Pandemiya dövrü üçün Azərbaycanın bütün ölkələrdən növbəti üstünlüyü - hamıda azı 10, bizdə isə sənaye cəmi 5 faiz azaldı...

19 Yanvar 2021 17:30 (UTC+04:00)

Pandemiya ilə əlaqədar əksər ölkədə ötən il sənaye istehsalı 10 faizədək azalıb. Ancaq həmin ölkələrdən fərqli olaraq, Azərbaycanda azalma 5 faizi keçməyib.  Belə ki, 2020-ci ildə Azərbaycan 37,1 milyard manatlıq sənaye məhsulu istehsal edib ki, bu da əvvəlki ilə nisbətən 5 faiz azdır.

Azalma neft-qaz sektorunda məhsul istehsalının 6,9 faiz azalması hesabına baş verib. Sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,5 faiz artıb.

Sənaye məhsullarını 61,3 faizi mədənçıxarma, 32,5 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,0 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 6,3 faiz artıb. Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 10,7, elektrik avadanlıqlarının istehsalı 9,6 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 67,4, sair nəqliyyat vasitələrinin istehsalı 47,0, kağız və karton istehsalı 36,9, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,7, kompyuter, elektron və optik məhsulların istehsalı 34,5, geyim istehsalı 32,7, kimya sənayesi məhsullarının istehsalı 20,5, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,5, metallurgiya sənayesi məhsullarının istehsalı 11,9, toxuculuq sənayesi məhsullarının istehsalı 7,4, hazır metal məmulatlarının istehsalı 7,3, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,7 faiz artıb.

Maraqlıdır, pandemiyaya rəğmən, Azərbaycanda digər ölkələrə baxanda sənaye istehsalının elə də azalmaması nə ilə bağlıdır?

Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynov bunu bir sıra amillərlə əlaqələndirdi: “Ümumilikdə, pandemiya dünya iqtisadiyyatına çox böyük mənfi təsir göstərib. Pandemiya iqtisadiyyatın həm sənaye, həm də digər sektorlarına öz mənfi təsirini göstərir. Bu sahələr koronavirusdan ciddi ziyan çəkib. Ancaq Azərbaycanda pandemiyanın sənaye sektoruna təsiri o qədər də böyük deyil. Bunun nəticəsidir ki, bizdə azalma 5 faizi keçmir. Bu ondan irəli gəlir ki, Azərbaycanda 2020-ci ilin mart ayından etibarən pandemiya ilə sistemli mübarizəyə start verildi. Bunun iqtisadiyyata təsirlərinin minimuma endirilməsi istiqamətində çox böyük işlər həyata keçirilib. Həm vətəndaşlarımızın sosial rifah halının təmin edilməsi, həm də əməkhaqlarının təmin edilməsi ilə bağlı vəsait ayrıldı. Bununla yanaşı, sahibkarlara subsidiyalar verildi. İş yerləri ixtisar edilməsin deyə, sahibkarlara yardımlar edildi. Bu kompleks dəstək olmasaydı, o zaman sənaye istehsalında azalma daha böyük həcmdə olacaqdı. Eyni zamanda, sənayenin qeyri-neft sahəsində 12 faizdən çox artım oldu. Ölkədə həyata keçirilən iqtisadi strategiyanın başlıca məqsədlərindən biri də ixracyönümlü rəqabətqabiliyyətli məhsulların dünya bazarına çıxarılmasıdır. Eləcə də ölkənin öz potensialına söykənərək yerli istehsalın tənzimlənməsi və daxili bazarın qorunmasıdır. Bax, bu kimi iqtisadi gedişlər ölkə iqtisadiyyatının sənaye sektorunun daha az zərər görməsinə şərait yaradır”.

Millət vəkili hesab edir ki, Azərbaycan sənayesi dünyadakı mənfi tendensiyalardan özünü qoruya bildi.

Vidadi ORDAHALLI