Bakının real iqtisadi siyasəti İrəvanı Tehran üçün tam arxa plana atdı, Ermənistan şokda…

19 Yanvar 2021 13:20 (UTC+04:00)

Vətən müharibəsinin gedişində tarixi qələbəyə imza atan Azərbaycan bunun üçün əvvəlcədən etibarlı zəmin hazırlaya bildi. Bura ordu quruculuğundan tutmuş regionda müvafiq geosiyasi, geoiqtisadi zəminin yaradılmasına kimi genişmiqyaslı işlər aid edilir. Məhz bunun nəticəsidir ki, dünya Azərbaycanın Qarabağ qələbəsini qəbul ediərək, bu istiqamətdə onun bütün fəaliyyətinə dəstək verir. Eyni zamanda, Azərbaycanla işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində birgə işləmək istəyən ölkələrin sayının getdikcə artması da ölkəmizin maraqları baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edilən səpkidə Azərbaycan üçün vacib məqamlardan biri İranla əlaqələrin inkişafıdır. Bir vaxtlar İran Ermənistanla sıx əməkdaşlıq edirdisə, hazırda Azərbaycanın həyata keçirdiyi siyasət, qurduğu əlaqələr Tehran üçün İrəvanı arxa plana atıb. Bunu Ermənistanda da açıq etiraf edirlər. Məsələn, erməni iranşünas ekspert Emma Beqicanyan vurğulayır ki, Ermənistan İran istiqamətində sadəcə heç nə etmir: “Mən həmişə demişəm ki, indiyə qədər imzalanmış bütün razılaşmaları həyata keçirmək üçün Azərbaycan özü təşəbbüskar olub, hətta İran sektorunun dəmir yolu halında Azərbaycan 500 milyon sərmayə qoyub”. Beqicanyan bildirib ki, indi, göründüyü kimi, İran Azərbaycanla münasibətləri dərinləşdirməkdə maraqlıdır: “Ermənistan heç nə etmir, heç vaxt İranda adekvat səfirimiz olmayıb”.

Xatırladaq ki, Azərbaycan həqiqətən İranla burlikdə vacib geoiqtisadi layihələr həyata keçirir. Bu fonda başa çatmaq üzrə olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi hər iki ölkəyə artıq  yeni imkanlar yaradır. Qeyd edək ki, artıq Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin çəkilişi nəticəsində Rusiya ilə İran arasında ölkəmiz üzərindən dəmir yolu vasitəsilə nəqliyyat əlaqəsi yaranıb. Bu yol Qəzvin-Rəşt-Astara dəmir yolunun davamıdır. Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) yolu tam hazır olduqdan sonra isə Azərbaycanın, eləcə də Rusiyanın Hindistan və Fars körfəzi ölkələri ilə də əlaqələri yaranacaq. Qeyd edək ki, dəmir yolu “Şimal-Cənub” dəhlizinin yalnız bir seqmentidir. Bu marşrut ona görə dəhliz adlanır ki, bura dəmir yolları ilə yanaşı, avtomobil və dəniz yolları da daxildir. Hər üç seqmentin işə düşməsi Azərbaycan üçün faydalıdır, çünki ölkəmiz bu yolların üzərindədir. Yəni dəhlizə daxil olan avtomobil, dəniz və dəmir yolları Azərbaycandan keçir. Bakı Beynəlxalq Ticarət Limanının tikilib istifadəyə verilməsi, Ələt-Astara avtomobil yolunun salınması və Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin inşasına nail olması isə ölkəmizə əlavə üstünlüklər qazandırır. Bunun nəticəsidir ki, Azərbaycan yalnız dəmir yolu vasitəsilə daşınan tranzitdən deyil, həmçinin avtomobil və dəniz yolları ilə daşınan yüklərdən də tranzit gəlirlər əldə edir.

Dəhlizin yükaşırma qabiliyyətinə və həcminə gəldikdə, xatırladaq ki, marşrut üzrə ildə 10 milyon ton yük daşına bilər. Azərbaycan üçün “Şimal-Cənub” dəhlizinin tam formalaşması digər səbəblərə görə də olduqca əhəmiyyətlidir. Birincisi, dəhliz tam işə düşdükdən sonra Azərbaycan Fars Körfəzi ölkələri ilə yanaşı, Hind okeanı hövzəsindəki dövlətlərlə də iqtisadi və ticarət əlaqələrinə malik olacaq. Avropa bazarları da “Şimal-Cənub” vasitəsilə Azərbaycanın üzünə açılacaq. Bir vaxtlar Ermənistan da İranla bənzər layihələr həyata keçirməyə çalışıb. Lakin ölkənin maliyyə durumu buna imkan verməyib. Hələ 2008-ci ildə Ermənistanın o dövrdəki prezidenti Serj Sarkisyan bəyan etmişdi ki, iki ölkə arasında dəmir yolunun inşası elə həmin ildə başlayacaq. Lakin ötən 13 ildə bu istiqamətdə heç bir iş görülmədi. İran-Ermənistan dəmir yolunun çəkilişi iqtisadi baxımdan da əlverişli deyil. Ermənistanın ixrac potensialı sıfır səviyyəsindədir. Bu ölkə İran malları üçün bazar olsa da, böyük və gəlirli bazar hesab edilə bilməz. Ermənistan iqtisadiyyatı bərbad vəziyyətdədir, əhalinin alıcılıq qabiliyyəti həddən artıq aşağıdır. Digər tərəfdən, bu ölkədəki strateji sahələr başqa dövlətlərin əlindədir. Ermənistanla İran arasında magistral avtomobil yolunun çəkilməsi də məqsədəuyğun sayılmır və iqtisadi cəhətdən səmərəli deyil. Amma Azərbaycanla İran arasında vəziyyət tamam fərqlidir, dəmir yolları, avtomobil yolları çəkilir, digər kommunikasiya vasitələri həyata keçirilir. Azərbaycanın geniş infrastruktura malik olması və rəsmi Bakı ilə Tehran arasında əlaqələrin yüksələn xətlə inkişafı iki dost dövlətin daha sıx əməkdaşlığını zərurətə çevirir. Bu əməkdaşlığı şərtləndirən əsas amil həm də ondan ibarətdir ki, Azərbaycan rəsmi Tehrana neft və qazını Avropaya ixrac etməsi üçün öz infrastrukturundan istifadəni təklif edir. Bunlar fonunda o da qeyd edilməlidir ki, əslində İranla Ermənistanın iqtisadi əlaqələrinin zəifliyi obyektiv xarakter daşıyır. Yəni Tehran bu əlaqələri bilərəkdən zəif səviyyədə saxlamır. Sadəcə olaraq, geniş iqtisadi əməkdaşlıq üçün Ermənistanın potensialı yoxdur. Digər tərəfdən, bu dövlətin müstəqil siyasət apara bilməməsi qonşuları ilə əlaqələrinin inkişafına mane olur. Azərbaycan-İran iqtisadi əməkdaşlığının genişliyi, intensivliyi və tərəflər üçün səmərəli olması da obyektiv xarakter daşıyır. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan böyük iqtisadi potensiala malikdir.

Ramil QULİYEV