Diasporumuzun qarşısında postmüharibə dövrünün yeni vəzifələri - güclü lobbiçi qüvvəyə çevrilmək zərurəti...

4 Dekabr 2020 15:33 (UTC+04:00)

Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonrakı proseslərin gərgin olacağı proqnozlaşdırılırdı. Görünən budur ki, müharibənin döyüş meydanında bitməsilə bizim ermənilərlə mübarizəmizi tam qurtarmış saymaq olmaz. Artıq bu mübarizənin var gücü ilə diplomatiya və informasiya sahəsində davam etdiyinin şahidiyik. Döyüşdə uduzan Ermənistan özünün dünyadakı diaspor və lobbi təşkilatlarının dəstəyilə olmayan saxta bir qurumun tanıdılması istiqamətində fəaliyyətə keçib. Təəssüflə qeyd etməliyik ki, artıq bu istiqamətdə onlara dəstək verən ölkələr də tapılır. Bizə qarşı ilk belə xəyanəti Fransa etdi. Fransa Milli Assambleyasının 188 üzvü cəmi 3 nəfərin əleyhinə olması ilə  qondarma "Arsaxı" tanımağa çağıran daha bir bədnam sənəd qəbul etdi. Bir həftə əvvəl isə  Fransa Senatı 305 səslə belə bir sənəd qəbul etmişdi.

Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa Milli Assambleyası tərəfindən qəbul edilən qətnaməyə münasibət bildirib. “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsi Fransa Parlamentinin növbəti tamamilə əsassız, qeyri-dost və təxribatçı fəaliyyəti adlandırılan sənəddə bildirilib ki, Senatın ardınca Aşağı Palatanın qərəzli qətnamə qəbul etməsi Azərbaycana qarşı aparılan davamlı kampaniyadan xəbər verir: “Qətnamənin adından da göründüyü kimi, reallıqla heç bir əlaqəsi olmayan, məsələyə dini çalarlar qatmaq istəyən Milli Assambleya üzvləri ermənipərəst mövqelərini süni əsaslandırma ilə təqdim etməyə çalışır. Azərbaycan müxtəlif dini etiqad və etnik mənsubiyyətə malik insanların harmoniya və sülh şəraitində bir ailə kimi yaşadığı çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Biz Ermənistan-Azərbaycan münaqişəsini dinlərarası və sivilizasiyalarası toqquşma kimi qələmə vermək cəhdlərini rədd edir, sülh və təhlükəsizlik üçün ciddi təhdid olan bu cür yanaşmanı qətiyyətlə pisləyirik. Bu qətnamənin hüquqi qüvvəsi yoxdur. Lakin Senatın halında olduğu kimi, Milli Assambleyanın sənədinin siyasi mənasını nəzərə alaraq, bu kökündən yalnış qətnamələrin beynəlxalq hüququnun norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələri, eləcə də Azərbaycan ilə Fransa arasında mövcud olan ikitərəfli sənədlər ilə ziddiyyət təşkil etdiyini vurğulamaq istərdik. Fransa qanunverici orqanının bu addımı ölkənin vasitəçi mandatına ciddi zərbə vurur, eləcə də ikitərəfli münasibətlərə kölgə salır. Onu da vurğulamaq lazımdır ki, Fransa Milli Assambleyası bu günədək etnik təmizləməyə məruz qalan və fundamental insan hüquqları pozulan bir milyon azərbaycanlı haqqında bir dəfə də olsun dinləmə keçirməyib və hər hansı qətnamə qəbul etməyib. Bu isə Fransa qanunverici orqanının tam qərəzli mövqe tutduğunu açıq şəkildə nümayiş etdirir. Milli Assambleya tərəfindən Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatının müddəaları ilə tam ziddiyyət təşkil edən yanaşmanın sərgilənməsi həm bölgədə həm də qlobal səviyyədə sülh və təhlükəsizliyin təmin edilməsi səylərinə ciddi xələl gətirir. Qeyd etmək istərdik ki, Milli Assambleyanın əsassız və qərəzli qətnamə qəbul etməsi ilə bağlı Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq və Azərbaycan tərəfinin qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılacaq".

Belçika parlamentindəki erməni cəhdi iflasda...

Fransanın ardınca Belçika parlamentində də belə bir cəhd edilib. Belçika Federal Parlamentinin Xarici Əlaqələr Komitəsinin 2 dekabrda keçirilən iclasında erməni diasporu və ermənipərəst qüvvələrin anti-Azərbaycan səyləri puç olub. Bu barədə Azərbaycanın Belçikadakı səfirliyindən bildirilib. Qeyd olunub ki, ermənipərəst deputatların gündəmə gətirdiyi sabiq işğalçı rejimin tanınması, onunla “diplomatik əlaqələrin” qurulması və Azərbaycana qarşı sanksiyaların tətbiqi, Türkiyənin Aİ üzvlüyünə dair danışıqların dərhal dayandırılması və digər cəfəng çağırışları əks etdirən bütün təkliflər səsvermədə qəti şəkildə rədd edilib: "Belçika Federal Parlamentinin Xarici Əlaqələr Komitəsi parlament çoxluğunun əsasən regionda gələcək barışığa və sülhə yönəlik ismarıcları olan qətnamə layihəsini təsdiq edib. Qətnamə layihəsinin yekun mətninin gələcək plenar iclasların birində səsverməyə qoyulması gözlənilir".

 Diaspordan lobbiçiliyə  keçidin əhəmiyyəti

Azərbaycanın rayonlarının işğaldan azad edilməsindən sonra Senatın, ardınca isə Milli Assambleyanın məlum sənədləri qəbul etməsinin təsir gücünün olmayacağı hamıya bəllidir. Ancaq görünən budur ki, ermənilər bu istiqamətdə fəaliyyətə start veriblər. Türkiyəni şərləyən qondarma  “soyqırım” iddialarının parlamentlərə təqdim olunması, onların müzakirəsi və qərarların qəbul edilməsi ilə bağlı kifayət qədər təcrübə toplayan erməni diasporu həmin təcrübədən bu istiqamətdə yararlanmağa çalışır. Hiss olunur ki, erməni diasporunun güclü olduğu ölkələrdə belə addımları onlar daha asanlıqla ata bilirlər. Çünki uzun illərdi ki, onların parlamentlərə təsir etmək gücündə olan lobbi qrupları  formalaşıb. Bəllidir ki, Azərbaycan diasporu 44 günlük müharibə  və ondan sonrakı dönəmdə daima dövlətimizin yanında oldu, öz dəstəyini əsirgəmədi. Ancaq bununla kifayətlənmək olmaz. Ermənilərin Fransada əldə etdikləri “nəticələri” presedentə çevirmək cəhdləri olacaq. Təbiidir ki, bunu öz lobbilərinin əli ilə edəcəklər. Məhz buna görə də, Azərbaycan diasporunun lobbiçiliyə keçidi, təmsil olunduqları ölkələrin parlamentlərinə təsiretmə gücü halına gəlməsinə ciddi ehtiyac var.  Diaspordan güclü lobbiçiliyə keçidi biz hansı əsaslarla təmin edə bilərik?

Lobbiçilik nədir və necə qurulmalıdır...

Lobbiçilik ifadəsi İngiltərə parlamentində palataların iclaslarından əvvəl və sonra parlament üzvlərinin parlament binasının lobisində (foyesində) ənənəvi olaraq toplanması və burada bəzi məsələlər barədə müzakirələr aparmasından ortaya çıxıb. İngilis dilinin izahlı luğətində lobbiçiliyin  lüğəti mənası hökumət qərarlarına təsir etmək məqsədi ilə planlanan və həyata keçirilən fəaliyyət kimi izah edilir. Yəni lobbiçilik bir qrupun  hökumətin qərarlarına təsir etmək məqsədi ilə planlanan və bu məqsədlə vətəndaş ilə qərarverici arasında ünsiyyət vasitəsidir. Bir çox inkişaf etmiş ölkələrdə lobbiçilik qanunla müəyyənləşdirilmiş ölçülər çərçivəsində fəaliyyət göstərir. Lobbiçilik növlərinə görə iki yerə bölunur. 1) Birbaşa lobbiçilik; 2) İctimaiyyət arasında təşviqat aparılaraq qurulan lobbiçilik. Ölkələrdə lobbiçiliklə daha çox xüsusi maraqlı qruplar və etnik diaspora təşkilatları məşğul olur. Etnik diaspora təşkilatları ya özləri birbaşa olaraq bu işlə məşğul olur, ya da ixtisaslaşdırılmış lobbi şirkətləri vasitəsilə öz fəaliyyətlərini həyata keçirirlər. Özəl lobbi şirkətləri çox bahalı olduğu üçün, adətən etnik biznes təşkilatları bu işi özləri həyata keçirmyə üstünlük verirlər. Lobbilər öz məqsədlərinə çatmaq üçün bir çox üsuldan istifadə edirlər. Bu üsullardan üz-üzə göruşmə, parlament komitələrinin iclaslarında iştirak etmə, məktub göndərmə, ictimaiyyətlə əlaqələr (PR) kompaniyalarının keçirilməsi, lobbilərarası əməkdaşlıq və koalisiyalann qurulması, namizədin seçki kompaniyasına pul yardımı göstərilməsi və.s. daxildir. Təcrübə göstərir ki, maraqlar üst-üstə düşdüyü zaman zəif lobbilər güclü lobbilərin imkanlarından geniş istifadə edir. Erməni lobbisinin bir çox hallarda yunan lobbisinin imkanlarından istifadə etdiyi məlumdur. Son dövrlərdə Azərbaycan diasporu da dirçəliş dövrünü yaşamaqdadır. Bir çox ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları artıq lobbiçilik fəaliyyətləri ilə də məşğul olurlar. Hazırda Birləşmiş Ştatlar Konqresində fəaliyyət göstərən Azərbaycan dostluq qrupuna artıq 50-yə  konqresmen daxildir. Adıçəkilən fəaliyyətlər ölkə xaricində Azərbaycanın dövlət və milli maraqlarına xidmət edən qərarların qəbul edilməsində Azərbaycan diaspora təşkilatlarının daha müvəffəq olacaqlarına ümid yaradır.

“Biz ölkələrin parlamentləri ilə işimizi daha da təkmilləşdirməliyik”

Azərbaycan - Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, diasporla lobbiçilik  bir-birindən fərqli olan anlayışlardı: “Xroniki olaraq bir-birinə yaxın olsalar da, diaspor fəaliyyəti daha çox bizim xaricdəki soydaşlarımıza yönəlik  fəaliyyətdir. Biz bunun daxilinə lobbiçiliyi də əlavə edə bilərik. Artıq 30 ildir ki, Azərbaycanın diaspor təşkilatları hər iki istiqamət üzrə fəaliyyət göstərir. Lobbiçiliyə doğrudan da  ciddi ehtiyac var. Bizimlə düşmənçilik aparan erməni diasporu uzun illərdi ki, lobbiçilik fəaliyyətinə keçib. Onlar bütün dünyadakı beynəlxalq təşkilatlar, diplomatik korpuslar və parlamentarilərlə birbaşa əlaqəyə keçirlər.  Erməni diasporası isə ermənilərin xaricdə vahid platforma ətrafında birləşməsi ilə məşğul olur. Sizin dediyiniz işlərlə daha çox lobbi təşkilatları məşğul olur və  ermənilərin maraqlarının təmin olunması istiqamətində kifayət qədər maliyyə xərcləyirlər. Biz diaspor fəaliyyətində ciddi uğurlar əldə etsək də, lobbiçilikdə etməli olduğumuz işlər çoxdur. Biz lobbiçiliyi sırf diaspor təşkilatlarımızın üzərinə də yükləməməliyik. Çünki lobbiçilik konkret bir ixtisasdır. Bununla yalnız bizim kimi müharibə şəraitində olan ölkələr deyil, belə problemi olmayan dövlətlər də məşğul olur. Bu işdə diplomatik missiyalarımız ciddi fəaliyyət göstərməlidir. Yəni onların dəstəyi və koordinasiyası mütləq mənada olmalıdır. Bu sahəyə ciddi maliyyə və təşkilati dəstək olmalıdır. Hazırda ermənilər Avropa ölkələrində “DQR”in tanınması istiqamətində ciddi fəaliyyətə girişiblər. Nə qədər üzücü olsa da, artıq müəyyən nəticənin əldə olunmasına da nail olurlar. Bizim diplomatik korpuslarımız, parlamentimizi təmsil edən dostluq qruplarının bu istiqamətdə fəaliyyəti daha məhsuldar olmalıdır. Lobbiçiliyin əsasını onlar qoymalıdır. Bu işə yenidən baxılmalıdır. Parlamentlərdə qəbul edilən qərarlar həmin ölkələrin ermənipərəst mahiyyətindən xəbər versə də, səsvermənin nəticəsində biz lobbi işimizin zəif olduğunu görə bilərik. Fransada qəbul edilən qərarlar bizi ayıtmalıdır. Onun təsir gücü olmasa da, biz ölkələrin parlamentləri ilə işimizi daha da təkmilləşdirməliyik. Çünki bu məsələ Fransa ilə bitənə oxşamır. Gələcəkdə ermənilər “DQR”in tanınması istiqamətində başqa parlamentlərlə də işləyəcəklər”.

“İstər parmetlərarası dostluq qruplarımız, istərsə də səfirlikırimiz...” 

Diaspor fəalının sözlərinə görə, istər parlamentlərarası dostluq qruplarımız, istərsə də səfirliklərimiz ölkələrin parlamentləri ilə ciddi işləməlidirlər ki, biz ermənilərin mənfur cəhdlərinin qarşısını ala bilək: “Dövlətimiz bu sahəyə kifayət qədər maliyyə ayırır. Lobbiçilik sahəsinə ciddi diqqət ayırmalıyıq ki, ciddi nəticələr əldə edə bilək. Prezident bizə buna çatmağın hədəflərini dəqiq göstərib. Hərə öz üzərinə düşən vəzifəni icra etsə, problem yaşamarıq”.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.