Müharibədən sonra Azərbaycana investisiya axınlarını Prezident bu arqumentlərlə izah etdi - böyük investisiya perspektivi...

19 Yanvar 2021 18:01 (UTC+04:00)

“Tam əminəm ki, bugünkü Azərbaycana investisiyalar, ilk növbədə, qeyri-neft sektoruna daha böyük həcmdə gələcəkdir”. Bunu Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılış mərasimlərindən sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Ölkə başçısının sözlərinə görə, Dünya Bankının “Doing Business” hesabatında biz 10 ən islahatçı ölkə sırasındayıq və dünya miqyasında 28-ci yerdəyik: “Sabitlik olmalıdır, xalq-iqtidar birliyi olmalıdır, əmin-amanlıq olmalıdır, təhlükəsizlik olmalıdır və buna da biz nail olmuşuq. Artıq müharibə də başa çatıb, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qalıb. Ona görə mən tam əminəm ki, bugünkü Azərbaycana investisiyalar, ilk növbədə, qeyri-neft sektoruna daha böyük həcmdə gələcəkdir. Çünki əgər əvvəlki illərdə - müharibə hələ həll olunmamış bir vəziyyətdə biz bu investisiyaları cəlb edə bilmişiksə, bu gün bunları cəlb etmək daha asan olacaq”.

Görünən odur ki, ərazilərimizin azad edilməsi, müharibə təhdidinin aradan qaldırılması Azərbaycana böyük investisiya axını vəd edir. Bu isə ölkə iqtisadiyyatının daha sürətli və dinamik inkişafı deməkdir.

Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayev də hesab edir ki, müharibə vəziyyətinin aradan qaldırılması ölkəyə sərmayə axınını gücləndirəcək: “İnvestisiyanı təşviq edən başlıca amillərdən biri bunun üçün risq yaradan amillərin aradan qaldırılması ilə bağlıdır. Məsələ ondadır ki, əvvəl müharibə şəraitinə görə sərmayədarlar Azərbaycanın qeyri-neft sektoruna investisiya qoymaq istəmirdilər. İndi bu təhlükə aradan qalxıb. Bu o deməkdir ki, sərmayələri təhdid edən başlıca təhlükə aradan qaldırılıb. İkinci tərəfdən, müharibə zamanı böyük ərazilər işğaldan azad edilib. Həmin ərazilərdə böyük resurslar var. Onların istehsalata cəlb edilməsində sərmayədarlar aktiv rol oynayacaqlar. Çünki bu, onların da maraqlarına cavab verir. Həm yerli, həm də xarici sərmayədarlar kapital qoymaqda həvəsli olacaqlar. Bütün bunlar məşğulluğun səviyyəsinin artması və çoxsaylı iş yerinin açılması deməkdir. O cümlədən, qoyulan sərmayələrin istiqamətləri də dəyişəcək. Kənd təsərrüfatı, emal, mədən sənayesi və digər sahələr inkişaf edəcək. İnfrastruktur sahələrinə dövlət vəsaitlər yönəldəcək. Nəticədə iqtisadiyyatın yan sahələri də inkişaf edəcək. Məsələn, Kəlbəcərdə böyük mineral su ehtiyatları var. Həmçinin, orada turizmlə bağlı böyük potensial var”

İqtisadçı-alim onu da qeyd etdi ki, bütün bu sahələrə  sərmayələrin yönəlməsi iqtisadi inkişafa ciddi təkan verəcək.

Vidadi ORDAHALLI