254 cinayətkar qrup zərərsizləşdirilməsəydi - Nazir Azərbaycanda durumun tam nəzarətdə olduğunu bir daha əsaslandırdı

19 Yanvar 2021 17:18 (UTC+04:00)

Yanvarın 18-də Daxili İşlər Nazirliyində 2020-ci ildə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov qeyd edib ki, ötən il özünün bütün çətinlik və problemlərinə baxmayaraq, ölkəmiz üçün ən uğurlu illərdən biri oldu.

 

General-polkovnik Vilayət Eyvazov sonra hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2020-ci ildə, ümumilikdə, 26.004 cinayət qeydə alınıb ki, bu cinayətlərin 86,7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdirilib, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 8 fakt azalaraq 257 olub.

O da qeyd olunub ki, 2019-cu illə müqayisədə ötən il qəsdən sağlamlığa az ağır zərərvurma, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən, oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, avtonəqliyyat vasitələrinin qaçırılması kimi cinayətlər azalıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 85,5 faizinin, eləcə də prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 310 cinayətin açılması təmin edilib.

Məruzəçi “102” xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2.288 cinayətin “isti izlər”lə, eləcə də “Təhlükəsiz şəhər” sisteminin imkanları ilə 477 cinayətin açıldığını, axtarışda olan 94 avtomobilin saxlanıldığını vurğulayıb.

Nazir qeyd edib ki, hesabat ilində həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 161 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qanunsuz dövriyyədən 1 ton 873 kiloqram narkotik vasitə çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.

254 kriminal cinayətkar qrup zərərsizləşdirilməsəydi, nə baş verərdi?

 “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, tanınmış hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, Daxili İşlər Nazirliyi, ölkə polisi ölkəmizdə tam olaraq vəziyyəti nəzarətdə saxlayır. O hesab edir ki, 254 cinayətkar kriminal qrupun zərərsizləşdirilməsi və digər aidiyyəti məsələlər ölkəmizdə cinayətkarlıqla mübarizənin çox yüksək səviyyədə təşkil edilməsi ilə bağlıdır: “254 kriminal cinayətkar qrupun zərərsizləşdirilməsi, prinsipcə, o deməkdir ki, artıq hər hansı bir ictimai təhlükəli əməlin törədilməsi üçün imkan yoxdur. Bu o deməkdir. Bu da ki, təbii ki, bizim polisin fədakarlığının, peşəkarlığının bariz nümunəsidir. Həm də bütün bu cinayətkar qrupların, qanunsuz birləşmələrin, mütəşəkkil dəstələrin qanunsuz fəaliyyəti ilə bağlı məlumatlar məhz vətəndaş cəmiyyəti, Azərbaycan xalqı tərəfindən polisə ötürülür. Ona görə də polis-vətəndaş münasibətində anlaşmalar yuxarı səviyyədədir.

Bilirsiniz ki, hər zaman hər yerdə belə cinayətkar kriminal qruplaşmalar olub. Burada cəmiyyətin sezmədiyi bir məsələ var. Bu cinayətkar birləşmələr, mütəşəkkil kriminal dəstələr kənardan ərazini çox yaxşı sezə bilirlər ki, harada polisin fəaliyyəti zəifdir, “məqsədlərinə nail olmaq” üçün  öz “qüvvələr”ini ora yerləşdirirlər. Amma Azərbaycanda kriminogen durum, vəziyyət o qədər ciddi nəzarətdədir ki, o cinayətkar dəstələrin öz niyyətlərinə çatmaq cəhdləri polis tərəfindən tez bir zamanda aşkar olunur və o qruplar zərərsizləşdirilir.

Ölkədə elə bir obyekt, ərazi yoxdur ki, o, polisin nəzarətindən kənarda qalsın, ciddi nəzarət olunur”.

Ş.Əliyev vurğuladı ki, ölkəmizdə kriminogen durum nəzarətdədir, bu, hər şeydən əvvəl dövlətin cinayətkarlıqla mübarizə istiqamətində siyasətinin uğurla həyata keçirilməsinin bariz nümunəsidir, həm də dövlət başçısının özünün bu istiqamətə nəzarətinin, diqqətinin, tez-tez hüquq-mühafizə orqanlarından hesabat istəməsinin nəticəsidir. Ş.Əliyev hesab edir ki, bunun nəticəsində Azərbaycan cinayətkarlıqla mübarizədə həm transmilli mütəşəkkil cinayətkarlıqla - insan alveri, narkotik maddələrin qanunsuz dövriyyəsi, terrorizmlə, separatçılıqla mübarizədə Avropa ölkələrindən də öndədir: “Bunu Avropa ölkələri özləri də etiraf edirlər. Azərbaycan tamamilə öz milli dövlətçilik maraqlarına, eyni zamanda, digər ölkələrlə qonşuluq münasibətlərinə uyğun olaraq cinayətkarlıqla mübarəzə modelini həyata keçirir. Bu özünün müsbət nəticəsini də verir. Bir məqamı vurğulayım ki, insan alveri ilə mübarizə sahəsində qanunvericilik 2005-ci ildə qəbul olundu və Daxili İşlər Nazirliyində bununla bağlı qurum yaradıldı. Bizim heç bir dövləti yamsılamadan, təkrar etmədən, heç bir dövlətin təcrübəsindən istifadə etmədən tətbiq etdiyimiz əməliyyat-axtarış tədbirləri öz səmərəsini verdi. Doğrudan da BMT-də və digər beynəlxalq tribunalarda Azərbaycan tərəfi insan alveri, transmilli mütəşəkkil cinayətkarlıqla bağlı hesabat verəndə onlar Azərbaycan Daxili İşlər Nazirliyinin, onun əməkdaşlarının bu istiqamətdə əldə etdikləri müsbət nəticələrdən heyrətlənirlər. Bu nədən doğur? Bu, ilk növbədə, ondan irəli gəlir ki, cinayətkarlıqla mübarizənin tənzimlənməsi təkmil normativ bazaya söykənir. İkincisi, bu, polisin cinayətkarlıqla mübarizə məsələsində peşəkarlığının bariz nümunəsidir. Bu,  daxili işlər orqanlarının əməkdaşlarının uzun illərdir cinayətkarlıqla mübarizə sahəsində qazandığı səriştənin, peşəkarlığın nəticəsdir. Azərbaycan polisinin vəzifəni qəbul etməmişdən öncə içdiyi anda sədaqətinin bariz nümunəsidir. Burada vətənə, dövlətə sədaqət var, daxili işlər orqanlarının rəhbərliyinin təkmil təlimatları öz səmərəsini verir. Açığını deyim ki, həm də daxili işlər orqanlarının vətəndaş cəmiyyəti ilə qarşılıqlı şəkildə koordinasion qaydada işləməsi, digər hüquq-mühafizə orqanları ilə koordinasion qaydada əlaqə saxlaması, Nazirlər Kabinetinə daxil olan qurumlarla birgə həyata keçirilən tədbirlər, daha çox profilaktika və maarifləndirmə yönündəki işlər öz bəhrəsini verir. Bu baxımdan, cinayətkarlığın dinamikasına nəzər yetirdikdə burada şəxsiyyət əleyhinə yönələn cinayətlərin, soyğunçuluqların, quldurluqların azalması və bununla mübarizənin özü bağlı qalmış cinayətlərin üstünün açılması faizində özünü göstərir. Təxminən 86, 87 faizə yaxın cinayətlərin açılması təmin edilib. Digər qürurverici hal ondan ibarətdir ki, keçmiş illərdən bağlı qalmış cinayətlərin açılması vəziyyəti yaxşılaşıb. Yəni ötən illərdə baş vermiş ağır, xüsusilə ağır, cəmiyyətdə qeyri-aşkar şəraitdə baş verən cinayətlərin açılmasında kifayət qədər təcrübə var. Bu da ötən illərdən bağlı qalan cinayətlərin açılmasında səmərə verir. Düşünürəm ki, daxili işlər orqanlarının fəaliyyəti, dediyim kimi, Avropa ölkələrindən də üstündür” - deyə Ş.Əliyev vurğuladı.

İradə SARIYEVA