Vilayət Eyvazov Azərbaycanda cinayətkarlıqla mübarizəyə dair maraqlı faktlar açıqladı - açılma səviyyəsi 85 faizdən çox...

19 Yanvar 2021 17:07 (UTC+04:00)

2019-cu illə müqayisədə ötən il qəsdən sağlamlığa az ağır zərərvurma, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən, oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, avtonəqliyyat vasitələrinin qaçırılması kimi cinayətlər azalıb. Bunu daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

 

O bildirib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 85,5 faizinin, eləcə də, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalan 310 cinayətin açılması təmin edilib. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdirilib, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 8 fakt azalaraq 257 olub.

 

Nazir onu da qeyd edib ki, hesabat ilində həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 161 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qanunsuz dövriyyədən 1 ton 873 kiloqram narkotik vasitə çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.

Göründüyü kimi, Azərbaycanda cinayətkarlığa qarşı ciddi mübarizə gedir. Cinayətlərin açılma səviyyəsi yüksəkdir.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, hüquqşünas Şəmsəddin Əliyevin sözlərinə görə, vətəndaşların təhlükəsizliyinə, ictimai münasibətlərə yönələn cəhdlərin qarşısının alınmasında polis çevik əməliyyat fəaliyyəti həyata keçirir: “Həm profilaktik, həm maarifləndirmə tədbirləri kompleks şəkildə həyata keçirilir. Bütün bunlar ölkədə cinayətkarlığın qarşısının alınmasında, baş verən cinayətlərin açılma səviyyəsinin yüksəlməsində mühüm rol oynayır. Son 10 illə müqayisədə cinayətkarlıqla mübarizədə çox ciddi nəticələr əldə olunub. Bizdə cinayətkarlıqla mübarizənin vəziyyəti, təhlükəsizliyin təmin olunması Avropa ölkələrindən də yüksəkdir. Məsələn, hər 100 min nəfərə düşən cinayətlərin sayına görə Azərbaycan Avropa ölkələrindən qat-qat yaxşı vəziyyətdədir. Bütün bunların hamısı polisin verilən təlimatları doğru-düzgün yerinə yetirməsindən irəli gəlir. Eyni zamanda, qanunvericiliyin tələblərinə riayət olunması, insan hüquq və azadlıqlarının təmin edilməsi ümumi işə öz töhfəsini verir. İnsan hüquq və azadlıqlarının təmin olunmasında həm beynəlxalq normalara, həm də ölkədaxili qanunlara əməl olunur. Qanunvericilik müasir tələblərə uyğun yenilənir. Bütün bunlar, nəticə etibarilə, cinayətkarlıqla mübarizədə yaxşı nəticələrin əldə olunmasına öz müsbət təsirini göstərir. Azərbaycanda bütün cinayət növlərinə qarşı mübarizə gücləndirilib. Bir məqamı da qeyd edim ki, Azərbaycanın cinayətkarlıqla mübarizə modeli tamamilə fərqlidir və heç bir dövlətin fəaliyyət istiqamətlərini yamsılamır”.

Hüquqşünas onu da qeyd etdi ki, polis pandemiyaya qarşı mübarizədə də mühüm rol oynayır.

Vidadi ORDAHALLI