Məşhur Şuşa əməliyyatı hərbi taktika dərsliklərində...

5 Dekabr 2020 16:28 (UTC+04:00)

Şuşanın düşmən işğalından azad edilməsi həm möhtəşəm tarixi qələbəmizdir, həm də dünyanı heyrətə salan beynəlxalq əhəmiyyətli bir hadisədir. Müdafiə Nazirliyindən bildirilib ki, Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək.

Müdafiə Nazirliyinin yaydığı məlumatda “Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliyin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olub” - deyə bildirilir.

Tanınmış hərbi ekspert İbrahim Rüstəmli baki-xeber.com-a bildirdi ki, Şuşanın azad olunması taktikası bütün dünya üçün böyük maraq kəsb edir və bu əməliyyatı dünyanın müxtəlif dövlətləri öyrənməyə başlayıblar. İ.Rüstəmli hesab edir ki, Şuşanın işğaldan azad edilməsi əməliyyatı düşməni şoka, dünyanı isə heyrətə salıb. Şuşa şəhərinin azad edilməsi əməliyyatının dünyanın hərb tarixinin ən parlaq səhifələrindən biri olduğunu deyən ekspert hesab edir ki, hələ indən sonra uzun illər bu əməliyyat öyrəniləcək, onunla bağlı böyük tədqiqat əsərləri yazılacaq, döyüş praktikasında tətbiq ediləcək. “Ümumiyyətlə, 44 günlük Vətən müharibəsinin nəinki hər günü, hətta hər saatı, hər dəqiqəsi Azərbaycanın hərb tarixi üçün böyük önəm daşıyır və öyrənilməlidir. Unikal bir əməliyyat nəticəsində Şuşanın  alınması çağdaş hərb tarixi üçün tamamilə yeni bir taktika idi. Xarakter etibarilə 44 günlük müharibənin hər anı, hər saatı peşəkarlıq baxımından müəyyən məqamlarla yadda qalır. Ümumiyyətlə, hərb tarixində bütün uğurlu əməliyyatların arxasında bir neçə qızıl qayda dayanır. Birincisi, son dərəcə məxfilik. Hər hansı bir döyüş əməliyyatının uğurla həyata keçirilməsində məxfilik çox önəmlidir. İkincisi, qəfillik döyüş əməliyyatının taleyini həll edən çox mühüm elementlərdən biri sayılır. Üçüncüsü, mobillik. Azərbaycanın hərbi birləşmələrinin, xüsusən də ordumuzun döyüş əməliyyatlarında iştirak edən kiçik bir seqmentinin mobil hərəkəti. Qruplar arasında ciddi və məxfi rabitə sisteminin olması, yəni qarşılıqlı əlaqə (Təəssüf ki, biz Birinci Qarabağ savaşında bu cəhətlərin heç birini görə bilmədik - İ.R.). Yəni bütün bu saydıqlarım Şuşanın və digər ərazilərimizin işğaldan azad edilməsində mühüm rol oynadı. Düşmənin birinci cəbhə xəttinin yarılması, ilk növbədə, Füzulidən başladı. Düşmən Füzulidə çox böyük istehkamlar qurmuşdu. Şuşada baş verənlər isə başqa bir hadisə idi. Ordumuzun bu unikal əməliyyatı indiyə qədər də düşməni şokda saxlayır, düşmən “Şuşada nə baş verdi” deyir. Çünki ayrı-ayrı hərbi qruplarımız, xüsusən də xüsusi təyinatlılarımız çox böyük iradə, hünərlə Şuşaya daxil oldular və onlar gözə görünmədən görürdülər və ölmədən öldürürdülər. Yəni əsgərlərimizin, xüsusi təyinatlılarımızın kiçik qruplar şəklində Şuşaya sızması, həmçinin də Şuşanın içindəki işğalçı erməni ordusunun içinə sızması döyüşün taleyində mühüm rol oynadı. Belə ki, ermənilər o qədər şok vəziyyətində idilər ki, hətta özləri özlərinin gözünə, hətta daşlar, ağaclar da onlara Azərbaycan əsgəri, xüsusi təyinatlısı kimi görünürdü. Ordumuz erməniləri elə vəziyyətə saldı ki, onlar həm mənəvi-psixoloji, həm də bütün mənalarda məhv oldular. Azərbaycan Ordusunun Şuşada həyata keçirdiyi azadetmə əməliyyatı hələ uzun illər dünyanın marağında olacaq, onları heyrətdə saxlamaqda davam edəcək. Əlbəttə, Şuşa əməliyyatı nəinki Azərbaycanın, eləcə də dünyanın hərb tarixində mühüm yer tutur. Ümumiyyətlə, 44 günlük müharibə yalnız Azərbaycanın, Cənubi Qafqazın deyil, müasir dünyanın hazırkı hərb sisteminin ən unikal örnəyi kimi dünyada öyrənilir, müxtəlif hərbi institutlarda tədqiq edilir, təbliğ olunur, öyrədilir”.

İ.Rüstəmli bildirdi ki, ABŞ, İran, Rusiya, İspaniya, Xorvatiya kimi ölkələr Azərbaycanın 44 günlük müharibədə nümayiş etdirdiyi taktikanı strateji, hərbi və başqa istiqamətlərdə öyrənirlər: “Bu döyüş əməliyyatlarında öyrəniləsi çox taktika var. Bizim apardığımız 44 günlük müharibə müasir hərbin bütün üstünlüklərini özündə ehtiva edib və eyni zamanda, müasir hərbi silahların birbaşa döyüş meydanında tətbiqi həyata keçirildi. Bu tətbiq zamanı əldə edilən nəticələri üzə çıxarıb” - deyə İ.Rüstəmli vurğuladı.

İradə SARIYEVA