa, daha yaxşı olar. 

Olmazmı ki, peyvənddən əvvəl vətəndaşların testdən keçirilməsi pulsuz olsun? Yəni əlaqədar qurumlar tərəfindən bütün özəl klinikalara testlərin keçirilməsinin pulsuz olması barədə tapşırıqlar verilsin ki, vətəndaş ödəniş etmədən testdən keçsin və peyvənd olunsun. Bu mümkündürmü? 

Professor Adil Qeybulla hesab edir ki, əslində, dövlətin vaksinasiya proqramında peyvənddən əvvəl vətəndaşların testən keçirilməsi ödənişsiz olmalıdır. Vətəndaşların narahatlığının əsassız olmadığını deyən A.Qeybullanın sözlərinə görə, əlaqədar səhiyyə qurumlarının göstərişi ilə vətəndaşların dövlət xəstəxanalarında peyvənddən əvvəl pulsuz testən keçirilməsi gerçəkləşdirilməlidir. “Ümumiyyətlə, 2 milyon civarında insanın peyvəndlənməsi yetərlidir ki, ölkədə kollektiv immunitet formalaşsın. Çünki qeyri-rəsmi məlumata görə, xeyli insanda immunitet formalaşıb. O ki, qaldı şübhəli şəxslərə, əgər o insan özündə xəstəliyin heç bir əlamətlərini hiss etmirsə, onların test edilməsinə heç bir ehtiyac yoxdur”.

A.Qeybullanın sözlərinə görə, elə şəxslər də var ki, onlar bu xəstəliyi ya zəif, ya da gizli keçiriblər, onların testləşməsi vacibdir. “Xəstəliyi keçirib, doğrudan da əlamətləri ilə sağalan şəxslərdə immunitet formalaşdığı üçün, onlar peyvənd olunmayacaqlar.

Əlbəttə, vətəndaşların test edilməsi dövlətin vaksinasiya proqramının içində olsa yaxşıdır. Çünki vətəndaş peyvənddən əvvəl test verməlidir. Bunun üçün dövlət qurumları tərəfindən ayrıca xidmətin yaradılması lazımdır. Vətəndaşların testi də pulsuz verməsi yaxşı olardı. Amma bu, vətəndaşın özündən yox, aidiyyəti dövlət qurumlarından asılı məsələdir. Heç olmasa, peyvənd ediləcək vətəndaşların dövlət xəstəxanalarında pulsuz test edilməsi aidiyyəti qurumlar tərəfindən təmin edilməlidir. Bu iş dövlət proqramı çərçivəsində həyata keçirilməlidir.

Ola bilsin ki, bu, dövlət proqramında belə də əks olunub. Kasıb bir adam gedib necə testdən keçsin, gedib necə yoxlansın? Bütün bunlar çox vacib məsələdir. Vətəndaşın narahatlığı, narazılığı haqlı narahatlıq və narazılıqdır. Aidiyyəti dövlət qurumları, bu işə məsul olanlar vətəndaşın arxasında durmalıdır, durmayanda meydana bir sıra suallar çıxır” - deyə A.Qeybulla qeyd etdi.

İradə SARIYEVA