Azərbaycandakı baş ravvin dünyanın bəzi qərəzli xristian təəssübkeşlərinə dərs keçdi…

1 Dekabr 2020 18:20 (UTC+04:00)

Azərbaycanın öz torpaqlarını təcavüzkar Ermənistanın işğalından azad etməsi bəzi xristian dövlətlərinin “yuxusuna haram qatıb”. Bu ölkələrin rəsmiləri Azərbaycana qarşı qərəzli yanaşmalarından əl çəkmək istəmirlər. Qarabağdakı xristian abidələrinin “qeydinə qalan” bu qərəzli şəxslər o abidələrin “təhlükədə olması” ilə bağlı əsassız iddialar səsləndirirlər.  

 

Azərbaycanın baş ravvini Shneor Segal İsveçrənin aparıcı informasiya resursunda fransız dilində dərc edilən “Azərbaycanda xristian mədəni soyqırımı qorxusu əsassızdır” məqaləsində bəzi Qərb dövlətlərinin əsassız iddiaları alt-üst edib.

 

Azərbaycanın baş ravvini Shneor Segalın, yəhudi din rəhbərinin Azərbaycandakı vəziyyətlə bağlı yazdığı bu məqalə dünyada hansı müsbət təsirlər doğuracaq?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev bizimlə söhbətində bildirdi ki, Azərbaycanın baş ravvininin bu ədalətli mövqeyi dünya birliyinə ciddi təsir etmək gücündədir. Azərbaycanda mövcud olan multikulturalizmin, tolerantlığın bütün dünya ölkələrinə bir nümunə olduğunu deyən Q.Hacıyevin sözlərinə görə, ölkəmizdə, ümumiyyətlə, indiyə qədər heç bir dinə mənsub olan mədəni irsə qarşı təhlükə olmayıb. “Azərbaycanın baş ravvini Shneor Segalın xarici mətbuatda dərc edilən “Azərbaycanda xristian mədəni soyqırımı qorxusu əsassızdır” məqaləsini Azərbaycanın haqlı mövqeyinə bir dəstək nümunəsi hesab edirəm. Baş ravvin çox tutarlı və əsaslı şəkildə Azərbaycanda xristian məbədlərinə qarşı heç bir təhlükə olmadığını ifadə edib. Fikrimcə, Azərbaycanın real mənzərəsi, multikultural və tolerant bir dövlət olduğu ifadə edilən bu məqalənin dünyada çox böyük əks-sədası olacaq. Yəhudilər Azəbaycanda əsrlərdir yaşayır və onlar Azərbaycan mühitinə dərindən bələddirlər. Bu baxımdan, bu məqalənin dünyada bir sıra müsbət təsirləri olacağına şübhə etmirəm. Birincisi, bu məqalə Azərbaycanın multikultural, tolerant bir ölkə olduğunu, digər tərəfdən, burada bütün dinlərin, o cümlədən də xristian dininə aid olan məbədlərin mövcud olduğunu və dövlət tərəfindən yüksək səviyyədə qorunduğunu, indiyə qədər heç bir xristian dini məbədinin dağıdılmadığını, əksinə, restavrasiya edilərək yenidən xristianlara qaytarıldığını dünya bir daha dərk edəcək. Əslində, Azərbaycanın baş ravvininin bu məqaləsi Azərbaycana qarşı “Azərbaycanda xristian məbədləri təhlükədədir” oyunu oynayan bəzi xristian dövlətlərinin başçılarına layiqli cavabdır. Eyni zamanda da bütün dünyaya bir mesajdır ki, Azərbaycanda heç bir xristian abidəsinə qarşı bəzilərinin iddia etdiyi kimi təhlükə yoxdur” - deyə bildirən Q.Hacıyev, həmçinin, vurğuladı ki, bu məqalə həm də Ermənistanın Azərbaycana qarşı apardığı çirkin təbliğat kampaniyasına və erməni cinayətlərinə dəstək verən, onlara şərik olan bəzi qərəzli xristian dövlətlərinin liderlərinə layiqli bir cavabdır. “Bu məqaləni yazan Azərbaycanı yaxından tanıyan, buradakı mühitə bələd olan bir yəhudi din xadimi, dini lideridir. Bu məqalədən Ermənistanın cinayətlərinə rəvac verən, onlara şərik olan bəzi qərəzli xristian dövlətlərinin liderləri nəticə çıxarmalıdırlar ki, əsassız olaraq Azərbaycanı qaralayır, ona qarşı şər-böhtan atırlar. Fikrimcə, bu məqalənin fransız dilində nəşr edilməsi çox müsbətdir və bundan Fransa cəmiyyəti də bəhrələnəcək, öz dövlətlərinə, onların dövləti kimi Azərbaycana qarşı qərəzli kampaniya aparan digər xristian dövlətlərinə etirazlarını bildirəcəklər” - deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA