Naxçıvan dəhlizi - Azərbaycanı gözləyən əhəmiyyətli mal-xidmət ucuzlaşmasının mühüm mənbələrindən biri…

19 Yanvar 2021 17:41 (UTC+04:00)

Son Qarabağ döyüşlərinin – Vətən müharibəsinin ən gözlənilməz nəticəsi Naxçıvan dəhlizi oldu. 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Horadiz-Ağbənd dəmir yolu da yenidən tikiləcək.

“Çünki mənfur düşmən bu yolu dağıdıb və tamamilə sıradan çıxarıb. Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır. Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış bəyanatda öz əksini tapıb. Ona görə bu, mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək. Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Biz öz ərazimizdə Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlayacağıq. Bununla paralel olaraq, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq. Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəfmüqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Çünki Rusiya dəmir yolları Ermənistan dəmir yollarının sahibidir. İlkin müzakirələr müsbətdir. Hələlik bu qədər. Gələcək hadisələr haqqında məlumat veriləcək".

Ekspertlərin fikrincə, Naxçıvan dəhlizinin açılması ölkə iqtisadiyyatına müsbət təsir edəcək.

İqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, Naxçıvan dəhlizinin açılması nəqliyyat xərclərinin azalması məhsulların qiymətində də dəyişikliyə səbəb olacaq: "Türkiyədən daha qısa yolun Azərbaycana açılması nəqliyyat xərclərinin azalmasına səbəb olacaq ki, bu da öz təsirini məhsulların maya dəyərinin ucuzlaşmasında özünü göstərəcək”.

Həmsöhbətimiz onu da əlavə etdi iki, Naxçıvandan açılacaq yol qısa olduğu üçün tranzit xərclərində də daha sərfəli olacaq: "Demək istəyirəm ki, Bakı-Tiflis-Qars dəmir yolu işləyir, yəni dəmir yolu vasitəsilə yükdaşımalar həyata keçirilir. Sadəcə, Naxçıvandan açılacaq yol daha qısadır. Qısa olması həm zaman baxımından, həm də tranzit xərclərində daha sərfəli olacaq, nəqliyyat xərcləri daha ucuz başa gələcək. Buna görə də məhsulların qiymətində də dəyişikliklər baş verəcək. Bunlar tələb və təkliflərdən, Türkiyədən gələn məhsulların ümumi çeşidindən, gömrük siyasətindən və gömrük rüsumlarından da asılıdır. Belə məsələlərə kompleks yanaşmaq daha düzgün olar. Yeni yol açıldıqdan sonra Azərbaycan bazarında müəyyən məhsulların qiymətinin düşməsinin şahidi ola bilərik”.

Günel CƏLİLOVA