Beynəlxalq araşdırmaçılar Azərbaycanı hansı kriteriyalarla xoşbəxt ölkələr sırasına saldı...

15 Yanvar 2021 15:47 (UTC+04:00)

Azərbaycan ən xoşbəxt ölkələr siyahısına daxil olub. Bu nəticə Demokratik Təşəbbüslər Fondu və Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, ən xoşbəxt insanlar Qırğızıstan (85%), Qazaxıstan (76%), Ekvador (77%), Kolumbiyada (77%) yaşayırlar. Azərbaycan siyahıda ilk beşlikdə (76%) qərarlaşıb.

 

Qeyd edək ki, ən bədbəxt ölkələr siyahısında isə Ukrayna, Ermənistan, Honkonq, Qana və Şimali Makedoniya yer alıb.

Maraqlıdır, xoşbəxt ölkə hansı kriteriyalar əsasında müəyyənləşir?

Kompaniya öz siyahısını tərtib edərkən ölkələr üçün əmin-amanlıq, təminatlı əhali, onların sosial-hüquqi müdafiəsi, yaxınları ilə münasibəti, həyatı dərk etmələri, fiziki sağlamlıq kimi indeksləri əsas götürüb. Mütəxəssislər qeyd edirlər ki, uğursuz ölkələrin siyahısına çox vaxt silahlı münaqişələrə cəlb olunmuş ölkələr daxil olurlar. Eyni zamanda, xoşbəxtlik səviyyəsi xüsusilə mentalitetə nüfuz edir.

Sosioloq Aytəkin Kamranqızı qeyd etdi ki, insanın xoşbəxt olması üçün təkcə pulun olması bəs deyil: “Elə ölkələr var ki, aylıq gəliri çox yüksəkdir, amma onun vətəndaşları heç də xoşbəxt deyillər. Amma azgəlirli elə ölkələr də var ki, insanları özlərini daha xoşbəxt sayırlar. Varlı olmaq xoşbəxt olmaq demək deyil. Ümumiyyətlə, dünyada xoşbəxtliyi müəyyənləşdirmək üçün konkret metodologiyadan istifadə olunur. Belə ki, həmin metodologiya əsasında ölkələrin və orada yaşayan insanların xoşbəxt olub-olmamasını müəyyənləşdirməyə çalışırlar. BMT tərəfindən dəstəklənən dünyanın xoşbəxt ölkələri ilə bağlı indeksi hesablayan zaman bu metodologiyadan istifadə olunur. Bunun üçün müxtəlif metodlardan istifadə etməyə də çalışırlar. Məsələn, vətəndaşlar arasında sorğular keçirir, eyni zamanda, BMT-nin İnkişaf Proqramının insan inkişafının hesabatına uyğun olaraq ölkədə uzunömurlülük göstəricisi, təhsil və səhiyyə sistemi nəzərə alınır. Həmçinin, bu indeks hesablanan zaman ekoloji mühit də əsas götürülür. Göründüyü kimi, konkret metodologiyadan istifadə olunsa belə, bu üsullar çox sadədir. Uzunömürlülük müddətinin müəyyənləşdirilməsi, həmçinin, səhiyyənin inkişafını müəyyənləşdirmək üçün istifadə olunan indikator və təbii ki, ekoloji mühit götürülür”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, xoşbəxtliyi müəyyənləşdirən zaman ölkədə adambaşına düşən ÜDM və digər makroiqtisadi göstəricilərdən istifadə olunmur. Yəni ölkə varlı ola bilər, amma vətəndaşı xoşbəxt olmaya bilər və ya əksinə: “Azərbaycan xoşbəxt ölkələr sırasında yer alıb. Sosial və iqtisadi indikatorlar nəzərə alınsa, ölkəmizdəki mövcud indikatorlar Azərbaycanın xoşbəxt ölkələr siyahısına daxil olmasına imkan verir. Bu, sadəcə, metodologiya ilə bağlı məsələdir. Çünki Azərbaycan, praktik olaraq, həm iqtisadi, həm sosial, həm də əhalinin münasibəti və ictimai rəy baxımından xoşbəxt ölkələr siyahısına düşməyə layiqdir”.

Günel CƏLİLOVA