1.Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

19 Yanvar 2021 13:45 (UTC+04:00)

Ərazilərini işğaldan azad etdikdən sonra bu gün Azərbaycanı maraqlandıran əsas məsələ regionda sülhün bərqərar olması və davamlı xarakter daşımasıdır. Bunun üçün Azərbaycan artıq Ermənistanla iqtisadi müstəvidə əməkdaşlığa hazırdır. Hər halda, kommunikasiyaların açılması və yenilərinin yaradılması ilə bağlı təkliflər də bunun təsdiqidir.

Bakı bütün qonşularla problemsiz münasibətlərin mövcudluğunda maraqlıdır

Azərbaycan qonşu ölkələrlə hər zaman birmənalı şəkildə mehriban münasibətlərin qurulmasında maraqlı olub və bu istiqamətdə də fəal siyasət yürüdüb. Ermənistan istisna olmaqla, qonşularla qurulan münasibətlər bunun real təsdiqidir. Amma indi Azərbaycan Ermənistanla da problemsiz münasibətlər yaratmağa hazırdır. Bu xüsusda Sumqayıt Kimya Sənaye Parkında istehsal müəssisələrinin təməlqoyma və açılış mərasimlərindən sonra verdiyi açıqlamada Prezident İlham Əliyev qeyd edib: “Bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır. Siyasi sabitlik, xalq-iqtidar birliyi, əmin-amanlıq, coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, - bu çox önəmlidir, - ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər, heç bir ölkə ilə problemin olmaması. İndi mən ümid edirəm, müəyyən müddətdən sonra Ermənistan da deyəcək ki, onların da bizimlə heç bir problemi yoxdur. Çünki əsas məsələ bunda idi, onlar bizim torpağımızı işğal etmişdilər. Onlar bizə qarşı soyqırımı törədiblər. Onlar bizim şəhərlərimizi yerlə bir ediblər. Biz, sadəcə olaraq, özümüzü müdafiə etmişik, lazımi səviyyədə müdafiə etmişik və işğalçıları torpaqlardan qovmuşuq”.

Qeyd edilən fikirlərdən bir daha bəlli olur ki, Azərbaycan tərəfindən Ermənistana böyük jest edilir. İndi adekvat cavab verə bilmək üçün Ermənistan özündə cəsarət tapmalıdır. Bunu həm də Ermənistanın üzərinə götürdüyü öhdəliklər tələb edir. Elə rus politoloq Yevgeni Mixaylov da məsələyə qeyd edilən prizmadan yanaşır: “Baş nazir Nikol Paşinyan Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməsinin qarantıdır. Çünki müxalifətin “Qarabağ klanı” hakimiyyətə gəlsə, yeni müharibə alovlana bilər və bu, Ermənistana lazım deyil. Və indiki məqamda çoxları yeni reallıqla barışıb. Yəni kommunikasiyaların bərpası Qarabağ və Ermənistan daxil olmaqla bütün Qafqazın iqtisadiyyatının mühərriki ola bilər”. O əlavə edib ki, Rusiya Ermənistanı keçmişdəki ideologiyanı tərk etməyə və bu günlə yaşamağa çağırır: “Təəssüf ki, bir çox “ideoloqlar” hələ də erməni cəmiyyətinə milli ləyaqətdən dəm vurur. Ermənilər nəhayət ki, şüurlarını dəyişdirməli, yanlış ideologiyalardan, “dənizdən-dənizə” mifik dövlət iddialarından uzaqlaşmalıdırlar. Görünən odur ki, Paşinyan səhvlərini başa düşüb. İndi Ermənistan da öz ideologiyasını dəyişməli, təcavüzkarlıqdan əl çəkməli, mehriban qonşuluq və iqtisadi əlaqələrə yönəlmiş yeni ideoloji dövrə başlamalıdır”.

Yeri gəlmişkən xatırladaq ki, Ermənistanında revanşist fikirlərin kənara qoyularaq Azərbaycanla nornmal münasibətlər qurukmasının vacibliyi Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən də gündəmə gətirilib. O, erməni siyasətçilərini Qarabağa dair “emosional bəyanatlardan” çəkinməyə çağırıb. Nazir bildirib ki, erməni rəsmi şəxslərinin də bəzi bəyanatları gərginlik yaradır. Lavrov Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın müharibədən əvvəl verdiyi lovğa bəyanatı da yada salaraq deyib: “Mən hesab edirəm ki, bundan qaçmaq daha yaxşı olardı. 44 günlük müharibə başlayana qədər biz ya Qarabağdan, ya Qarabağa dair emosional bəyanatların şahidi olmuşduq -“yeni müharibə yeni ərazilər deməkdir”. Söz maddi gücə çevrilir. İndiki halda müxtəlif tərəflərin sözləri çox neqativ maddi güc oldu”. Rusiya xarici işlər nazirinin sözlərinə görə, məhz bunu nəzərə alaraq hazırda Ermənistan və Azərbaycan rəhbərliyi arasında etimad atmosferinin yaradılmasına səy göstərilir: ”Moskvada üç ölkə liderlərinin iştirakı ilə baş tutmuş görüşün əsas mənalarından biri də məhz bu idi. Rusiya ümid edir ki, emosiyalar ikinci plana keçiriləcək”. Bütün bunlar bir daha təsdiq edir ki, regionda böyük təsir imkanlarına malik Rusiya da Azərbaycan və Ermənistan arasında artıq xoş münasibətlərin yaradılmasında maraqlıdır.

İrəvan ona verilən şansı düzgün qiymətləndirməyə məcburdur

Ermənistan proseslərə obyektiv yanaşıb qonşularla normal münasibət qurarsa, təkcə Azərbaycan yox, Türkiyə ilə də əlaqələrini lazımı məcraya salmaq şansı əldə edə bilər. Hər halda, bunu Türkiyə tərəfi də açıq bəyan edir. Məsələn, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu xüsusda bildirir: “Türkiyə və Azərbaycan atəşkəsin daimi olduğunu müşahidə edər, Ermənistan da buna inanarsa, rəsmi İrəvanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar ata bilərik. Bu addımlar Azərbaycanla birlikdə koordinasiya olunacaq. Hazırda çox önəmli fürsət yaranıb, bunu qaçırmaq olmaz. Nəqliyyat, enerji layihələri, sərhədlərin açılması daxil olmaqla, müsbət gündəm mövcuddur. Bu müsbət gündəmə töhfə verməyə Türkiyə olaraq davam edəcəyik. Atəşkəsin daimi olmasını diləyirik. Bu mövzuda Ermənistanın da cəsarətləndirilməsi lazımdır”.

Yaxın zamanlarda Ermənistan vasitəsilə Azərbaycan-Naxçıvan-Türkiyə və Ermənistan-Azərbaycan-Rusiya, eləcə də Ermənistan-Azərbaycan-İran marşrutları üzrə nəqliyyat dəhlizlərinin işə salınması, ekspertlərin fikrincə, İrəvanın xilası baxımından vacibdir. Sadəcə, Ermənistanda buna maneə yaratmaq istəyən qüvvələrin neytrallaşdırılması çox önəmlidir. Elə rusiyalı politoloq Dmitri Solonnikov da bunları vacib sayır: “İndilikdə  Ermənistanın siyasi elitası səhvlərini qəbul etmir və buna görə də həmişə günahkar axtaracaq. Bu vəziyyətdə ən uğurlu ehtimal Rusiya və Türkiyəni nəzərdə tutmaqdır. Moskvanın İrəvana daha böyük itkilərinin qarşısını almaq üçün fürsət verdiyi isə nəzərə alınmır. Ermənistanın kapitulyasiyanı imzaladığı, bunun məğlubiyyət olduğu aydındır. Buna görə də deyirlər ki, Ermənistanın gələcəyi barədə onun arxasında qərar verildi və verilməyə davam edir”. Ekspert bildirib ki, əslində hazırda nəqliyyat dəhlizləri, iqtisadiyyatın təcridinin sonu məsələsi həll olunur: “Yəni söhbət Ermənistanda vəziyyətin yaxşılaşdırılmasından gedir. Ancaq məğlubiyyət hiss etmək və günahkarları tapmaq cəhdləri davam edəcək”. Politloq bildirib ki, bütün günahı təkcə Bakıya yükləmək mənasızdır, çünki son 30 ildə Ermənistanda əsas düşmən Azərbaycan hesab olunurdu, bu səbəbdən məğlubiyyətdə Azərbaycandan başqa xarici günahkarlar axtaracaqlar: “Xüsusən də Qərbə kifayət qədər komplimentar münasibət göstərən Ermənistanın hazırkı rəhbərliyini nəzərə alsaq, əlbəttə ki, Avropa İttifaqı və ABŞ günahkar olmayacaq. Ermənistanda anti-Rusiya hisslərindən istifadə etmək olduqca sərfəlidir”. O, bu səbəbdən mətbuatda bəzi siyasətçilərin Moskvanı və Ankaranı günahlandırmasının gözlənilən olduğunu bildirib. Politoloq Paşinyanın “badəni sona qədər içməli olduğunu” vurğulayıb. Onun sözlərinə görə, hökumət başçısının bundan sonrakı vəzifəsi razılaşmanı legitimləşdirmək üçün bütün zəruri sənədləri imzalamaq, “Böyük Ermənistan” kimi ərazi iddiaları olmadan yol xəritələrini dəqiqləşdirmək və ölkəni yeni inkişaf relslərinə qoymaqdır: “Sonra yeni parlament seçkiləri olacaq, bəlkə də yeni baş nazir seçiləcək. Bundan sonra anlaşmalardan imtina etmədən məğlubiyyətin bütün günahı Nikol Paşinyanın üzərinə qoyulacaq. Ancaq mümkündür ki, Paşinyan hakimiyyətdə qalsın və sələflərini günahlandırmağa davam etsin. İstənilən halda, yeni bir Ermənistanın inşasına başlanmalıdır”.

Azərbaycan regionun inkişafının əsas təminatçısıdır

Birmənalı həqiqətdir ki, bu gün Cənubi Qafqazın inkişafında əsas rol Azərbaycana məxsusdur. Bu reallıq qarşıdakı müddətdə də dəyişməyəcək. Qeyd edilən səpkidə reallıq ondan ibarətdir ki, Bakının istədiyi kimi regionda kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və regionun digər dövlətlərinin maraqlarına cavab verir. Beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək. Bütün bunlar onun da təsdiqidir ki, Azərbaycan regionun gələcək inkişafının təminatçısıdır. İndi Ermənistanın da bunu qəbul edib addımlarını ona görə atması mütləqdir. Rusiyalı politoloq Oleq Kuznetsov bu fonda qeyd edir ki, əslində, Azərbaycan Cənubi Qafqaz regionunda nəqliyyat-iqtisadi əlaqələrin açılması üzərində artıq bu gün “qrafikdən öndə” çalışır: “Amma Ermənistanın qabiliyyəti, ən başlıcası isə bu ölkənin dünyaya açılmaq istəyinin olması məndə hələ ki, şübhə doğurur. Sənədi imzalamaq bir şeydir, onu əməli surətdə həyata keçirmək tamamilə başqa işdir. Bu isə iki əsas fərqdir. Şübhə etmirəm ki, baş nazir Paşinyan üçtərəfli hökumətlərarası komissiyanın tərkibinə Ermənistan tərəfindən daxil olan insanları tapacaq. Amma bu o demək deyil ki, Ermənistanın bu təşəbbüslərin reallaşdırılması üçün pulu olacaq, xüsusilə Rusiyanın bu yaxınlarda İrəvanın üzərinə 1 milyard 150 milyon dollar həcmində silah krediti qoymasından sonra. Ermənistan bu gün boğaza qədər borc içindədir. Odur ki, onun Cənubi Qafqazın iqtisadi həyatına reinteqrasiyası ilə bağlı xərclərini, çox güman ki, yenə də Rusiya maliyyələşdirəcək. Rəsmi Bakı isə Laçın dəhlizinin yeni marşrutunun maliyyələşdirilməsi məsələsini noyabrın 10-da əldə edilmiş razılaşmaya əsasən öz üzərinə götürüb. Zəngəzur dəhlizi boyunca da eyni vəziyyət olacaq”. Beləliklə, real vəziyyət Ermənistanın manevr imkanlarının çox az olduğunu və bu ölkənin Azərbaycanla razılaşmaqdan başqa çıxış yolunun olmadığını bir daha əyani şəkildə göstərir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.