Peyvəndləşmədən sonra restoranların sıx biznes planları - toylar yenidən qızışacaqmı...

19 Yanvar 2021 18:12 (UTC+04:00)

Kütləvi peyvəndləmənin aparılacağı xəbəri toy sektorunda canlanmaya səbəb olub. Toy sahibləri şadlıq evlərinə gələrək öncədən növbəyə yazılıblar. Şadlıq evi işlədən sahibkarların verdiyi məlumata görə, rəsmi səviyyədə peyvəndləmə qərarından sonra zənglərin ardı-arası kəsilmir. Toy sahibləri, ən azından, mart ayından etibarən toylara icazənin veriləcəyinə böyük ümid bəsləyirlər. Buna görə də yer tapmaq üçün indidən növbəyə yazılırlar.

Onu da qeyd edək ki, artıq bəzi şadlıq evləri toyların başlayacağı ilə bağlı sosial şəbəkədə elanlar paylaşırlar. Hətta şadlıq evlərinin nümayəndələri bildirirlər ki, qarşıdakı aylarda toy üçün bütün günlər  tutulub. Bir sözlə, şadlıq evləri peyvənd xəbərindən sonra kütləvi şəkildə toy keçirməyə hazırlaşırlar. Ancaq ekspertlər hələ bir neçə il insanların kütləvi şəkildə bir yerə toplaşmasını düzgün saymırlar.

Onu da qeyd edək ki, Gürcüstanda bir toyda 21 nəfər COVID-19-a yoluxdu və uzun müddət bu ölkədə epidemioloji vəziyyət çətin olaraq qalır. Bu səbəbdən də kütləvi tədbirləri davam etdirməyə tələsməyə ehtiyac yoxdur. Kütləvi tədbirlər keçirilərsə, o zaman yenidən sərt karantinə qayıtmalı olacağıq. Təbii ki, bunu da heç kim istəmir.

Sosioloq Aytəkin Kamranqızı qeyd etdi ki, indiki dövrdə kütləvi toy şənliklərinə başlamaq qeyri-mümkündür: “Önümüzdəki aylarda yüzlərlə insanın iştirak edəcəyi toy tədbirlərinə qayıtmaq mümkün deyil. Çox güman ki, toylara icazə verildikdə, bu, mart-aprel aylarından tez olmayacaq, qonaqların sayına məhdudiyyət qoyulacaq. Yaya yaxın məhdudiyyətlər açıq havada qaldırılacaq. Ancaq ilin sonuna qədər hər şeyin əvvəlki vəziyyətinə dönəcəyinə ümid etmək lazım deyil. Peyvəndləmənin hansı təsir göstərəcəyi məlum deyil. Artıq dünyada peyvəndləmə aktiv şəkildə aparılsa da, virusun yeni növlərinin yayılmasının qarşısını almaq üçün müəyyən qaydalara riayət etməyin vacibliyi vurğulanır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, karantin bitəndən sonra bir müddət şadlıq saraylarında toy məclislərinin keçirilməsi dayandırılmalıdır: “Yaxşı olar ki, gələcəkdə şadlıq saraylarında, eləcə də rayonlarda təşkil olunan “palatka” toylarında dezinfeksiya tədbirləri gücləndirilsin. Toylar keçirilərkən müəyyən məhdudiyyətlər tətbiq etmək olar. Məsləhətdir ki, qonaq sayı azaldılsın. Bununla yanaşı, insanların özündə də daxili mədəniyyət olmalıdır. Qızdırması, soyuqdəyməsi olan, hətta adi qripə yoluxmuş xəstə insanlar məclislərə qatılmamalıdırlar”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı hesab edir ki, toylara icazə verilsə də, toy və yas kimi kütləvi mərasimlərin formatı mütləq dəyişilməlidir: “700-800 nəfərlik toylar olurdu. Bu, ailə şənliyidir. Burada say mütləq azalmalı və mütəvazi bir şəkildə bu məclislər keçirilməlidir. İsrafçılıq olmaz. Qarabağ müharibəsi bitib, Azərbaycan qalib gəlib, dağılmış yurdlarımızı görürük, şəhidlərimiz var, onların ruhu qarşısında borcluyuq. Bu yolda yaralanan qazilərimiz, ağır yaralar görmüş, itkilər vermiş ailələr var. Belə bir şəraitdə toy və yas mərasimlərinin keçirilməsi mənə qəribə gəlir. Düzdür, respublikada qalibiyyət havası var. Ancaq buna baxmayaraq, şəhidlərimizə görə hələ tezdir. Biz yeni ili də təmtəraqlı qeyd etmədik. Ailələrdə belə bir şey var ki, mərhumun qırx mərasiminin, daha yaxın qohumlarda isə il mərasiminin çıxmasını gözləyirlər. Toyların keçirilməsinə pandemiya bitəndən sonra icazə verilsə də, özünə və millətinə hörmət edən adamlar bu təntənəli mərasimlərin keçirilmə tarixini bir qədər uzağa salsalar, gecikdirsələr, daha yaxşı olar. Çünki hələ ağrı-acılar bir az azalmalıdır”.

Günel CƏLİLOVA