İlham Əliyev BMT-nin xüsusi sessiyasında dünyanın COVID-ə qədərki ən kəskin problemlərini də aktuallaşdırdı - inkişaf etmiş ölkələrin qeyri-səmimiliyi...

4 Dekabr 2020 17:26 (UTC+04:00)

Məlum olduğu kimi, BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib.

Prezident İlham Əliyev sessiyada çıxış edərək bir sıra məqamlara toxunub. Ölkə başçısı çıxışında dünyanın hələ COVID-19-a qədərki bir neçə ağır probleminin olmasına toxunaraq, sözügedən məsələləri aktuallaşdırıb. O, çıxışında Ermənistanın təcavüzkarlıq siyasətinə toxunaraq, torpaqların işğaldan azad ediməsi barədə bir sıra məqamlara aydınlıq gətirib: “Azərbaycan Ordusu bunun layiqli cavabını vermiş, ölkə vətəndaşlarını və ərazisini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı başlamış və işğal olunmuş ərazilərin böyük bir hissəsini azad etmişdir. Hərbi əməliyyatlar zamanı qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur etmişdir. Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması nəticəsində Azərbaycanın işğal altında olan digər əraziləri də azad edilmişdir. O vaxtdan etibarən, təqribən bir aydır ki, atəşkəsə əməl olunur. Atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzi vasitəsilə Türkiyə və Rusiya atəşkəsin təmin edilməsi işində vacib rol oynayır. Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilmişdir. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar dövlət sülhə məcbur edilmişdir”.

Bununla belə, ölkə başçısı 2019-cu ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci sessiyasını xatırladıb. Bütövlükdə, bir sıra köhnə problemlər, həqiqətən, bu gün dünya üçün çox ciddi məsələlər sayılır.

Ümumilikdə, Prezident İlham Əliyevin bu xatırlatmaları dünyada hansı proseslərə təkan verə bilər?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Prezident İlham Əliyevin qaldırdığı məsələlər beynəlxalq hüquqdan irəli gələn məsələlərə bütün ölkələrin əməl etməsinin vacibliyini gündəmə gətirdi: “Məsələ ondadır ki, indiyə qədər mövcud olan bir sıra problemlərin kökündə beynəlxalq hüququn işləməməsi dayanır. Beynəlxalq hüquq işləsəydi, o zaman pandemiyadan əvvəl bir sıra problemlər yaranmazdı. Bunların yaranmasının başlıca səbəblərindən biri böyük dövlətlərin geosiyasi maraqları və beynəlxalq hüquqa laqeyd yanaşmalarıdır. Bunun nəticəsi idi ki, dünyanın bir sıra yerlərində separatizm ocaqları genişləndi, yeni-yeni münaqişə bölgələri yarandı. BMT-nin Qarabağla bağlı qəbul etdiyi qətnamələri beynəlxalq birlik yox, Azərbaycan Ordusu icra etdi. Vaxtında təcavüzkar Ermənistan cilovlansaydı, hər şey başqa cür olardı. İnkişaf etmiş aparıcı dövlətlərin qeyri-səmimiliyi vəziyyəti bu dərəcədə dramatikləşdirdi. Dünyada gəlirlərin qeyri-bərabər bölünməsi, ölkələr arasında mövcud olan kəskin iqtisadi disbalans yoxsulluğun genişlənməsinə, miqrasiya, ekologiya və digər problemlərə səbəb olur. Daha konkret desək, dünyada sözügedən problemlər dərinləşir. Ona görə də ölkə başçısının toxunduğu məsələlər beynəlxalq hüquqa əməl etməyin vacibliyini gündəmə gətirdi”.

Partiya funksionerinin fikrincə, yaşadığımız bu çətin dünyada sözügedən məsələlərə əməl olunması vacib əhəmiyyət kəsb edir.

Vidadi ORDAHALLI